GÜRCÜSTANDA “KRESLO İNQİLABI”… – Saakaşvilinin növbəti həmləsi

gundem / Siyasət / Dunya 22-06-2019, 00:02


Ötən gün Tbilisidə baş verənlər göstərdi ki, heç bir hökumət, heç bir siyasi qüvvə gürcüləri Rusiyanın qucağına ata bilməyəcək. Və bir daha sübut etdi ki, Moskva məlum keçmiş sovet respublikalarının ərazilərinin bir hissəsini qoparmağa nail olsa da, bu respublikalarda yaşayan xalqların qürurunu sındıra bilməyib. Əksinə, ona qarşı mənfi münasibət getdikcə yerini açıq nifrətə buraxır…

Artıq ötən ilin sonlarında keçirilən prezident seçkisi zamanı baş verənlər indiki Gürcüstan hakimiyyəti üçün xəbərdarlıq siqnalı idi. Çünki həmin seçki sabiq prezident Mixeil Sakaşvilinin tərəfdarlarının günü-gündən çoxaldığının, onun silahdaşlarının rəhbərlik etdikləri siyasi qüvvələrin nüfuzunun isə xeyli artdığının göstəricisi oldu.

Hakimiyyətin namizədi Salome Zurabişvilinin yalnız ikinci turda qalib gəlməsi isə müxalif düşərgənin fikrincə, saxtakarlıq və hakimiyyət resurslarının qeyri-qanuni şəkildə istifadəsi hesabına, özü də böyük çətinliklə baş tutdu. Lakin görünür, xalqın əhəmiyyətli kəsiminin Saakaşvilinin yerinə hakimiyyətə gələn siyasi qüvvəyə qarşı inamı getdikcə azalmaqda, sarsılmaqda davam edir. Və bunun üzə çıxması üçün adi bir qığılcıma ehtiyac duyulurdu ki, o qığılcımı da nə qədər qəribə də olsa, yenə Rusiya verdi…

“Mən Rusiyanın siyasətinə nifrət edirəm…




Məlum olduğu kimi, bu dəfə hər şey kreslodan başladı. Belə ki, son aksiyaların əsas səbəbi iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı təşkilatın prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Gavrilovun parlament sədrinin kürsüsündə əyləşərək toplantıya sədrlik etməsi olub. Bu şəxsin Rusiyanın ərazilərini işğal etdiyi ölkənin parlament sədri kürsüsündə oturub, özü də rus dilində danışması parlamentdəki Saakaşvili yönümlü müxalifətin qəzəbinə və etirazına, daha sonra isə məlum kütləvi aksiyalara gətirib çıxardı. Həmin bu deputat həm də bir müddət öncə Gürcüstanı reallıqla barışmağa, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımağa çağırmışdı. Bəzilərinin dediyinə görə isə Qavrilov hətta Abxaziyada gürcülərə qarşı hərbi əməliyyatlarda da iştirak edib. Doğrudur, sonradan deputat bu məlumatları təkzib etdi. Lakin gürcüləri bu təkzib az maraqlandırırdı…

Bütün bunlar xalqın onsuz da Rusiyaya “işləməkdə” şübhələndiyi Bdzina İvanişvilinin rəhbərlik etdiyi siyasi qüvvəyə, yəni hakimiyyətə qarşı inamsızlığını pik həddə çatdırmış oldu. Xarici agentliklərin etiraz aksiyasından hazırladıqları reportajların birində etirazçılardan biri deyir ki, “mən Rusiyanın siyasətinə nifrət edirəm, biz Avropa yönümlü ölkəyik və biz heç bir halda rusiyapərəst olmayacağıq…”

Daha bir aksiya iştirakçısının sözləri: “Hökumət ikibaşlı oyun oynayır. Bir tərəfdən Putinin xoşuna gəlməyə çalışır, digər tərəfdən isə ərazi bütövlüyündən danışır. İnsanlar bu hakimiyyətə inanmır…”

Rus deputatı spiker kreslosuna kim oturdub?

Maraqlıdır ki, istər prezident, istər baş nazir, istərsə də parlament sədri rusiyalı deputatın spiker kreslosunda oturub, iclas keçirməsini yolverilməz hesab etdiklərini deyiblər. Ancaq heç kəs bu hadisəyə görə məsuliyyəti öz üzərinə götürmək istəmir. Müxalifət və nümayişçilər isə hesab edirlər ki, rusiyalı deputatı o kresloya oturdan hansısa məmurun, yaxud parlament rəhbərliyinin səhvi yox, ümumilikdə Gürcüstan hakimiyyətinin “satqın mövqeyidir”.

Buna görə də etirazçılar dərhal Rusiya nümayəndə heyətinin dəvət edilərək, “başda oturdulmasını” təşkil edən parlament sədrinin, eləcə də daxili işlər naziri və təhlükəsizlik xidməti rəhbərinin istefaya göndərilməsini, ardınca isə parlamentin buraxılmasını və yeni seçkilərin keçirilməsini tələb edirlər.

Gürcüstanın sabiq prezidenti M.Saakaşvili isə “vaxtilə özünün yaratdığı gürcü polisini” indiki hökumətin əmrlərinə tabe olmamağa və xalqın tərəfinə keçməyə çağırıb. Ona dərhal cavab verən prezident Salome Zurabişvili deyib ki, Saakaşvilinin belə çağırışlar etməsi yolverilməzdir: “Başqa ölkə vətəndaşının “özünün yaratdığı polisi” itaətsizliyə çağırması yolverilməzdir…”

Maraqlıdır ki, Zurabişvili baş verənlərdə Rusiyanı günahlandırıb və bu hadisələrin yarada biləcəyi nəticələrin yalnız Rusiyanın maraqlarına uyğun olduğunu deyib. Lakin Gürcüstanın özündə buna inananlar çox deyil. Çünki əslində baş verənlər əksinə, hökumətin Rusiya ilə yaxınlaşma niyyətlərini alt-üst etmiş olur. Və bu nümayişlər ölkədə növbəti hakimiyyət dəyişikliyi ilə nəticələnəcəyi təqdirdə sözsüz ki, ölkəyə Rusiya ilə münasibətdə daha radikal xətt tutan siyasi qüvvə gələcək. Hətta bu halda Saakaşvilinin Gürcüstana dönüşü belə istisna olunmur.

Hadisələrin Rusiyaya sərf etməyən gedişi…




Rusiyanın özünə gəldikdə, bu ölkənin XİN nümayəndəsi Gürcüstan hökumətini nümayəndə heyətinin təhlükəsizliyini təmin etməməkdə günahlandırıb. Duma təmsilçisi isə hətta rusiyalıları Gürcüstana səfərlərdən imtina etməyə çağırıb. Yəni görünən odur ki, baş verənləri Rusiyanın maraqlarına uyğun proseslər adlandırmaq doğru olmaz.

Son hadisəyə qədər Rusiyanın özündə belə az tanınan deputat S.Qavrilov deyib ki, ona spiker kreslosunda oturmağa Gürcüstan tərəfi özü təklif edib. Həmçinin o qeyd edib ki, indiyə qədər Parlamentlərarası Pravoslav Assambleyasının prezidenti kimi bir çox ölkələrdə, məsələn Yunanıstan, Livan və digər ölkələrin parlamentlərində sədr kürsüsündə oturaraq, iclaslar keçirib. Ancaq onların heç birində belə bir hadisə yaşanmayıb. Deputat bildirib ki, etiraz edən müxalifətçi deputatlar əvvəldən buna hazırlaşmışdılar və onların məqsədləri bu iclası daxili siyasi mübarizədə alət kimi istifadə etmək idi. Putinin sözçüsü Dmitri Peskov isə Tbilisidə baş verənlərin “rusofobiyanın təzahürü” hesab etdiklərini bildirib.

Bu arada Gürcüstandakı ABŞ səfiri maraqlı mövqe nümayiş etdirib. Belə ki, səfir nümayişçiləri sakitliyə dəvət etməklə yanaşı “bu gün bir çox insanların yaşadığı ağrını hiss etdiklərini” deyib.

İndi hər şey hadisələrin sonrakı gedişindən asılı olacaq. Müxalifət növbəti aksiyasını saat 19.00-a təyin edib və müşahidəçilər bu aksiyanın daha iri miqyaslı olacağını, hətta insanların bölgələrdən gələrək, nümayişə qatılacaqlarını ehtimal edirlər. Çoxları parlament sədri və daxili işlər nazirinin istefasını artıq qaçılmaz sayır və hesab olunur ki, hətta bununla da etirazlar yekunlaşmayacaq.

Bəziləri isə hətta Tbilisidə baş verənləri Saakaşvilinin dönüşünün ilk ayaq səsləri hesab edirlər. Və əgər doğrudan da hadisələr məhz bu istiqamətdə inkişaf etsə, 2003-cü ildə “Qızılgül inqilabı” yaşamış Gürcüstan bu dəfə də “Kreslo inqilabı” yaşaya bilər…

Sonda onu da qeyd edək ki, hakim partiya artıq spikerin istefaya göndərilməsi haqda qərar qəbul edib.
Oxunub: 51
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 


ILK-10