backend

Corc Buşun Elçibəyə yazdığı MƏKTUB üzə çıxdı

Corc Buşun Elçibəyə yazdığı MƏKTUB üzə çıxdı

Jurnalist Əvəz Zeynallı eks-prezident Əbülfəz Elçibəylə bağlı maraqlı arxiv sənədi paylaşıb.

“Yeni Sabah” xəbər verir ki, o bildirib ki, Əbülfəz Elçibəyin əsərlərinin II cildini hazırlayarkən heyrətamiz sənədlər və məktublarla qarşılaşıb.Onlardan biri isə 1992-ci ildə ABŞ prezidenti Corc Buşun Azərbaycan prezidenti Əbülfəz Elçibəyə yazdığı məktubdur.

Jurnalist qeyd edir: “Məktubu indi oxuduqda zamanın həyəcanı daha ciddi hiss olunur. Təsəvvür edin ki, Buş, sanki Elçibəyə dünyanı bərabər və birlikdə idarə etməyi təklif edir. “Yüksək səviyyədə görüşümüz kooperativ diplomatiya siyasətinin yeni mərhələsinin başlanğıcını qoya bilər” deyir Buş. Görəsən, bu tip bir məktub indikilərə gəlsəydi, nə olardı, əcəba?”.

Həmin məktubun mətnini təqdim edirik:

Hörmətli, cənab prezident!

Tarixi əhəmiyyət kəsb edən Helsinki görüşü zamanı sizinlə görüşməyə ümid bəsləyirəm.

Vankuverdən Vladivostoka qədər uzanan demokratik millətlər birliyinin liderləri təhlükəsizliyə və əməkdaşlığa dair ümumi proqramı təsdiq etmək üçün tarixdə ilk dəfə bir yerə toplaşacaqlar.

Bu məktubda mən Helsinkidə və gələcəkdə ATƏM prosesində iştirak etməyimizin bəzi məqsədlərini sizinlə bölüşmək istəyirəm. Helsinki prosesinə Amerikanın sədaqətinin əyani surətdə nədə ifadə olunduğu və son beş il ərzində demokratik inqilabın yaratdığı böyük ümidlərin həyata keçirilməsi naminə necə əməkdaşlıq edə biləcəyimiz barədə sizə söhbət açmaq istəyirəm.

ATƏM-in iştirakçısı olan dövlətlərin liderləri on səkkiz ay bundan əvvəl Parisdə yüksək səviyyədə keçirilən görüşdə bütün iştirakçı dövlətlər üçün ümumi demokratik zəmin yaradan xartiyanı bəyənmişlər. Helsinkidə biz Paris görüşündə qabaqcadan görə bilməyəcəyimiz yeni reallıqlara birliyimizin uyğunlaşdırılmasını nəzərə almaqla bu proses haqqında təsəvvürümüzü xeyli gücləndirmək imkanına malikik.

Bizim məqsədimiz insan hüquqlarına və qanunun aliliyinə hamımızın sədaqəti kimi real gerçəklikdən ibarət olmalıdır. Təhlükəsizlik barədə təsəvvürümüz dövlətlərimizin qüdrəti çərçivəsindən kənara çıxmalı və bəşər cəmiyyətinin əsaslarını nəzərə almalıdır. Bəyanatın məqsədi aydındır: dünya yalnız demokratik zəminə əsaslanmalıdır. Helsinkidə ümid məktubu, xüsusilə kommunist sisteminin xarabalıqları üzərində demokratiya quran ölkələrə məktub hazırlamaq lazımdır.

Dəyişikliklərin sürətinin bizi bu vəzifədən yayındırmasına yol verməməliyik. Yüksək səviyyədə görüşümüz kooperativ diplomatiya siyasətinin yeni mərhələsinin başlanğıcını qoya bilər.

Dəyişikliklər dövründə yaranmış bir ölkə olan Birləşmiş Ştatlar azadlığın inkişafı prosesində qarşıya çıxan bütün çətinlikləri başa düşür. Öz təcrübəmizdə əmin olmuşuq ki, bizim cəmiyyətimiz də daxili münaqişələr və iqtisadi böhranlar sınağından çıxmalı olmuşdur. Biz yeni müstəqil xalqların arzularını və səbirsizliyini başa düşürük. Lakin biz həm də əminik ki, arzularla bəşər cəmiyyətinin imkanları arasında yalnız ağıllı müvazinət tapıldıqda müsbət dəyişikliklər mümkündür.

Dəyişikliklər tələbinə münasibətimiz saxta təhlükəsizlik yaradılması yollarını axtarmaqdan ibarət olmamalıdır. Gələcək fəaliyyətimizin müəyyən proqramına malik olmadan işimizi davam etdirə bilmərik. Bu proqram yekun aktının on prinsipində əks etdirilmişdir. Həmin prinsiplərdə rəsmən təsdiq olunmasını tələb etməyən konkret məqsədlər vardır. Ən mühüm göstəricimiz birgə fəaliyyətimiz nəticəsində yaranacaq siyasi iradə nümayiş etdirməkdən ibarət olacaqdır.

Ümidvaram ki, Helsinkidə ATƏM çərçivəsində daha mütəşəkkil və ardıcıl təşkilat yaradılmasını nəzərdə tutan saziş hazırlanacaqdır: bu saziş həmçinin qarşıya çıxan münaqişələrin səbəblərinin aydınlaşdırılması ilə əlaqədar prosesi təkmilləşdirməlidir. Bu baxımdan, Hollandiya tərəfindən ATƏM-in yüksək vəzifəli şəxslərinin müzakirəsinə verilmiş təşəbbüs, zənnimcə mühüm təşəbbüsdür, - o, milli azlıqlara aiddir. Həmçinin ümid etdiyimi bildirirəm ki, münaqişələrin dinc yolla aradan qaldırılmasında ATƏM-in iştirakı imkanlarını, o cümlədən sülhpərvərlik fəaliyyəti prinsiplərini genişləndirə biləcəyik.

Biz iki eyni münaqişə, eləcə də onları aradan qaldırmağın iki eyni yolu olmadığını dərk edərək bu məsələyə çevik münasibəti davam etdirmək istəyirik ki, bu da siyasi məsləhətləşmələr gedişində əldə oluna bilər.

Böhran gücləndiyi təqdirdə ATƏM bu böhrana tam nəzarət etmək üçün bütün təsirli strukturların köməyindən istifadə etməli, lazımi siyasi tədbirlər görməlidir. Ümidvaram ki, Helsinki sazişində BMT xartiyasının VIII bəndi çərçivəsində ATƏM-in ayrıca regional müqaviləsi öz əksini tapacaqdır. Bu müqavilədə sülhpərvərlik fəaliyyəti mexanizminin hazırlanması nəzərdə tutulmalıdır. Münaqişələr yaranarkən ATƏM-in münaqişə çərçivəsini məhdudlaşdırmağa və möhkəm daimi sülh üçün şərait yaratmağa qadir olması çox vacibdir. Mən diqqətlə düşünüb daşındıqdan sonra NATO-nun sülhpərvərlik fəaliyyətini müdafiə etmək haqqında qərar qəbul etmişəm. Sülhpərvərlik fəaliyyətinin həyata keçirilməsində ATƏM-ə kömək etmək haqqında NATO-nun və Qərbi Avropa İttifaqının qərarını alqışlayıram və Helsinkidə əldə olunacaq sazişi mühüm saziş hesab edirəm. Bu sazişə əsasən, ATƏM lazım gəldikdə bilavasitə NATO-ya, Qərbi Avropa İttifaqına və digər müvafiq təşkilatlara müraciət etmək hüququ alacaqdır.

Helsinkidə proqramımız daim əzmkarlıq tələb edən çox dolğun gündəlikdən ibarətdir. Demokratik dövlətlərin Avropa-Atlantik əməkdaşlığını yaratmaq yollarının axtarışı asan olmayacaqdır. Lakin digər təşkilatlar, məsələn, NATO və Avropa İttifaqı ilə birlikdə ATƏM əməkdaşlığın əsaslarını yarada biləcəkdir. Bu isə ümumi müvəffəqiyyətimizə nail olmaq üçün çox vacibdir. Tarixi vəzifəmizi yerinə yetirmək məqsədi ilə Sizinlə əməkdaşlığa ümid bəsləyirəm.

Səmimiyyətlə, sizin Corc Buş

7 iyul 1992-ci il