“…dizlərim öz-özünə qatlandı, başladım yalvarmağa” - Keçmiş baş nazir İLK DƏFƏ açıqladı/MÜSAHİBƏ

109

“…dizlərim öz-özünə qatlandı, başladım yalvarmağa” - Keçmiş baş nazir İLK DƏFƏ açıqladı/MÜSAHİBƏ

"Həbsxanada əksəriyyətin başı gedir”

Azərbaycan Xalq Partiyasının sədri, keçmiş baş nazir Pənah Hüseynin BakuPost-a müsahibəsi.

- Pənah bəy, qısa müddət də olsa, ölkənin baş naziri vəzifəsini tutmusuz. O kreslodan Azərbaycan xalqı görünürmü? Görünürsə, necə görünür?


- Hər şey insanın özündən asılıdır. Vəzifədən və ya kreslodan heç nə asılı deyil. Vəzifədə oturan insanın görmə qabiliyyəti necədirsə, elə də görür.


- Sizin görmə qabiliyyətiniz necədir?

- Mən bunu öz fəaliyyətimdə göstərmişəm.

- Siz baş nazir olduqdan illər sonra parlamentdə deputat kimi təmsil olundunuz.

- Bəli, beş il Məclisdə fəaliyyət göstərmişəm. Mənə Sabirabad seçicilərindən təxminən on min nəfər səs vermişdi. Fəaliyyətim kifayət qədər şəffaf, göz qabağında olub. Orada beş illik fəaliyyətimdən utanc duymuram.

- Pənah bəy, dinə bağlı insansınız, dinlə siyasətin bir-birinə bənzər və ya ortaq tərəfləri varmı?

- Din mənəvi, ruhi məsələdir. Siyasət isə daha çox dünyəvidir. Dinlə siyasətin heç bir əlaqəsi yoxdur. Dini siyasətə bulaşdırmaq zərərlərə aparıb çıxarır. Gəncliyimdə ateist olmuşam, indi dindaram, müsəlmanam. Din sosial hadisədir. Hardasa siyasətə qarışır. Azərbaycanda din və siyasət arasında yürüdülən xətti pozitiv hesab edirəm.

- Dediniz ki, gəncliyinizdə ateist olmusunuz. Nə baş verdi ki, birdən-birə Allahı sevməyə başladınız?

- İslam, Quran bunlara aydınlıq gətirir. Qəlbin möhürü açılmalıdır. İnsan ola bilər ki, ömrü boyu oxusun və dini dərk etməsin. Adam da var elə anadangəlmə hər şeyi bilir. Peyğəmbərimiz 10 il təbliğat aparır, amma cəmi onlarla insan ona iman gətirir. Ayələrin birində deyilir ki, sənə nə deyilibsə, onu çatdır. Məndə tədricən olub bu proses. Bu, Allahın özündən asılı olan bir məsələdir. Cənnət-cəhənnəm mənim ağlıma batmır, amma Quranda var. Allahın rəsulu deyib, deməli var. Ona artıq inanırsan. Hər şeyi izah etməyə çalışmaq lazımdır, amma ifrata varmaq olmaz.

- Namaza nə vaxt başlamısınız. Ateist Pənah Hüseyni dinə qaytaran o səbəb və ya stimul çox maraqlıdır.

- 1994-cü ildə mən gizlənirdim, axtarışdaydım. Məlum oldu ki, bacılarımın birinə xərçəng diaqnozu qoyulub və sabah əməliyyatdır. Mən evin böyük övladıyam. Bacının ən ağır günündə axtarışdasan, gizlənirsən. Heç kimə qismət olmasın o anlar. Adamın əlindən bir iş gəlmir. Həmin vaxt mənim dizlərim öz-özünə qatlandı və başladım yalvarmağa. Sonra bacım xəstəliyi məğlub elədi, sağaldı, indi də sağdır. İddia eləmirəm ki, mənim dualarıma görə sağaldı. Ondan sonra mən namaz qılmağa başladım. Gündə 3 dəfə və ya beş dəfə namaz qılmıram. Amma hər gün qılıram. Qismət olsun ki, sistemli qıla bilim.

- Pənah bəy, yəqin, gündəmi izləyirsiniz. Son günlər sosial şəbəkələrdə müzakirələr yaradan bir çox məsələlər var. Üç qızın intim videosunun yayılması, ardınca 8-ci sinif şagirdi Elinanın intiharı gündəmi zəbt etdi. Sizin də fikirlərinizi eşitmək maraqlı olardı.

- Biz bu məsələləri müzakirə etmişik. Dünya qarışıq vəziyyətdədir, eyni zamanda bizim xalq da. Mənim fikrim belədir ki, din bu məsələlərdə ciddi rol oynaya bilər. O videonu çəkənlər şərəfsiz insanlardır. Bu və digər istiqamətdə inzibati cəzalar var. Ümumiyyətlə, cəzasız cəmiyyət olmur. Mən inanıram ki, bu hadisələri törədənlərin öz balalarının qarşısına belə hadisələr çıxacaq.

- Partiyadan başqa bir fəaliyyətiniz var?

- Konkret olaraq yox, haqqı ödənilən işim yoxdur. Əgər işim yoxdursa, ənənəvi olaraq sual verəcəksən ki, bəs nə ilə dolanırsan? Mənim ailə üzvlərim işləyir, oğlumun 39 yaşı var. Qızlarım ailə qurub. Həyat yoldaşım pensiya alır. Özümün də aylıq 400-500 manat gəlirim olar. Müəyyən dostlar, tanışlar yardım edirlər, şükür, dolanırıq. Ciddi siyasi fəaliyyət üçün maliyyəyə ehtiyac var. Sözün doğrusu, ən çox maliyyə problemlərim şəxsi yox, siyasi fəaliyyətimlə bağlıdır.

"Anam ömür boyu üzümdən 2-3 dəfə öpmüşdü

- Siz də həbs həyatı yaşayan siyasətçilərdənsiniz. Həbsin insanı müdrikləşdirdiyi barədə fikirlərə münasibətiniz necədir?

- Yalnış düşüncədir ki, həbsxanada insan müdrikləşir. Əksinə, əksəriyyətin ağlı gedir. Çox az istisnalar var. Mənim əmim oğlanları çoxlu nar aldılar və buzxanaya qoydular. Üç ay sonra narı buzxanadan çıxardılar. Narlar elə qalmışdı ki, sanki bu saat ağacdan dərmisən. Amma nar üç günə çürüdü.

Həbsxana da belədir. Düşünə-düşünə dəli olan da, müdrik olan da var.



- Pənah bəy, axırıncı dəfə nə vaxt ağlamısınız?


- Anam vəfat edəndə kənara çəkilib ağladım. Biz anaya "bacı” deyirik. Sağlığında anamla elə də mehriban deyildik, yəni ömrüm boyu o mənim üzümdən iki-üç dəfə öpüb. O vəfat edəndə, elə bil, içimdə nəsə qırıldı. Analar vəfat edəndə onu bioloji də hiss edirsən.

- Dövlət katibi, baş nazir olmusunuz. Özünüzlə gəzdirdiyiniz hansısa sirr varmı?

- Çoxdur. Mən dövlət əhəmiyyətli sirlərin daşıcısıyam. Mənim vəzifəmə görə bu və ya digər dövlət sirlərinə buraxılışım olub. Onların bəziləri sirr olmaqdan çıxıb. Bəziləri isə qalır. Zaman-zaman vaxtı gəlir bəzilərini danışırıq. Bəziləri isə bizimlə məzara gedəcək.

- Heç fikirləşdiyiniz olur ki, bu ölkənin baş naziri, katibi olmusunuz, amma indi bir qəpik gəliriniz yoxdur?

- Yox, qəti düşünməmişəm. Mən şükür edən adamam. Aza qane oluram. Hətta ən çətin anlarımda da şükür edirəm. Mən həbs vaxtı zirzəmidə suyun içində qalırdım. Kameranın içində 3000 dəfə var-gəl elədim. Birdən gözümə sataşdı ki, qapının üstünə belə yazılıb: "Həyat səni güldürəndə gülürsən, hünərin var ağladanda gül görüm”.

Elşad Barat