backend

AQTA-nın DAHA BİR TENDER “MÖCÜZƏSİ” – Təhməzlinin şirkəti 643 min manatlıq tender udub



Ötən gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə tabe olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Qurban bayramı ilə əlaqədar heyvan kəsimi üçün müvəqqəti çadır və avadanlıqların alınmasına 1 milyon manata yaxın vəsait xərclədiyinə dair məlumat vermişdik.

Bu institut “Novotrend” MMC ilə İyulun 11-də həmin çadırlarla əlaqədar müqavilə bağlayıb. Müqavilənin məbləği 802 min 624 manatdır. Qeyd etmişdik ki, müvəqqəti çadırlar üçün belə böyük məbləğdə vəsait ayrılması kifayət qədər müəmmalıdır və ən azından israfçılıq təsiri bağışlayır. Onu da qeyd edək ki, həmin “Novotrend” MMC haqqında Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən məlumat almaq mümkün deyil.

Lakin AQTA-nın tender “macəraları” bununla bitmir - qurumun daha bir şübhəli tender “əməliyyatı” üzə çıxıb. Belə ki, Qida Təhlükəsizliyi Agentliyi və ona tabe olan qurum 643 min manatlıq iki tenderin qalibi olaraq “Medeks” MMC-ni elan ediblər. Diqqəti cəlb edən, Agentliyin sədri Qoşqar Təhməzlinin əvvəllər bu şirkətin Baş direktoru işləməsidir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi “Laborator sərf materiallarının satın alınması” üzrə elan etdiyi tenderin qalibini elan edib.

“Marja”nın “Dövlət satınalmalarının vahid elektron portalı”na istinadən məlumatına görə, qalib şirkət “Medeks” MMC-dir. “Medeks” Agentliyə laborator sərf materialları satıb. 12 İyul 2019-cu il tarixində Qida Təhlükəsizliyi Agentliyi “Medeks” MMC ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 43 min 208 manatdır.

Həmçinin İyulun 7-də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu laboratoriyaları üçün ləvazimatların satın alınması üçün “Medeks” MMC ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 599 min 749 manatdır. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində fəaliyyət göstərən qurumdur.

“Wikipedia”da verilən məlumata görə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2008-2016- cı illərdə “Medeks” MMC-də baş direktor vəzifələrində çalışıb. Mətbuatda hazırda da bu şirkətin Qoşqar Təhməzliyə məxsus olduğu iddia edilir. “Medeks” MMC-nin saytında da Qoşqar Təhməzlinin şirkətin rəhbəri olduğu və “Ən yaxşı top-menecer” adına layiq görüldüyü qeyd edilib.

Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən “Medeks” MMC barədə məlumat almaq mümkün deyil.

Əslində, bu məlumata hər hansı şərh verməmək də olardı. Çünki hər şey kifayət qədər aydın şəkildə bir büdcə təşkilatı rəhbərinin öz biznes maraqlarından çıxış etməsinə dair ciddi şübhələrə yol açır. Göründüyü kimi, hətta Q.Təhməzlinin adı hələ də “Medeks” MMC-nin rəsmi saytında şirkətin rəhbəri olaraq keçir.

Təəssüf ki, bu “praktika” təkcə Q.Təhməzlinin qurumuna aid deyil və əksər məmurların rəhbərlik etdikləri dövlət təşkilatlarının tenderlərini məhz öz şirkətləri udur. Bu isə təbii ki, korrupsiya ilə bağlı ciddi şübhələrə yol açır. Ümumiyyətlə , istənilən normal Qərb ölkəsində belə faktlar aşkarlanarsa, bunun korrupsiya faktı ilə bağlı araşdırma başlanmasına yol açacağı şübhəsizdir. Axı korrupsiyanın buynuzu olmur…