backend

TƏCİLİ!!! “Sülhməramlı qüvvələr” adı altında RUSİYA ORDUSU?... - AZƏRBAYCANI NƏ GÖZLƏYİR?





Lənkəranın Rusiyaya təhvil verilməsi təklifi…

Mayın 21-də deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı Lənkəran aeroportunun uzun müddətə Rusiyaya icarəyə verilməsini təklif etdi.
Deputat dedi ki, əgər Lənkəran hava limanı Rusiyadan olan hər hansı güclü kommersiya strukturlarından birinə təklif olunsa, ya hamısını, ya da qismən Azərbaycanın hər hansı kommersiya struktur ilə şərikli istifadə edə bilərlər.
Xatırladaq ki, Rüfət Quliyevin bu təklifi həm sosial şəbəkələrdə, həm də siyasilər və iqtisadçılar arasında ciddi narazılıqla qarşılandı. Lənkəran aeroportunun Rusiyaya icarəyə verilməsinin Azərbaycanın maraqlarına zidd olduğunu bildirən ekspertlər, partiya funksionerləri bəyan etdilər ki, bu, ölkənin Rusiya tərəfindən işğalına zəmin yarada bilər. Həmçinin, o da vurğulandı ki, Rüfət Quliyevin təklifindəki mənfi məqam, onun konkret olaraq Lənkəran aeroportunun kimə icarəyə verilməli olduğunu söyləməsidir. Mütəxəssislərin fikrincə, əgər buna lüzum varsa, o zaman hökumət adıçəkilən hava limanının icarəsi üçün açıq tender elan edə bilər.

Məsələn, ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, bu halda Bakının işğal edilməsi ilə bağlı Rusiya üçün kifayət qədər əlverişli geopolitik vəziyyət yarana bilər: “Bildiyiniz kimi, ötən il avqust ayının 12-də Qazaxıstanın Aktau şəhərində baş tutan sammit zamanı Xəzərin hüquqi statusuna dair yekun konvensiya imzalandı. Rusiya məhz həmin konvensiya ilə dənizdə rəsmən hərbi hegemonluq əldə etdi. Belə ki, Azərbaycan hökuməti Xəzərin statusu məsələsində onun dibinin göl, səthinin isə dəniz olması ilə razılaşaraq beynəlxalq hüquqa zidd olan müqavilə bağladı. Bu müqavilə nəticəsində isə Rusiya öz hərbi qüvvələrini Azərbaycanın sahil sərhədlərinə 10 kilometrə qədər gətirmək imkanı əldə etdi. 10 kilometrdən isə istənilən topla Bakını bombardman etmək olar. Vaxtilə birinci Pyotr da dənizdən gələrək Bakıya hücum edib ölkəni işğal etmişdi. Yəni artıq Bakının işğal edilməsi ilə bağlı Rusiya üçün kifayət qədər əlverişli geopolitik vəziyyət yaranıb”.

"Qarabağda sülhməramlı qüvvələr yerləşdirilə bilər…”



Qeyd edək ki, deputat Rüfət Quliyevin məlum bəyanatından düz 1 ay sonar – iyunun 21-də həmkarı Eldar Quliyev daha təhlükəli bir təkliflə çıxış etdi. Belə ki, Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev ölkəmizin sülh tərəfdarı olduğunu xatırladaraq vurğulayıb: “Zəruri halda Dağlıq Qarabağda sülhməramlı qüvvələr yerləşdirilə bilər. Belə olan halda, iki xalqın birlikdə yaşaması mümkün olar. Biz buna hazırıq”.

“Sülhməramlı qüvvələr” adı altında Rusiya ordusu?...



Milli Məclisin adının çəkilməsini istəməyən əməkdaşlarından biri əməkdaşımızla söhbətində hər iki deputatın təklifinin dövlətimiz üçün çox təhlükəli olduğunu vurğuladı: “Doğrudur, Rüfət Quliyevdən fərqli olaraq Eldar Quliyev “sülhməramlı qüvvələr” dedikdə konkret olaraq Rusiya ordusunu yerləşdirilməsindən söhbət açmayıb. Amma bir halda ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında belə bir təklif irəli sürülüb, deməli, burada ancaq Rusiya qoşunlarının yerləşdirilməsi nəzərdə tutulub. Çünki bu təşkilat daxilində digər 11 ölkədən Rusiyaya alternativ olaraq yalnız qardaş Türkiyə ordusunun bölgəyə yerləşdirilməsi mümkündür ki, buna da Moskva heç bir halda imkan verməz. Digər tərəfdən, Eldar Quliyevin Qərbə meylli bir deputat olmadığını da nəzərə alsaq, burada kimlərinsə “sülhməramlı qüvvələr” adı altında ancaq Rusiya qoşunlarının Azərbaycan gətirilməsi arzusundan söhbət gedə bilər. Həttə, məndə olan məlumata görə, ruspərəst deputatların payızda bu məsələni Milli Məclisin müzakirəsinə çıxarması istiqamətində iş aparılır”.

Rusiya Azərbaycanı yenidən zəbt etməyə çalışır?

TƏCİLİ!!!  “Sülhməramlı qüvvələr” adı altında RUSİYA ORDUSU?... - AZƏRBAYCANI NƏ GÖZLƏYİR?

Şübhəsiz, deputatlar tərəfindən irəli sürülən bu təkliflər reallaşarsa, ölkəmiz üçün çox ciddi təhlükəyə çevrilə bilər. Yumşaq desək, Azərbaycan bununla öz müstəqilliyini Rusiyaya təhvil vermiş olar. Nəzərə alsaq ki, bu günün özündə belə, Kremlin Azərbaycana təsir imkanları kifayət qədər güclü olduğundan, bir sıra problemlərimizin həllində, məsələn, işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində prinsipial mövqe sərgiləyə bilmirik. İşğalçı rus ordusu “sülhməramlı qüvvə” adı altında ölkəmizə yerləşdirilərsə, o zaman Qarabağı əbədiyyən itirməklə yanaşı, ölkəni də Rusiyanın müstəmləkəsinə çevirmiş olarıq.
Odur ki, son vaxtlar rus ordusunun Azərbaycana yeridilməsinə cəhd göstərən deputatların və digər rəsmi şəxslərin cavabı ilk növbədə ölkə rəhbərliyi səviyyəsində verilməlidir. Əks halda millətə deyil, Kremlə vəkillik edən bu tip şəxslər daha da baş qaldıra bilər ki, bu halda Azərbaycanın müstəqilliyini qorumaq heç də asan olmaz…

Muxalifet.az