backend

ƏRDOĞANIN İLK BÖYÜK MƏĞLUBİYYƏTİ… – Türkiyənin paytaxtı AKP-nin əlindən çıxır

ƏRDOĞANIN İLK BÖYÜK MƏĞLUBİYYƏTİ… – Türkiyənin paytaxtı AKP-nin əlindən çıxır

Martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkisi qardaş ölkənin siyasi gündəminin əsas məsələsi olmaqla yanaşı, hakim AKP üçün də olduqca əhəmiyyətli sınaq nöqtəsidir. Son illərdə bir neçə böyük çətinlikləri atlatmağı bacaran Ərdoğan hakimiyyətinin bu seçkidən də üzüağ çıxmağa çalışdığı şəksizdir. Ancaq iqtisadi böhran şəraitində AKP iqtidarının buna nə dərəcədə nail olacağını proqnozlaşdırmaq olduqca çətindir.

Türkiyə üçün bələdiyyələrin Azərbaycandan fərqli olaraq, hansı əhəmiyyət daşıdığını xüsusi vurğulamağa yəqin ki, ehtiyac yoxdur. Bizim bələdiyyələr bir yana, hətta yerli icra hakimiyyətlərindən də qat-qat səmərəli və faydalı iş əmsalına malik Türkiyə bələdiyyələri həqiqətən vətəndaşların ən birinci üz tutduqları və real səlahiyyətlərə malik strukturlardır.

Əgər bizdə bələdiyyə seçkisi “sünnət toyu” mahiyyətindən uzağa gedə bilmirsə, qardaş ölkədə bu seçki çox böyük əhəmiyyətli siyasi hadisədir və gərginliyinə görə, heç də parlament, yaxud prezident seçkilərindən geri qalmır. Bunun sübutu olaraq, təkcə onu qeyd etmək kifayətdir ki, ölkənin baş naziri və parlament sədri kimi vəzifələr daşımış Yıldırım bu seçkidə AKP-nin İstanbuldan namizədi kimi iştirak edir. Və bələdiyyə sədrliyini son olaraq çalışdığı, lakin məhz namizədliyini irəli sürməsi səbəbindən ayrıldığı parlament sədri postundan üstün tutur. Bu məqamda bir anlığa təsəvvür edin ki, məsələn Oqtay Əsədov bələdiyyə sədrliyinə görə, parlament spikerliyindən vaz keçir – lap fantastik filmlərin süjetinə bənzədi…

Mənsur Yavaş yavaşımaq bilmir…

ƏRDOĞANIN İLK BÖYÜK MƏĞLUBİYYƏTİ… – Türkiyənin paytaxtı AKP-nin əlindən çıxır
Artıq baş tutmasına 20 gündən az vaxt qalan bələdiyyə seçkisinin əvvəlkilərdən əsas fərqi müxalifətin xeyli toparlanması və seçkidə blok şəklində iştirak etməsidir. Bunun ən əhəmiyyətli nəticələrindən biri isə müxalif CHP və İYİ Partiyanın birləşdiyi “Millət İttifaqı” blokunun Ankarada olduqca uğurlu namizəd üzərində dayanmasıdır. Söhbət bu blokun vahid nəmizədi olan Mənsur Yavaşdan gedir.

Ülküçü kimi tanınan və eyni zamanda da, dindar kəsimin rəğbətini qazana bilən M.Yavaş demək olar ki, bütün anket sorğularında AKP ilə MHP-nin birləşdiyi “Cumhur İttifaqı”nın namizədi Mehmet Özhasekini xeyli üstələyir. Artıq AKP-lilərin də böyük qisminin paytaxtda seçkini Yavaşın qazanacağı perspektivilə barışdıqları müşahidə olunur. Hətta Türkiyə mətbuatında belə iddialar da yer alır ki, Ankaranın AKP elektoratının əhəmiyyətli bir qismi səsini məhz M.Yavaşa verməyə hazırlaşır. AKP-nin aparıcı isimlərindən olan Numan Kurtulmuş da mətbuata son açıqlamasında “Ankarada zor bir seçim olacaq” deyə bildirib. Maraqlıdır ki, rəy sorğuları keçirən hakimiyyətə yaxın şirkətlərin də bir çoxu üstünlüyün M.Yavaş tərəfində olduğunu etiraf edirlər.

Müşahidəçilər bildirirlər ki, Ankarada MHP-lilərin böyük qismi ittifaqda olduqları AKP-nin namizədinə deyil, sabiq MHP-li, ülküçü Mənsur Yavaşa səs verəcəklər. Yəni MHP ilə ittifaq Ankarada AKP-nin işinə ciddi şəkildə yaramayacaq. O da qeyd olunur ki, Yavaşın əsilli-köklü ankaralı olması, bütün həyatını burada keçirməsi və yerli əhalinin onu çox yaxşı tanıması həlledici rol oynayacaq. Ondan fərqli olaraq, Kayseridən gələn M.Özhasekini Ankarada demək olar ki, tanıyan yoxdur. Onun təbliğatını isə özündən daha çox R.T.Ərdoğan və onun ətrafı, məsələn daxili işlər naziri Süleyman Soylu aparır. Ancaq ankaralılar namizədin Ərdoğan, yaxud Soylu deyil, Özhaseki olduğunu bildikləri üçün bu təbliğata bir o qədər isti yanaşmırlar. Bunun nəticəsidir ki, son rəy sorğularına görə, M.Yavaş AKP-li rəqibini 5-6 faiz civarında üstələyir. Və bu fərq günü-gündən artır.

İstanbul AKP-nin, İzmir CHP-nin…
ƏRDOĞANIN İLK BÖYÜK MƏĞLUBİYYƏTİ… – Türkiyənin paytaxtı AKP-nin əlindən çıxır


Ankaradan fərqli olaraq, İstanbulda AKP-nin mövqeyi daha güclü görünür. Sabiq baş nazir və parlament sədri Binəli Yıldırımın İstanbulun bələdiyyə başqanı olacağı ehtimalı kifayət qədər yüksəkdir. Ancaq burada da onun qalib gələcəyini tam əminliklə söyləmək doğru olmazdı. Ən azından ona görə ki, B.Yıldırımla “Millət İttifaqı”nın namizədi Əkrəm İmamoğlunun reytinq fərqi 2-3 faiz civarında qiymətləndirilir və bu fərqin seçkiyə qədər qalan 20 gün ərzində, eləcə də seçki günü hansı formada üzə çıxacağını proqnozlaşdırmaq çətindir. Müşahidəçilər bildirirlər ki, İstanbul seçicisinin 12.5 faizi HDP-li, yəni kürdəsilli və digər milli azlıqların nümayəndələridir. Son rəy sorğularına görə, bu elektoratın 70 faizə yaxını məhz CHP-li Ə.İmamoğluna, cəmi 12 faizi isə B.Yıldırıma səs verməyə hazırlaşır. Əgər bu proqnozlar özünü doğrultsa, CHP-li namizədin B.Yıldırımı üstələməsini də gözləmək olar.

Türkiyənin böyüklüyünə görə üçüncü şəhəri olan və CHP-nin “qalası” hesab edilən İzmirdə isə “Millət İttifaqı”nın qazanacağı şübhəsiz görünür. Hətta AKP-yə yaxın sorğu mərkəzləri də CHP-li Tunç Soyerin AKP-nin namizədi, partiyanın “ağır artilleriyasına” aid edilən və son iş yeri Türkiyənin iqtisadiyyat naziri postu olan Nihat Zeybekçini ən azı 13-14 faiz üstələdiyini etiraf edir. AKP üçün hətta ən optimist sorğunun nəticəsinə görə, T.Soyerə izmirlilərin 55.6 faizi, N.Zeybekçiyə isə cəmi 42.1 faizi səs verməyə hazırlaşır.

Maraqlıdır ki, Türkiyənin daha bir böyük şəhəri olan Bursada da müxalif namizədin şansı olduqca yüksək qiymətləndirilir. 2014-cü ildə bu şəhərdə AKP-nin namizədi 49.6 faiz səs toplayaraq, CHP-li rəqibini az qala iki dəfə artıq səslə üstələmişdi. Lakin son anketlərə görə, bu seçkidə Bursanı AKP deyil, CHP-nin qazanacağı ehtimalı kifayət qədər yüksəkdir. Belə ki, son anketlər CHP-nin namizədi Mustafa Bozbeyin 36.5 faiz, AKP-li Alinur Aktaşın isə 35.2 faiz reytinqə malik olduğunu götərib. Göründüyü kimi, burada da olduqca gərgin mübarizə gedəcək və böyük ehtimalla Bursanın yeni bələdiyyə başqanının kim olacağına seçki gününün son dəqiqələrində aydınlıq gələcək.
ƏRDOĞANIN İLK BÖYÜK MƏĞLUBİYYƏTİ… – Türkiyənin paytaxtı AKP-nin əlindən çıxır

Ümumilikdə Türkiyə çapında yenə AKP-nin daha çox səs toplayacağı gözlənilir. Rəy sorğuları göstərir ki, “Cümhur İttifaqı” “Millət İttifaqı”nı 10 faizədək üstələyir. Lakin bu üstünlük böyük şəhərlərdə özünü bir o qədər biruzə vermir. Və rəy sorğularının nəticələrinə inansaq, Türkiyənin 3 əsas şəhərindən ikisini müxalifət idarə edəcək. Ankarada gözlənilən məğlubiyyət isə AKP-nin indiyəqədərki bələdiyyə seçkilərində ən böyük uğursuzluğu kimi tarixə düşəcək. Bu isə gələcək parlament və prezident seçkiləri baxımından olduqca əhəmiyyətli məsələdir.

Lakin bütün proqnozlara rəğmən, sonda hansı siyasi qüvvənin qazanacağını rəy sorğuları deyil, real seçki bülletenləri müəyyən edəcək. Doğrudur, Türkiyədə keçən bütün seçkilərdə sorğu mərkəzlərinin proqnozları əsas etibarilə özlərini doğruldub. Ancaq buna baxmayaraq, mətbuata son açıqlamalarında istər prezident R.T. Ərdoğan, istərsə də CHP sədri Kamal Kılıçdaroğlu sorğu mərkəzlərinin açıqladıqları nəticələrə bir o qədər inanmadıqlarını bəyan ediblər.

Cəlal MƏMMƏDOV