backend

ERMƏNİLƏRİN “PAŞİNYAN EYFORİYASI” BİTİR – Baş nazirin namizədi niyə uduzdu?

ERMƏNİLƏRİN “PAŞİNYAN EYFORİYASI” BİTİR – Baş nazirin namizədi niyə uduzdu?

Ermənistanın Abovyan şəhərində mer postu uğrunda keçirilən seçki yarışında Paşinyanın namizədi köhnə komandaya yaxın olan hazırkı merə məğlub olub. Baxmayaraq ki, baş nazir özü şəxsən partiyasının namizədi Qriqor Qulyanın aktiv şəkildə təbliğatını aparıb. Nəticədə bu məğlubiyyət ermənilərin böyük dəstəyinə malik olduğunu düşünən Paşinyan üçün sillə effekti yaradıb.

Lakin baş nazir özünü o yerə qoymayıb və seçkinin nəticələrini demokratiyanın və inqilabın məhsulu hesab etdiyini deyib və bildirib ki, bu seçki Ermənistanda demokratiyanın qələbəsinin növbəti sübutudur.

Seçki prosesi saxtalaşdırılmasa da, erməni siyasi şərhçilər Paşinyanın özünün şəxsən yerli idarəetmə orqanına keçirilən seçkiyə bu dərəcədə müdaxilə etməsini, təbliğat aparmasını doğru saymırlar. Paşinyanın namizədinin uduzmasını isə hakim partiya üçün növbəti xəbərdarlıq və artıq “Paşinyan eyforiyasının” bitdiyinin göstəricisi hesab edirlər.

Siyasi texnoloq Viqen Akopyan erməni mətbuatına açıqlamasında deyib ki, Abovyandakı seçkilər insanların Paşinyan hakimiyətinin anlaşılmaz şüarlarından yorulduğunu göstərib. O, hesab edir ki, erməniləri daha çox məişət problemləri narahat edir.

Akopyan bildirib ki, hakimiyyət seçkinin nəticəsindən asılı olaraq, əvvəlcədən iki variant hazırlamışdı. Paşinyanın namizədi qalib gələcəyi təqdirdə bunu inqilabın növbəti qələbəsi kimi qələmə verəcəkdilər. Məğlub olacaqları təqdirdə isə bu nəticə demokratik seçkinin sübutu kimi göstəriləcəkdi ki, belə də oldu.

Eyni zamanda politoloq xatırladıb ki, bir müddət əvvəl keçirilən parlament seçkisindən fərqli olaraq, son mer seçkisində Abovyanda Paşinyanın partiyasına 30 faiz daha az seçici səs verib. Və bu göstəricini elə bütün Ermənistana da aid etmək olar.

Siyasi şərhçi deyir ki, bu məğlubiyyət hazırkı hakimiyyət üçün növbəti siqnal olmalıdır: “Artıq insanların tələbləri başqadır. Konkret iş gözləyirlər. Siyasi qeyri-sabitlik insanları yorub…” Açıqlamada o da qeyd olunur ki, Paşinyanın indiyə qədər istifadə etdiyi “inqilab aləti” artıq işləmir. Və bu, ilk belə hal deyil. Belə ki, baş nazirin hələ ötən ilin noyabrında təşkil etdiyi yürüşə olduqca az insan qatılmışdı. Məhkəmələrin blokadaya alınmasına dair son çağırışı isə ümumiyyətlə gözlənilən effekti verməmişdi.

Akopyan hesab edir ki, bütün bunlar artıq bu qısa müddətdə Paşinyana münasibətin xeyli dəyişdiyini və eyforiyanın öz yerini məişət, sosial-iqtisadi reallıqlara və problemlərə verdiyini göstərir.

Ümumiyyətlə, Ermənistan daxilində siyasi çəkişmələrin artması, qondarma “DQR” rəhbərliyilə Paşinyan arasındakı qarşıdurmanın açıq müstəviyə keçməsi, yeni hökumətin vəd etdiyi sosial-iqtisadi islahatları həyata keçirməkdə aciz qalması və s. amillər hazırkı baş nazirin və komandasının lehinə işləmir. Görünür, məhz ermənilərin diqqətini bu problemlərdən yayındırmaq üçün cəbhədə gərginlik yaradılması və Azərbaycan tərəfini qıcıqlandıran provakasiyalara əl atılması da təsadüfu deyil.