backend

“Necə dolanırsınız?” - Elm adamlarının ah-naləsi: “Elmlə uğraşan adam yeməsə yaxşıdı”

“Necə dolanırsınız?” - Elm adamlarının ah-naləsi: “Elmlə uğraşan adam yeməsə yaxşıdı”























Hər gün bir-birini tanıyan müxtəlif peşə sahibləri rastlaşanda mütləq bir-birindən necə dolandığını soruşur. Biz bu dəfə oxşar suala elm sahəsində çalışan insanlardan cavab istədik.

Cavanşir Yusifli - elmlər doktoru: “Necə dolanırıq, - biz doğrudan-doğruya dolanırıq, əmək haqqının, kənar gəlirlərin (təsadüfi, yəni, böyük ehtimalla olmaya da bilər -!) başına. Başımız fırlanır, necə ki, Yer Kürəsi... Günəş yoxdu. Boş səma var, ulduzların fitili yaşdı, partlamayacaq. Barıt... o da yaşdı. Heç nəyə gərək deyil. Biz indi o barıta bənzəyirik. Bizi heç bir sosial problem maraqlandırmır, çünki bizə dedilər, biz də anladıq: yazan adam, elmlə uğraşan adam yeməsə yaxşıdı, əks təqdirdə, məqsədə çata bilmərik”.

Vüqar Əhməd - elmlər doktoru, professor: “Dolandıran dolandırır - yəni Uca Allah. Şükr acından ölmürük. Bəzən becid irəliləyirik, bəzən adi gedişlə, bəzən də sürünürük. Məhərrəmlik və Səfər ayında nisbətən dolanışıq rahat olur. Toylar olmadığına görə. Nagüman şeytandır. İnanıram yaxşı olacaq. Elmlə bağlı qanun qüvvəyə minməlidir. AMEA-da akademiklər Akif Əlizadə, İsa Həbibbəyli, ümumiyyətlə yeni rəhbərliyin təyinatından sonra canlanma yarandı. Akademiya qaynar bir elm ocağı kimi sürətlə tərəqqiyə qədəm qoydu. Bütün alimlər ruhlanaraq ürəklə işləməyə başladılar. Beynəlxalq konfranslara, simpoziumlara səfərlər mütamadi şəkil aldı. Alimlər fəxri fərman və pul mükafatına tez-tez layiq görülürlər. Elə biri mən. Bu il Rəyasət Heyətinin “Fəxri fərman”ı AMEA-nın prezidenti tərəfindən mənə təqdim olundu, üstəgəl pul mükafatı. Daha sonra AHİKK-nın “Fəxri fərman”ı və pul mükafatına layiq görüldüm.
Eyni zamanda Ədəbiyyat İnstitunun rəhbərliyi tərəfindən “Fədakar alim”diplomuna da layiq görülmüşəm. Elmlə bağlı konsepsiya, qanun icraya başlayan kimi, hər şey yaxşı olacaq. Alimlərin həm maddi, həm də sağlamlıq, məişət problemləri yüksələcək. Şübhəsiz, bunlar hamısı dövlət rəhbərinin elmə, mədəniyyətə qayğısının təzahürüdür. Səbr etmək lazımdır. Təki ölüm-itim olasın, Allah canımıza, balalarımıza dəyməsin.Torpaqlarımız qayıtsın inşallah! Azın az dərdi var, çoxun çox”.

Şəmil Sadiq - filologiya elmləri namizədi, dosent: “Cəmiyyətimiz o qədər sosiallaşıb ki, artıq bu sosiallığın özü bir qayğıya çevrilib. İnsan olaraq qayğısız yaşamaq artıq mümkün deyil. Ya real həyatın, ya da virtual həyatın sosial problemləri içində olursan özündən asılı olmayaraq. İxtisasım və peşəm elm, tədris, kitab olduğu üçün məni bu sahədəki problemlər əlbəttə ki daha çox düşündürür.
Azyaşlı uşaqlarımızın mənşəyi bəlli olmayan xaotik bir ideologiyaya xidmət edən kitablar, cizgi filmləri ilə böyüməsi bizim bizdə məhv olmağımız deməkdir.
Ən böyük problemimiz isə bir millət olaraq özümüz kimi yaşaya bilməməyimizdir. Daim kimlərəsə oxşamaq, kimlərinsə getdiyi yola maraq etmək Azərbaycan cəmiyyətinin ən böyük problemidir. Özünəməxsusluq olmadığı təqdirdə heç bir böyük uğurdan danışa bilmərik. Geyimlərimiz ya Şərqdən, ya da Qərbdən gəlir, mətbəximiz həmçinin, elmimiz həmçinin, mətbuatımız həmçinin. Əlbəttə ki, bu düşüncəmizin qarmaqarışıq olmasından irəli gəlir. Yaşadığımız regionun da bunda böyük təsiri var. Məsələn, mən şəhərdə məhz milli yeməklərimizi daha müasir formada təqdim edən sadə yeməkxanalar tanımıram. Milli ornametlərlə bəzədilmiş avanqard kütləvi geyim görmürəm. TV-lərimiz bütün verilişlərini xaricdən ixrac edir.
Mənim ən böyük sosial problemim övladlarımıın mənim düşüncələrimdən, duyğularımdan uzaq böyüməsidir. Qızımın özünün kumiri kimi cizgi film qəhrəmanı Stellaları, oğlumun isə Bentenləri seçməsi bir faciədir. Adi teniskalar tapa bilməzsən ki, orda alt şüura işləyən millilikk olsun. Bu isə millətin düşüncə tərzinin yad ünsürlər içində əridilməsinə gətirib çıxarır.
Fərqli düşüncə sərgiləyən ziyalılarımız çox azdır, olanların da əksəriyyəti səmimi deyil. Ya ərəb iyi gəlir, ya fars, ya rus, ya da Vatikan. Bunun üçün də uşaqlarımızın üstünə qarmaqarışıq bir iy sinir. Bu iy isə itələyicidir, boğucudur”.

Xalidə Xalid, Ədəbiyyat İnstitunun əməkdaşı: “Maaşla dolanan insanları hansı problem narahat edirsə, məni də o problem narahat edir. Amma bütün bunlarla yanaşı, nə ümidi nə də səbrimi çökdürməyi sevirəm. Yəqin ki, bir gün mənim üçün ən qlobal olan problemlər həll olunacaq. Önəmlisi, həlli mümkün olmayan problemlərimiz olmasın. Onsuz da nə mənim, nə də başqasının sosial problemlərini saymaqla arzularımız o saat həyata keçəsidir. Necə demişlər, sonuncu ölən ümidlərdir”.

Faiq Ələkbərov - fəlsəfə doktoru: “Məncə, Azərbaycan cəmiyyətinin iki əsas sosial problemi var: təhsil işçilərinin - müəllimlərin durumu, səhiyyə işçilərinin - həkimlərin durumu. Müəllimlər və həkimlərə maddi və mənəvi cəhətdən dəyər verilməməsi həkimlərə və müəllimlərə inamsızlıq yaradır. Artıq Azərbaycanda heç kim müəllimə və həkimə inanmır... Müəllimlər düşüncələrimizin, həkimlər isə sağlamlığımızın keşiyində durmalı olduğu halda ikisindən də şikəst qalmışıq. Belə davam edəcəyi təqdirdə mənəvi və fiziki xəstəlik çoxalacaq. Telekanallarımız ancaq şoumenleri, təlxəkləri təbliğ edir. Bütün bunlar sosial bəlanin bariz göstiriciləridir. Biz buz dağının görünən deyil, görünməyən tərəfinə varmayınca sosial bəlalarımız da çoxalacaq”.
Elnarə Sultan, Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı - “Ən böyük problem büdcədən maliyyələşən bir çox təşkilatlarda olduğu kimi, əmək haqlarının minimum yaşayış səviyyəsini ödəməyəcək dərəcədə aşağı olmasıdır. Bu səbəbdən gənc alimlər xarici ölkələrə üz tutmağa məcbur olurlar. Səhiyyə sahəsində də ciddi çətinliklərlə qarşılaşırıq. Qanunda səhiyyə xidmətləri pulsuz nəzərdə tutulsa da, dövlət xəstəxanalarına müraciət edən zaman mütləq ödəniş etməli oluruq. Əmək haqlarının aşağı olması səbəbindən kommunal xərcləri ödəyəndən sonra növbəti aya kimi ciddi sıxıntılar yaşayırıq”.

Elmin NURİ