backend

HÖKUMƏT DOLLAR KREDİTLƏRİ İLƏ BAĞLI QƏRAR HAZIRLAYIR - Müzakirələr başlayıb

HÖKUMƏT DOLLAR KREDİTLƏRİ İLƏ BAĞLI QƏRAR HAZIRLAYIR - Müzakirələr başlayıb

Mərkəzi Bank və Maliyyə Nazirliyinin banklarla müzakirələrə başladığı, dəqiq və işlək mexanizm hazırlanmasının 2-3 ay vaxt apara biləcəyi deyilir

Ölkə rəhbərliyinin atdığı bir sıra addımlardan sonra üç ildən çoxdur əhalini narahat edən əsas problemlərdən biri – vaxtı keçmiş kreditlər məsələsi də gündəmə gətirilib. Milli Məclisin üzvü Vahid Əhmədovun ölkə prezidentinə bu problemin həllinə dəstək verməsi ilə bağlı müraciət etməsindən sonra bir sıra ekspertlər məsələnin həllinə dair təkliflərlə çıxış ediblər.

Qeyd edək ki, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 1 milyard 585 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 6,1 faiz, ötən il yanvarın 1-nə nisbətən isə 2,6 faiz azdır.

Dekabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 12,2 faiz təşkil edib. Bu nisbət noyabrın sonuna 13,4 faiz, ötən ilin əvvəlinə isə 13,8 faiz olub.

Qeyri-rəsmi hesablamalara görə, Azərbaycanda 700 min nəfərdən çox insanın problemli krediti var. Bundan əlavə, mövcud problemli kreditlərin 95 faizindən yuxarısı xarici, əsasən isə ABŞ dollarında olan kreditlərdir. Onların böyük əksəriyyəti 2015-ci ildə baş verən devalvasiyalardan sonra yaranıb.

Qaytarılmayan kreditlərlə bağlı bank müraciətləri əsasında vətəndaşlara qarşı qaldırılmış məhkəmə iddialarının sayı 100 minlərlə ölçülməkdədir. Yüz minlərlə insanın əmlakına, əmək haqqına əl qoyulub, ölkədən çıxışı yasaqlanıb. Bütün bunlar isə əhalidə ciddi narazılıqların yaranmasına gətirib çıxarıb.

Buna görə də məsələnin geniş çevrələrdə müzakirəsindən sonra bütün nəzərlər ölkə rəhbərliyinə dikilib. Musavatşcom-un məlumatına görə, Azərbaycan hökuməti geniş ictimaiyyətin ən çox gözlədiyi addımlardan birini atmağa – problemli kreditlər məsələsinə əl qoymağa hazırlaşır. Bu məqsədlə Mərkəzi Bank, Maliyyə Nazirliyi və banklarla müzakirələrin aparıldığı bildirilir.