backend

“PAŞİNYANIN QOVULMASI VAXT MƏSƏLƏSİDİR” – “İndi eyni cəsarəti biz göstərməliyik…”

“PAŞİNYANIN QOVULMASI VAXT MƏSƏLƏSİDİR” – “İndi eyni cəsarəti biz göstərməliyik…”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyasının mətbuat xidmətinə qısa müsahibə verib.

“AzPolitika” həmin müsahibəni təqdim edir:

– Qüdrət bəy, Ermənistanda baş verən hadisələri necə qiymətləndirirsiniz?

– Mən əvvəllər də söyləmişdim ki, Paşinyanın hakimiyyətə yolu Rusiya tərəfindən qərbyönümlü siyasəti iflasa uğratmaq üçün açıldı. Çünki Ermənistanda qərbyönümlü siyasət tərəfdarları xeyli artmışdı. Paşinyan isə çılğın və təcrübəsiz olduğu üçün həmin qüvvələrin lideri kimi işə çox yarayırdı. Rusiyada başa düşürdülər ki, xalq arasında nüfuzunu tam itirmiş baş nazir Sarkisyandan sonra yeni və etibarlı adamlarını hakimiyyətə gətirmək üçün qərbyönümlülər hakimiyyətə gəlib iflasa uğramalıdır. Paşinyan isə bu missiyanı uğurla həyata keçirəcək.
Ermənistan kimi ölkələrdə hakimiyyəti dəyişmək üçün iki faktor önəmlidir. Birincisi, güclü dövlətlərdən hər hansı biri həmin ölkədə hakimiyyətin dəyişməsində maraqlı olduğunu açıq nümayiş etdirir ki, xalq bundan ruhlansın. İkincisi, siyasi fəaliyyət üçün böyük məbləğdə pullar ortaya çıxarılır.

Ermənistanda Koçaryanın həbsindən sonra Rusiya açıq şəkildə öz narazılığını ifadə etdi. Pulu isə kənardan gətirməyə ehtiyac yox idi. Paşinyanın narazı salıb, tam siyasətdən uzaqlaşdıra bilmədiyi oliqarxların pulları kifayətdir.

Bundan başqa, Paşinyanın Qarabağ məsələsində sələflərindən daha sərt mövqe sərgiləməsi və hakimiyyətdə ola-ola xalqı dövlət hakimiyyətinin müstəqil qanadı olan, Koçaryanı azad etmiş məhkəmələrin fəaliyyətini iflic etməyə çağırması onun nə qədər emosional və kal birisi olduğunu bir daha təsdiqlədi. Müasir dövlət qurmaq üçün şüurlu surətdə çətinliklərə hazır olmayan xalq isə inqilabdan dərhal sonra gözlədiyi möcüzənin baş vermədiyini anlayıb, Paşinyanın çağırışı ilə küçələrə axışmadı. Bu, Paşinyanı nə qədər məyus etdisə, onun rəqiblərini bir o qədər ruhlandırdı. Paşinyanın hakimiyyətdən qovulması zaman məsələsidir. Yaxşı olar ki, milli maraqlarımız naminə, biz bu prosesdə iştirak edək.

1993-cü ildə Azərbaycanda baş verən hakimiyyət dəyişikliyindən istifadə edən Ermənistan Qarabağ ətrafındakı beş rayonu heç kimə əhəmiyyət verməyərək, işğal etdi. İndi eyni cəsarəti biz nümayiş etdirib, ən azı, həmin rayonları azad etməliyik. Əlbəttə, bu məsələdə Rusiya ilə anlaşa bilsək, daha yaxşı olar.

– Qüdrət bəy, Milli Məclisin son iclasında Ziyafət Əsgərov Fazil Mustafanın müzakirə olunan məsələdən kənara çıxdığına görə əsəbiləşdi və həmin məsələ ilə əlaqədar çıxışa yazılmış deputatların çıxış üçün təkid edib-etmədiyini öyrənmədən, məsələni səsə qoydu. Bununla bağlı nə deyə bilərsiniz?

– Təəssüf ki, Milli Məclisin nüfuzuna xələl gətirən bu cür hadisələr baş verir. Bundan daha iyrənc hadisə isə dərhal sonra növbəti məsələnin müzakirəsi zamanı baş verdi. Çıxışa yazılan Siyavuş Novruzov dedi ki, deputatları narahat edən məsələlər barədə biz, Ziyafət Əsgərovun dediyi kimi, feysbukda yox, burda danışmalıyıq və xeyli də mövzudan kənar danışdı. Ziyafət Əsgərov isə nəinki onun çıxışını kəsə bilmədi, əksinə, onun çıxışından sonra ona dəstək məqsədilə bir xeyli özü də mövzudan kənar danışdı.

Düşünürəm, bu kimi məsələlər iqtidar partiyasının diqqətindən kənarda qalmamalı, müvafiq iradlar bildirilməli, Milli Məclisin gözdən salınmasına imkan verilməməlidir.