backend

ÖLÜMÜ VƏTƏNƏ QAYTARILMAQDAN ÜSTÜN TUTANLAR… – “Bəzi mühacirlər üçün Azərbaycana qayıtmaq ölümə bərabərdir”



On gün ərzində artıq üçüncü mühacir Almaniyada intihara cəhd edib.

Bu barədə Turana məlumat verən Almadiyada fəaliyyət göstərən “Leqat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin sözlərinə görə, bu intiharlara mühacirlər Azərbaycana deportasiya edilməməsi üçün əl atır.

Onun sözlərinə görə, sonuncu belə hadisə bir neçə gün əvvəl Almaniyanın Deggendorf şəhərində baş verib. Şəhərin qaçın düşərgəsində qalan Məmmədova Humay digər ölkəyə deportasiya olunmamaq üçün dərman içməklə özünə qəsd edib. O, 15 dəqiqə ərzində xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. 40 yaşlı səhhətində ciddi problemlər olan qadının 9 yaşlı qızı qalıb. “Digər şəhərlərdə ruhi-əsəb xəstəlikləri dispanserində Günay və Təranə adlı xanımlar müalicə olunurlar. Onları da digər ölkəyə deportasiya etməli idilər və onlar intihara əl atıb”.



Humay Məmmədova

Əliyev qeyd etdi ki, son 3 ayda Dublin müqaviləsinin tələblərindən yayınmaq üçün özlərinə qəsd edən 7 adam olub. Dublin sazişinə görə mühacir birinci növbədə viza aldığı ölkəyə getməlidir və qaçqın statusu üçün orada müraciət etməlidir. Azərbaycandan Almaniyaya gələn vətəndaşların əksəriyyəti isə digər ölkələrin vizaları ilə gəlir. “Bakıda fəaliyyət göstərən turizm şirkətləri çoxusu vətəndaşları aldadaraq bir ölkənin vizası ilə “qaçqınlıq statusunu alarsız” deyib başqa ölkəyə göndərirlər. Sonra isə həmin şəxslərin qaytarma prosesi başlayır. Almaniya hökuməti görəndə ki, gələnin sənədləri saxtadır və onu ölkəsində heç bir təhlükə gözləmir, dərhal həmin adamı geri göndərir. İnsanlar bundan özünü qorumaq üçün intihara əl atır. Bəziləri Azərbaycana qayıtmamaq üçün, bəziləri isə Almaniyadan getməmək üçün”.

Hüquqşünas əlavə etdi ki, Almaniyada həqiqətən də sağlamlığında ciddi problemlər olan şəxslər var və onlar hesab edirlər ki, Azərbaycana qayıtmaq onlar üçün ölümə bərabərdir. Son bir neçə ayda 10 Azərbaycan vətəndaşı özlərinə xəsarət yetirib ki, Azərbaycana qayıtmasınlar.