backend

ƏLİ NAĞIYEV DTX RƏİSİ TƏYİN OLUNDU! – Prezident sərəncamı (Yenilənib)



Prezident İlham Əliyev Əli Nağı oğlu Nağıyevin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunması barədə sərəncam imzalayıb.

“AzPolitika.info”-nun məlumatına görə, bundan əvvəl Prezident Mədət Quliyevin DTX rəisi vəzifəsindən azad olunaraq, Müdafiə Sənayesi naziri təyin olunması barədə sərəncam verib.

Prezidentin Əli Nağıyevlə bağlı sərəncamında deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əli Nağı oğlu Nağıyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilsin”.

“AzPolitika.info” xəbər verir ki, Əli Nağı oğlu Nağıyev 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəhbəri olub.

2004-cü ildə Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin olunub. Prezident İlham Əliyevin 27 mart 2006-cı il tarixində imzaladığı sərəncamla general-mayor hərbi rütbəsi verilib.

General-mayor Əli Nağıyev Azərbaycan Prezidenti İlham Əliyevin 11 aprel 2011-ci il tarixli sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad edilib.

12 may 2011-ci il tarixində baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Əli Nağıyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Prezident İlham Əliyevin 28 mart 2018-ci il tarixli sərəncamı ilə general-mayor Əli Nağıyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Əli Nağıyevin adı Azərbaycan xüsusi xidmət məktəbinin ən parlaq nümayəndələrindən biri kimi, DTX rəisi vəzifəsinə namizədlər arasında ön sırada çəkilirdi.