backend

“MÜTLƏQ REFERENDUM KEÇİRİLMƏLİDİR” – Siyavuş Novruzov seçki ehtimalını yenə rədd edir, amma…

“MÜTLƏQ REFERENDUM KEÇİRİLMƏLİDİR” – Siyavuş Novruzov seçki ehtimalını yenə rədd edir, amma…

“Mən bir neçə dəfə bunu demişəm. Parlament seçkiləri ilə bağlı məsələ konstitusiyada yazılıb. Yəni müddəti də, keçirilmə tarixi də əksini tapıb. Konstitusiya isə ali qanundur. Əgər seçki olacaqsa, birinci referendum keçirilməlidir. Yəni konstitusiyada dəyişiklik edilməlidir, məsələ Seçki Məcəlləsinə salınmalıdır, ondan sonra digər addımlar atılmalıdır”.

“AzPolitika.info”nun məlumatına görə, bunları YAP icraçı katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat” qəzetinə müsahibəsində növbədənkənar parlament seçkiləri ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib.
Növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyi haqda söz-söhbətlər bir neçə aydır gündəmdədir. Son günlər belə bir ehtimal haqda daha çox danışılır.

Hakim partiyanın funksionerinin fikrincə, belə şəyiələri deputat olmaq arzusu ilə yaşayanlar yayır. Sitat:
“Kiminsə ürəyində seçilmək arzusu varsa, bir az səbirli olsun. İndi tələsənlər bu məsələni ortaya atır. Amma məsələnin hüquqi əsası budur. Həm də ki, bu ilin dekabrında bələdiyyə seçkiləri keçiriləcək. Bütün bunların hər biri qanunla, konstitusiya ilə əsaslanmalıdır”.

“MÜTLƏQ REFERENDUM KEÇİRİLMƏLİDİR” – Siyavuş Novruzov seçki ehtimalını yenə rədd edir, amma…

Xatırladaq ki, 2018-ci il növbədənkənar prezident seçkilərindən bir neçə ay öncə də S.Novruzov oxşar açıqlama vermiş, prezident seçkisinin irəli çəkilə biləcəyi ehtimalını qətiyyətlə rədd etmişdi. Bu barədə xatırlatmaya S.Novruzov belə münasibət bildirib: “Prezident seçkiləri ilə bağlı dediyim müddəa yox idi. Prezidentin səlahiyyəti var idi ki, istənilən vaxt seçki elan etsin. Amma parlament seçkiləri ilə bağlı müddəa konstitusiyada var. Ona görə də konstitusiyadakı müddəanı ancaq referendum yolu ilə dəyişmək olar. Prezident, bələdiyyə seçkiləri və referendumla bağlı zərurət yarandığı halda prezidentə səlahiyyət verilir ki, növbədənkənar seçkiləri elan etsin. Parlament seçkiləri ilə bağlı müddəa isə konstitusiyada qalıb. Ona görə də gərək ilk növbədə referendum keçirilə, bu müddəa konstitusiyadan çıxarıla və Seçki Məcəlləsinə salına bilər. Əslində parlament seçkilərinin vaxtının təyin olunması və s. konstitusiyada olması düzgün deyil. Bunlar hamısı seçki ilə bağlı olduğundan Seçki Məcəlləsində əksini tapmalıdır. Parlament seçkiləri konstitusiyada qaldığı üçün ilk növbədə gərək referendum keçirilə, bu müddəa konstitusiyadan çıxarılıb Seçki Məcəlləsinə salına. Amma əfsus ki, sonuncu referendumda bu müddəa nəzərdə tutulmadı və parlament seçkiləri konstitusiyada qalıb. Konstitusiya ən ali qanun olduğuna görə onun müddəası hər şeydən üstündür. Bir də növbədənkənar seçki o halda ola bilər ki, parlament öz-özünü buraxsın. Bu, bir hökumətin hesabatı vaxtı, bir də baş nazirin seçilməsi ilə bağlı ola bilər. Biz də baş naziri təsdiqləmişik, işləyir, Allah canını sağ eləsin! Yəni bu məsələlərlə bağlı da problem yoxdur. Vaxtından qabaq parlament seçkilərini keçirmək üçün mütləq referendum keçirilməldir”.

Fikrimizcə, S.Novruzovun belə israrlı açıqlamasına baxmayaraq, növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı ciddidir. Bunun üçün isə heç də, S.Novruzovun dediyi kimi, mütləq referendum keçirilməsinə ehtiyac yoxdur. Əgər Prezident Administrasiyasından tapşırıq gələrsə, parlament heç bir müqavimət göstərmədən, yekdilliklə özünü buraxacaq və beləliklə də növbədənkənar seçkilər təyin olunacaq.

Buna hansı zərurət var, bu artıq başqa məsələdir və fikrimizcə, hakimiyyət belə bir qərar ala bilər. Son ayların müşahidələri belə deməyə əsas verir ki, növbədənkənar parlament seçkiləri məsələsi yuxarı hakimiyyət çevrələrində bir neçə dəfə gündəmə gətirilib və müzakirə olunub. Xüsusən də Ermənistandakı inqilabdan və beynəlxalq müşahidəçilərin yaxşı qiymətləndirdiyi parlament seçkilərindən sonra Azərbaycan hakimiyyəti belə bir ehtiyac hiss edə bilərdi. Lakin belə görünür ki, hələlik qəti qərar verilməyib.

Rasim ƏLİYEV