backend

“Qaçqınkom”da mənzil alveri

“Qaçqınkom”da mənzil alveri











Yerlərdəki qaçqınkomlar məcburi köçkün evlərindən necə pul qazanır?

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyində təmsil olunan məmurların isminin zaman-zaman müxtəlif qanunsuz olaylarda hallandığı hər kəsə bəllidir. "Qaçqınkom”rəhbərliyindəki şəxslərin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün nəzərdə tutulan dövlət vəsaitini müxtəlif üsullarla taladığı KİV-in vaxtaşırı işıqlandırdığı məsələlrədən birini təşkil edir. Bugünlərdə etibarlı mənbədən cumhuriyyet.az-a daxil olan məlumatda şəhər və rayonlardakı qaçqınkom yetkililərinin yeni yeyinti sahəsi müəyyənləşdirdiyi ilə bağlı xəbərlər yer alıb.

Mənzil istəyən – bəri gəl!

Mənbənin məlumatına görə, son illər respublikanın bir çox bölgələrində qaçqın və məcburi köçkünlərin mənzil təminatını yaxşılaşdırmaq məqsədi ilə çoxsaylı mənzillərin inşası köçkünlərlə yanaşı, qaçqınkomların da işinə yarayıb. Belə ki, qaçqınkomlar onların balansına verilən bu mənzillərdən sadəcə qaçqınların mənzil problemini həll etmək üçün deyil, eyni zamanda pul qazanmaq vasitəsi kimi də uğurla istifadə edirlər: "Qaçqınlar üçün respublikanın müxtəlif bölgələrində inşa edilən mənzillər yerlərdəki qaçqınkom təmsilçiləri üçün də fərdi maraq obyektinə çevrilib. Belə ki, əksər bölgələrdə məcburi köçkünlərin müasir qəsəbə və göydələnlərə yerləşdirilməsi tədricən, mərhələli şəkildə həyata keçirilir. Bu isə yerlədəki bəzi qaçqınkomlara məhdud sayda olan həmin mənzilləri alver predmetinə çevirməyə imkan verir. Belə ki, artıq balansında müəyyən sayda mənzil verilən qaçqınkomlar öz əlaltıları vasitəsi ilə məcburi köçkünlər arasında müəyyən "iş apararaq” onlara bildirir ki, kim tez köçmək, qısa zamanda mənzil sahibi olmaq istəyirə, o zaman rəhbərlik onlara kömək edə bilər. Sadəcə bunun üçün köç etmək istəyən ailələrin də bir qədər "tərpəniş göstərməsi”, "hərəkətə gəlməsi”, qaçqınkomla oturub "çay içməsi” lazımdır. Təbii, belə bir təklif uzun illərdir ki, ağır şəraitdə yaşayan bir çox qaçqın ailəsini məcburən özünə cəlb edir və bu ailələr bəlli bir məbləğ dəyərində "hərəkət etməklə” yeni mənzillərə sahib olurlar”.

Qaçqın olmayanlara mənzil yardımı

Bəzi qaçqınkomların hətta qaçqın olmayan vətəndaşları da mənzillə təmin etdiyini bildirən mənbə, bu cür olayların son vaxtlar daha da intensivləşdiyini qeyd edib: "Yerlərdəki qaçqınkomlar yalnız məcburi köçkünlərin deyil, bəzi hallarda bu kateqoriyaya daxil olmayan şəxsləri də məcburi köçkün kimi yeni mənzillərə qeydiyyata salır ki, bu da qanunsuz prosedurlar vasitəsi ilə baş tutur. Belə ki, işğal edilmiş rayon qeydiyyatında olan, fəqət həmin rayonlardan erməni işğalı nəticəsində deyil, dinc dövrdə köçən şəxslər bəlli bir məbləğ qarşılığında yaşadıqları rayonlarda məcburi köçkün kimi qeydiyyata salınırlar. Qaçqınkom dövlətin ona verdiyi yetkidən istifadə edərək həmin şəxsi arxiv materiallarına da məcburi köçkün kimi qeyd edir. Bundan sonra, həmin şəxs digər məcburi köçkünlərlə eyni hüquqa malik olur ki, bu da ona yalnız məcburi köçkünlər üçün nəzərədə tutulan sosial yardımlardan deyil, həm də mənzil təminatından yararlanmaq imkanı verir. Beləliklə də, həm qaçqınkomlar öz vəzifələrinin öhdəsindən layiqincə gəlir, həm də vətəndaşlar dövlətin onlara olan qayğısından məmnun qalırlar”.

Göydələnlərdə mərtəbə alveri

Mənbənin məlumatına görə, şəhər və rayon qaçqınkomlarının digər "çörək pulu” mənbələrindən biri də göydələnlərdəki mərtəbələrlə bağlıdır. Belə ki, insanların əksəriyyəti göydələnlərin nisbətən aşağı mərtəbəsində məskunlaşmaq istədikləri üçün onların bu arzusu qaçqınkomlara əlavə pul qazanmaq üçün imkan yaradır: "Göydələnlərin yuxarı mərtəbələrində məskunlaşmaq yalnız yaşlı insanlar üçün deyil, gənc və orta yaşlı insanlar üçün də arzuedilməz hesab edilir. Məhz bu baxımdan da, eyniylə sovet dönəmində olduğu kimi hər kəs nisbətən daha aşağı mərtəbələrdən mənzil almağa çalışır ki, bu məsələdə də söz sahibi qaçqınkomlar hesab edilir. Belə ki, əgər kimsə daha aşağı mərtəbələrdə məskunlaşmaq istəyirsə, o zaman qaçqınkomla görüşərik ona "mərtəbə haqqı” ödəməlidir. Nə qədər ki, belə bir "mərtəbə haqqı” ödənilməyib, o zaman tam məskunlaşma prosesinin hətta son anında belə qaçqınkom hansısa məcburi köçkünün daha yaşlı və ya səhhətindəki problemin daha ciddi olduğunu əsas gətirərək bu mənzili onun ilk istifadəçisindəın ala bilər. Lakin elə ki, "mərtəbə haqqı” ödənildi, o zaman qaçqınkom özü məlum şəxsin arzuladığı mənzildə məskunlaşması üçün bütün lazımi prosedurları həyata keçirir”.