backend

Eyyub Hüseynovu nazirliyə “razborka”ya çağırdılar

Eyyub Hüseynovu nazirliyə “razborka”ya çağırdılar
















İqtisadiyyat və Sənaye nazirliyinin əhaliyə satılan keyfiyyətsiz ərzaqlardan xəbəri yoxdurmu?!.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovu İqtisadiyyat və Sənaye nazirliyinə “razborka”ya çağırıblar. “Razborka”nı aparan şəxs isə İqtisadiyyat və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və İstehlакçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin sədr müavini Araz Əliyev olub. Səbəb isə Eyyub Hüseynovun 3 gün əvvəl mətbuat konfransı keçirib, ölkəmizdə satılan bir çox ərzaq məhsullarının keyfiyyətsizliyini faktlarla təqdim etməsi olub. Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, AİB sədrinin satışı qadağan olunan, təmizlənməmiş, etiketində “yodlu” yazılsa da yodlaşdırılmayan, etiketində istehsalçısının heç bir rekvizitləri olmayan duzları istehlakçılara tanıtmaq üçün verdiyi açıqlamalar, İqtisadiyyat və Sənaye nazirliyinin xoşuna gəlməyib. Odur ki, Eyyub Hüseynov, nazirliyin adıçəkilən qurumunun sədr müavini Araz Əliyev tərəfindən dövlət xidmətinə dəvət olunub. Xidmətin 4 əməkdaşının Eyyub Hüsenovla saat 17:20-də başlayan “razborka”sı 2 saat davam edib.

Məsələ ilə bağlı Eyyub Hüsenovla əlaqə saxlayan zaman öyrəndik ki, həqiqətən belə bir hadisə baş verib. Və AİB sədri mətbuat konfransında səsləndiriyi fikirlərə görə nazırlikdə günahlandırılıb: “Nazirlikdə keyfiyyətsiz ərzaq məhsulları barədə əhalini xəbərdar etməyimə görə məni suçladılar. Nazirliyin işçiləri təhlükəli, satışı qanunla qadağan olunan, milli dildə markalanmayan mallar barədə ictimaiyyətə məlumat verdiyimə görə hətta məni məhkəmə ilə də hədələdilər.”

Qeyd edək ki, “razborka” təkcə hücum, təzyiq və məhkəmə hədəsi ilə bitməyib. Bundan sonra nazirliyin işçiləri AİB-in sədrinə rəsmi sorğu məktubu verərək imzalatdırıblar. Məktubda tələb edilib ki, Ermənistan istehsalı olan qarabaşaq, yulaf (gerkules) və digər məhsulların nümunələrini, həmin məhsulların satışını həyata keçirən hüquqi və fiziki şəxslərin adı və ünvanı haqqında məlumatları, malların həmin şəxslərdən alınmasını təsdiq edən materialları -kassa çeki, qəbz və digər təsdiqedici sənədləri, tərkibində ağır metallar olan duzların suda həll edilməsi nəticəsində onun tərkibində ağır metalların müəyyənləşdirilməsi metodikası barədə məlumatlar 5 gün ərzində nazirliyə təqdim olunsun. Onu da bildirək ki, AİB sədri Eyub Hüseynov bu məlumatları nazirliyə təqdim edəcəklərini vurğuladı.

Burada məsələnin qaranlıq qalan tərəfi İqtisadiyyat və Sənaye nazirliyinin müəmmalı mövqeyidir. Məgər Azərbacan mağazalarında satılan ərzaq məhsullarının bir çoxunun keyfiyyətsiz, vaxtı keçmiş, ana dilində markalanmayan və digər bu kimi hallarından onların xəbəri yoxdurmu? Bəlkə belə hesab edirlər ki, hər gün KİV-lərdə alıcıların şikayəti əsasında verilən bu kimi məlumatlar yalandır? Yeri gəlmişkən, Analitik.az saytı bir qədər əvvəl “Qerkules”də erməni dilində qeyd olsa da, Azərbaycan dilində heç bir qeydin olmadığını vurğulamışdı. Bu məhsul indi də paytaxtın bütün marketlərində satılır. Yəni keyfiyyətsiz ərzaq məhslları barədə əhalini məlumatlandıran, maarifləndirən AİB sədrini “razborka”ya çağırıb təzyiq göstərib, məhkəmə ilə hədələməkdənsə, yaxşı olardı ki, həmin keyfiyyətsiz məhsulları Azərbaycan əhalisinə satanlar, onları istehsal edənlər və ölkəyə gətirənlər haqqında qanunla ölçü götürsünlər. O zaman yəqin nə Eyyub Hüseynov alıcıları xəbədar etmək üçün mağazalarda keyfiyyətsiz ərzaq məhsulu, nə də mətbuat bu barədə yazmağa mövzu tapmayacaq. Hələlik isə ərzaq bazarında keyfiyyətlə bağlı problemləri sadalamaqla qurtaran deyil. Bunun əsl səbəbini isə şübhəsiz, İqtisadiyyat və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və İstehlакçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin “razborşik” əməkdaşlarından yaxşı bilən yoxdur...