backend

Uşaqları intihar və cinayətə sürükləyən təhlükəli internet oyunları

Uşaqları intihar və cinayətə sürükləyən təhlükəli internet oyunları
















“...Heç fikir vermirdim. Düşünürdüm ki, uşaqdır, internetdə vaxt keçirir, oyunlar oynayır. Amma təsadüfən oyunların birində uşağa yazılan mesajı oxudum, dəliyə döndüm. Qızımı açıq-aşkar intihara sövq edirdilər

Həmin mesajda “Əllərini aç, quş kimi havada uçacaqsan. Səni o dünyada mükafat gözləyir” kimi sözlər yazılmışdı. Bundan sonra uşağın internetə girməsini qadağan etdim. Amma onu qadağalarla nə vaxtadək qoruya bilərəm ki?!”
Bunu 10 yaşlı Aydan Sultanovanın anası Tamella Sultanova deyib.

Ana onu da bildirir ki, Aydan daha çox Türkiyədə yaşayan “dostu” ilə mesajlaşıb. Oğlan isə hər dəfə qızına dünyanın maddi olmasından, ölümün gözəlliklərindən yazıb.
Ailə qızlarını qorumaq üçün kompüteri satmaqdan başqa çıxış yolu görməyib.
Azadə Eyvazova adlı facebook istifadəçisi isə sosial şəbəkədəki dostlarından kömək istəyir: “Oğlumu internetdən ayıra bilmirəm. Bəzən axtarış sistemində hansısa saytı axtarır, amma qarşısına açıq-saçıq fotolar, videolar yüklənmiş saytlar çıxır. Bunun qarşısını almaq üçün nə etməliyəm?”
Şərhlərdən görünür ki, əksəriyyət belə vəziyyətlə qarşılaşır, amma nə edəcəyini bilmir.
Təəssüf ki, uşaqları internetdən gələn təhlükədən qorumaq üçün kompüteri satmaq, interneti qadağan etmək çıxış yolu deyil. Artıq məsələ ailələrin şəxsi problemi olmaqdan çıxıb...

Elə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin uşaqların internetdə, kiberməkanda təhlükəsizliyinin qorunması yollarını ictimai müzakirəyə çıxarılacağı, hökumətə təkliflər veriləcəyi ilə bağlı açıqlamaları da təhlükənin miqyasından xəbər verir.

Nazirlik deyir ki...

“Real həyatda olduğu kimi, virtual məkanda da müxtəlif tip və xarakterli insanlar var. Təbii ki, internetdə də adi həyatda olduğu kimi, davranış və hərəkətləri ilə ətrafdakılara mənfi təsir edən insanlar var. Bizim məqsədimiz uşaqların kiberməkanda təhlükəsizliyini təmin etməkdir” - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin açıqlamasında belə qeyd olunur.
Nazirlik etiraf edir ki, uşaqların hansısa kriminal qrupların təsirinə düşməsi, asılılıq, psixoloji təsir kimi təhlükələr mövcuddur. Amma əsas məsuliyyət valideynləri üzərinə düşür.
Nazirliyin yaydığı açıqlamada bildirilir ki, uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Azərbaycanın təhsil müəssisiələrində filtrasiya sistemi tətbiq edilib. Bir neçə internet provayderi isə uşaqlar üçün təhlükəsiz internet xidməti paketini təqdim edib.
Uşaqların dərslərdən yayınıb internet klublarına getməsinin qarşısını almaq üçün yaş limiti qoyulub. Əsas məsələ isə valideyn nəzarətidir, valideynlər uşaqlara internetdən istifadə üçün müəyyən vaxt verməlidirlər, əks halda onlarda asılılıq, psixoloji problemlər yarana bilər.

Valideynlər isə hesab edirlər ki...

Azərbaycan Uşaqlar Birliyi internetdən gələn təhlükə ilə bağlı valideynlər arasında sorğular keçirib.

Təşkilatdan virtualaz.org saytına verilən məlumatda deyilir ki, rəyi soruşulan valideynlərin əksəriyyəti, daha dəqiq desək, 60 faizi internetdən hansı təhlükələrin gələ biləcəyindən xəbərsiz olduğunu deyib. 35 faiz telefonu deyil, kompüteri real təhlükə kimi görüb.
Sorğuya qatılanların 70 faizi uşaqların internetdə çox vaxt keçirməsindən narazı olduğunu dilə gətirib. Lakin çoxluq uşaqların hansı saytlardan, oyunlardan istifadə etdiyi ilə maraqlanmayıb.
Amma qəribədir, yalnız azərbaycanlı ailələr bu cür düşünmürlər. Türkiyə, Almaniya, Rusiya və bir çox digər ölkələrdə də ayrı-ayrı vaxtlarda keçirilən sorğuların nəticələri də göstərir ki, valideynlər uşaqların hansısa təhlükəli qrupun təsirinə düşməsindən, zərərli saytlardan istifadə etmələrindən çox da narahat deyillər. Onları narahat edən əsas məsələ uşaqların internetdə saatlarla vaxt keçirməsidir.
Mütəxəssislər isə narahatdır. İnternetə aludə olanların sayı artır, əvəzində valideyn-övlad, müəllim-şagird münasibətləri kəskinləşir. Nəticədə aqressiv, qeyri-səmimi insan ordusu yetişir.

Əsas narahatçılıq

İnternetdən gələn təhlükələrlə bağlı valideynlərin məlumatlandırılması üçün bir neçə sayt fəaliyyət göstərir. Məsələn, “ChildNet İnternational” internet səhifəsində valideynlər üçün müəyyən tövsiyələr verilib.

Mütəxəssislərin fikrincə, valideynlər uşaqlar və yeniyetmələrlə danışmaqla internetə daxil olma ilə bağlı qaydalar təyin edə bilərlər ki, bu da çox effektlidir: “Narahatlıqlarınızı onlarla müzakirə edin və internet istifadəsi ilə bağlı ümumi qaydalar yaradın. Bu, onların məlumatlılığını artıracaq, qaydaların səbəblərini başa düşməyə imkan verəcək və onlara təhlükəsiz halda şəxsi kompüterdən istifadə etməyə şərait yaradacaq. Uşaqlarınızla onların internetə girmə vaxtlarını, internetdə qaldıqları vaxtın müddətini, onların daxil olacaqları uyğun saytları və internetə daxil olma səbəblərini qərarlaşdırın. Onlara bu qaydaların niyə qoyulduğunu və bu qaydaların onların əyləncəsinə son qoymaq məqsədi daşımadığını izah edin, onlar üçün icazə verilən və icazə verilməyən məsələləri ayırd edin”.
Mütəxəssislər hesab edirlər ki, internetdə pulsuz proqram təminatı, şəkillər və oyunların yüklənməsi istifadəçi üçün həmişə maraqlı olub. Ancaq uşaqlar kompüterdən istifadə edirsə, onda qeyri-rəsmi yükləmələrə qadağa qoymaq lazımdır.
Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz də virtualaz.org saytına açıqlamasında bir neçə tədbirlə uşaqları internetdən qorumağın mümkün olduğunu düşünür: “İnternetdən uşaqlara təhlükə daim var. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu məsələni müzakirə etməsi təqdirəlayiqdir. Lakin müzakirələrə, tədbirlərə müstəqil ekspertlər, mütəxəssislər, QHT-lər dəvət edilmir. Biz Təhsil Nazirliyi ilə birgə filtrasiya sistemi yaratmışıq. Bu sistemlə məktəblərdə informasiyalar bir növ süzgəcdən keçirilir. Məsələn, coğrafiya müəllimi coğrafiya ilə bağlı məlumat axtarır. Axtarış sistemində zərərli informasiyalar çıxmır. Amma evlərdə internet təhlükəsi daha ciddidir. Valideynlər uşaqları internetin zərərindən qorumaq üçün məlumatlı deyillər, problemin öhdəsindən gələ bilmirlər”.
Osman Gündüzün sözlərinə görə, provayderlər təmizlənmiş internet təklif edə bilərlər: “Məsələn, provayderlər “halal” internet təklif edə bilərlər. Valideynlər bunu almaqla uşaqlarını zərərlərdən qoruya bilər. Ancaq mətbuat və televiziyalar da maarifləndirici təbliğatlar aparmalıdır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi uşaqları təhlükəli oyunlardan qorumaq üçün alternativ variantlar təklif etməlidir. Məsələn, milli-intellektual oyunlar hazırlanmalıdır. Biz uşağa digər oyunu qadağan edəndə alternativ resurs təklif etməliyik”.
Psixoloq Sevda Əliyeva isə uşaqların internetdən istifadəsinə qadağa qoyulmasının tərəfdarı deyil: “7-16 yaş qrupları qadağalara daha həssasdır. Yəni əz azından qadağanın onların xeyrinə olduğunu əsaslandırmaq lazımdır. Əks halsa uşaqda qadağan olunmuş əşyaya, oyuna və ya digər məsələlərə maraq yaranır. Ümumiyyətlə, uşaqların internetdən istifadəsini yasaqlamaq əvəzinə onlara təhlükələrlə bağlı məlumat verilməlidir. Məsələn, bilməlidir ki, çatda tanış olduqları insanlara telefon nömrələrini, ev adreslərini söyləmək təhlükəlidir. Virtual tanışlarla görüşməyin nə ilə sonuclana biləcəyini söyləmək olar. Yəni valideynin özü də bilməlidir ki, uşaqları internet vasitəsilə tanışlıq nəticəsində insan alverçilərinin toruna düşə bilərlər. Missionerlər, cinayətkarlar uşaqları asanlıqla təsirə sala bilirlər”.
Psixoloq onu da deyir ki, uşaqlarla yanaşı bəzən böyüklər də təhlükə ilə üzləşirlər: “Müraciət edənlərdən biri dedi ki, internetdəki tanışına görə 7 illik ailəsini dağıdıb. Lakin oğlan onunla münasibəti ciddiləşdirməyib, əvəzinə əxlaqsız təkliflər edib. Qadın psixi sarsıntı keçirmişdi. Ata isə uşaqlarını anasına göstərməkdən imtina edirdi.
Daha bir ailə 9 yaşlı uşağın internetə bağlı olmasından şikayətlənirdi. Valideyn düşünüb ki, uşağın nəzarətsiz qalmaması üçün ən yaxşı üsul kompüter arxasıdır. Təsəvvür edin ki, uşaq kompüterin arxasından durmaq istəmirdi. 9 yaşı olsa da anasının köməyi olmadan geyinib-soyunmaqda çətinlik çəkirdi. Evdə özünü gah aqressiv, gah da özünə qapalı aparırdı. Onunla 12 kurs işlədik”.
S.Əliyevanın fikrincə, 6 yaşına qədər uşaqların internetdən istifadə etməsinə icazə verilməməlidir: “Ana uşağın intellektindən, yaddaş problemindən şikayətlənir. Bəlli olur ki, uşaq gün ərzində 3-4 saat internetdə, telefonda oynayır. Amma kitaba heç marağı yoxdur. 6 yaşına qədər uşaqlar ən yaxşı halda 5-15 dəqiqə internetdə oyun oynaya bilər. Yaxşı olar ki, uşaqlar onların yaş qrupuna uyğun oyunlardan istifadə etsinlər. Valideynlər nəzərə alsınlar ki, internet də narkotika, siqaret kimi asılılıq yaradır”.
...Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təkliflər hazırlayaraq hökumətə təqdim edəcəyini deyir. Biz də müzakirələrin, pafoslu çıxışların real nəticələrlə sonuclanacağına ümid edirik. Gözləyək...
Jalə Ağazadə