backend

MUXTAR BABAYEV İCAZƏ VERİB, SALEH MƏMMƏDOV İSƏ BALAKƏNİ EKOLOJİ FƏLAKƏTLƏ ÜZ-ÜZƏ QOYUB?!… ARAŞDIRMA – VİDEOFAKT

MUXTAR BABAYEV İCAZƏ VERİB, SALEH MƏMMƏDOV İSƏ BALAKƏNİ EKOLOJİ FƏLAKƏTLƏ ÜZ-ÜZƏ QOYUB?!… ARAŞDIRMA – VİDEOFAKT

Balakən rayonu ekoloji fəlakətlə üz-üzə qalıb. Acınacaqlı vəziyyəti yaradan isə 15 saylı Yol İstismar İdarəsinin rəisi Rüstəm Paşayevdir. Balakəndən redaksiyamıza ünvanlanan videoçəkilişdə Rüstəm Paşayevin rəhbərlik etdiyi asfalt zavodunun havaya buraxdığı zəhərli tüstü tam aydınlığı ilə diqqəti cəlb edir. Bununla bağlı idarə rəisi ilə əlaqə saxlamağımız bir çox qaranlıq məqamlara aydınlıq gətirdi. Rüstəm Paşayevin sözlərinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi həmin asfalt zavodunun fəaliyyətinə razılıq verib. Ətraf kəndlərdə yaşayan sakinlərin sözlərinə görə bütün gücü ilə 24 saat çalışan asfalt zavodunun havaya buraxdığı zəhərli, qara tüstünün fəsadlarını onlar da hiss etməyə başlayıblar. Göz qabağında olan acınacaqlı mənzərəni Balakən rayonunda fəaliyyət göstərən bütün dövlət qurumları seyr edirlər. Məsələ ilə bağlı Balakən Rayon İcra Hakimiyyətinin birinci müavini Azad müəllimlə əlaqə saxladıq. O bizə məsləhət gördü ki, suallarımızı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ünvanlayaq. Maraqlıdır, Prezident İlham Əliyev ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində islahatları həyata keçirdiyi bir vaxtda, onun yerlərdəki nümayəndələri nədən göz qabağında olan qanunsuzluqlara göz yumurlar? Balakən Rayon İcra Hakimiyyəti onlara ünvanlanan videogörüntünü araşdırıb tədbir görmək əvəzinə bizi başqa istiqamətə yönəltməklə işini bitmiş hesab edir. Sakinlər arasında apardığımız sorğu zamanı onlar qeyd etmişdilər ki, Rüstəm Paşayev Rayon İcra Hakimiyyəti ilə “isti münasibətlər” qurmağı bacarıb. Yəqin buna görə də Balakən Rayon İcra Hakimiyyəti təqdim etdiyimiz faktları araşdırmaq marağında deyil.
Digər maraqlı məqam ondan ibarətdir ki, Yol İstismarı İdarəsinin rəisi açıq formada etiraf edir ki, asfalt zavodunun fəaliyyət göstərməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi icazə verib. Şəxsən nazir Muxtar Babayevin bu məsələdən xəbərdar olması inandırıcı görünmür. Çünki, Prezident İlham Əliyevin tapşırıqlarına və tövsiyyələrinə zidd addım sayılacaq bu hadisə nazir Muxtar Babayev tərəfindən təxribat kimi dəyərləndirilə bilər. Belə çıxır ki, nazir Muxtar Babayevin yerlərdəki kadrları ondan xəbərsiz “gizli sövdələşmələr”ə qol qoyurlar.

Gün ərzində AAYDA və ETSN ilə əlaqə saxlamaq cəhdlərimiz həmişə olduğu kimi puça çıxdı. Buna baxmayaraq qarşı tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Araşdırmalarımız davam edir…

Ardı var….

Bakunews.az