backend

MƏZHƏKƏÇİ ZELENSKİ PREZİDENT OLARSA… – “Ukrayna: proqram əvəzinə bədii təxəyyül”

MƏZHƏKƏÇİ ZELENSKİ PREZİDENT OLARSA… – “Ukrayna: proqram əvəzinə bədii təxəyyül”

Görəsən, heç bir praktik proqram təqdim etməyən bir adam Ukrayna prezidentliyinə necə iddialı ola bilər? 31 mart tarixində Ukraynada keçirilən prezident seçkilərinin birinci turunun nəticələri bu barədə düşünməyə vadar edir. Seçkilərin nəticəsinə görə məzhəkəçı Vladimir Zelenski səslərin 30,2%-ni qazanıb.

Əgər tarixə diqqət etsək, görərik ki, Zelenski bu cür avantüraya baş vuran ilk komik deyil. Amma belə hallarda siyasətçi peşəsi öz hörmətini itirir. Vladimir Zelenski “Xalqın xidmətçisi” serialında talenin hökmü ilə dövlət başçısı olmuş tarix müəllimi rolunda çıxış edir. Onun oynadığı personaj digər bir peşənin də nümayəndəsi ola bilərdi, amma ən əsası odur ki, o, sistemin məhsulu deyil.

Bu planda, o, bizi belə bir vəziyyətə hazırlayan bütöv bir kinomatoqrafik əfsanəsinin davamına çevrilib. Belə ki, Hell Eşbinin 1980-ci ildə çəkilmiş “Orada olmaqla” (Hakimiyyət bağbandan məsləhətlər alır), 1994-cü ildə Robert Zemeksin “Forest Qamp” (Amerikan tarixinin əsas hadisələrində iştirak edən ağıldan kəm olan adamın tarixçəsi) və ya Ukraynadakı indiki vəziyyətə daha yaxın olan “Prezident Eno” (2002-ci il) teleserialında Mişel Myüller prezidentliyə namizəd olan əyalət həkimi rolunda oynayır.

- Naşının elita ilə mübarizəsi
Bəs, görəsən bu tarixçələrdə ictimaiyyəti heyran qoyan nədir? Naşı birinin elita ilə mübarizəsimi?

“Keyfiyyət göstəriciləri olmayan” adi bir adam, ölkəni idarə etmək üçün sonsuz administrasiya pilləkəni ilə getməyə ehtiyac olmadığını sübut edir.

Əgər nəzərə alsaq ki, Ukrayna prezidenti Petro Poroşenko korrupsiyanın himayə olunmasında ittiham edilir, onda bu personajın tamaşaçılarda necə reaksiya doğuracağını təssəvvür etmək çətin deyil. Özünün əsas məqsədinin oliqarxlarla mübarizə olduğunu söyləyən Zelenski, deyir: “Nəyə görə belə hesab edirsiniz ki, xalqın xidmətçisi, xidmət göstərdiyi xalqdan daha yaxşı yaşamalıdır?”

Əgər bədii təxəyyül məhsulu proqram rolunu oynayırsa, onda real vədlər siyahısı tərtib etməyin mənası yoxdur. Belə bir şəraitdə namizəd debatlardan imtina edib, mitinqləri tamaşalarla əvəzləyə bilər. Ona öz obrazında olmaq kifayət edər, yəni o, yuxarı dairələrə məxsus olmayan bir insan kimi hər bir mənəvi dəyərə yaxınlığın daşıyıcısı kimi davranar.

Biz yeni media dövrünə giririk və burada təsir real faktlara deyil, serialların yaratdığı effektlərə söykənir. Həmin seriallardakı personajlar bizə çox yaxın olur və praktik baxımdan ailə üzvünə çevrilirlər.

Fransada 2007-ci ildə keçirilən prezident seçkilərində Sarkozi bütün gücünü televiziya ekranlarında görünməyə yönəltmişdi. Bu strategiya o qədər bəsit və çeynənilmiş olmuşdu ki, insanların bir hissəsi KİV-lərə olan inamlarını itirmişdilər. Belə bir vəziyyətdə bədii təxəyyül və yalançı tarix, hipoteza və həqiqətin sınaq meydanına çevrilmişdi.

Əgər ABŞ-da zənci prezident olsaydı, onda nə baş verərdi? Və ya qadın olsaydı, nə baş verərdi? Amerika serialları bizi bu cür sualların qoyulmasına uyğunlaşdırıb. Bəs əgər hakimiyyətə xalq içindən çıxmış birisi gəlsə, nə olar? Bu sualın cavabı “Xalqın xidmətçisi” serialının adının özündə yatır. Elə Zelenski də məhz bu cür bədii təxəyyüldən istifadə edir.

Öz partiyasına belə bir ad verməklə Zelenski bu ideyadan və təxəyyül məhsulundan kənara çəkilməməyi və onun təkliflərinin ciddi qəbul edilməsinin vacibliyini vurğulayır.

Təxəyyülün virtual olsa da, istifadə edilməsi həqiqətən də onu yaradan qəhrəmanlar üçün effektli ola bilər, lakin mahiyyət etibarıyla bu aldadıcıdır. Məsələ ondadır ki, təxəyyül hərdən həqiqəti müəyyənləşdirsə də, hər halda bu yalnız arzu olaraq qalır. Belə olan halda isə, yenidən real düyaya qayıtmaq çox ağrılı və çətin olacaq. (“Le Monde”-Fransa)

“AzPolitika”dan: 1991-ci ildən sonra Ukraynada keçirilən bütün seçkilər göstərir ki, Ukrayna xalqı axtarışdadır, ancaq bu müddət ərzində istədiyini tapa bilməyib. Ona görə də, axtarış hələ də davam edir, bütün eksperimentlər sınaqdan çıxarılır və indi isə, Zelenski peyda olub. Sözsüz ki, bütün Ukrayna seçiciləri eyni düşünmür, lakin seçkilərdən xeyli öncə kimsə məzhəkəçi birinin bu qədər səs toplayacağını söyləyə bilməzdi. Doğrudan da xalq korrupsiyaya bulaşmış siyasi fiqurlardan artıq təngə gəlib. Ukraynada demokratiyanın formalaşması üçün bir çox faktorlar gərəkdir. Demokratik təsisatların qurulması və bunların institutlaşması mütləq vacibdir, yoxsa əks təqdirdə iqtisadi vəziyyətin yaxşılaşması, sosial ədalət prinsipinin təşəkkül tapmasının təmin edilməsi müşkülləşəcək. İndi sual verirlər ki, Ukraynada oxlokratiya zəfərmi çalır?

Əgər bir ölkədə iki məsələ cəmiyyətin ixtiyarındadırsa, onda deyə bilərik ki, həmin cəmiyyət gələcəkdə hər halda əsl sosial ədalət prinsipinin üstün olduğu demokratiyaya keçə bilər. Bunlar söz azadlığı və şəffaf seçkilərdir. Ukrayna hələlik bu mərhələdədir.
O ki qaldı Zelenskinin şəxsiyyətinə, hələki, o, ağ kağızdır. Zelenskini məzhəkəçi adlandıranlar, həm də bir tərəfdən onu unudurlar ki, bəzən təcrübəli siyasətçilər də komik duruma düşürlər və bu daha çox ikrah doğurur. Əlbəttə, filmlər vasitəsilə ölkədəki oğru oliqarxik sistemin mahiyyətini açmaq, rəqibin qaranlıq tərəflərini üzə çıxarmaq, kütlələrin istəyini bilib, ona uyğun davranmaq məsələsində Zelenski məharət nümayiş etdirir. Digər tərəfdən isə, həqiqi mənada böyük problemlərlə qarşı-qarşı dayanan Ukraynada onların həll edilməsi heç də asan iş deyil. Əgər Ukraynanın yeni prezidenti Zelenski olacaqsa, onda o, cəmiyyətin zəifliyini aradan qaldıraraq, bu problemləri həll etməklə sözdən əmələ keçmək qabiliyyətini göstərməlidir. Yoxsa, bütün Ukrayna əhalisi əsl real həyat məzhəkəsinin personajlarına çevriləcək.