backend

Milli Məclisin ağlamalı gülməcələri

Milli Məclisin ağlamalı gülməcələri
























(Əvvəli keçən sayımızda)

Görüşdən də yayınarlar?!


Milli Məclisin nümayəndə heyəti Tiflisə gəlib çatan zaman rəsmi ziyafət verilir. Zeynəddin Xasmətov, Umar Efendiyev və Böyükağa Qurbanov bir gürcü deputat dostları ilə yavaşçadan məclisi tərk edib gedirlər keyfə. Möhkəm yeyib-içib səhər saat 5-də özlərini mehmanxanaya çatdırırlar.
Saat 9-da isə Gürcüstan parlamentinin sədri Zurab Jvaniya ilə rəsmi görüş var. “Ləzgilər içkiyə dözümlü olur” deyib, Zeynəddin müəllimi geyindirib görüşə yola salırlar, özləri isə yuxularına davam edirlər.
Zurab Jvaniya görüşdə iştirak edən gürcü deputatları təqdim edəndən sonra növbə Azərbaycan Milli Məclisinin sədri Murtuz Ələsgərova çatır. O, Gürcüstanda yaşayan soydaşlarımızın hüquqlarına altdan yuxarı işarə edə-edə başlayır özü ilə gətirdiyi nümayəndə heyətini təqdim etməyə:
- Bildiyiniz kimi Azərbaycanda bir çox xalqların nümayəndələri yaşayır və bizim dövlət onların hamısının qeydinə qalır. Məsələn, Xaçmaz rayon əhalisinin çox hissəsi ləzgidir, həmin bölgəni bizim nümayəndə heyətində Qurbanov təmsil edir.
Deputat Qurbanov isə həmin vaxt yuxu bişirməkdəydi. Zeynəddin Xasmətov görür ki, vəziyyət pisdir, fikirləşir ki, əşşi kimdir burda onu tanıyan, Qorbanovun əvəzinə ayağa durub-oturur.

Bir iki nəfərdən sonra Murtuz müəllim sözünə davam edir:
- Azərbaycanda milli azlıqların hüquqlarına ciddi fikir verilir. Biz öz heyətimizə Gürcüstanla həmsərhəd rayonlardan nümayəndə də daxil etmişik. Onlardan biri də deputat Umar Efendiyevdir.
İslanmışın yağışdan nə qorxusu. Zeynəddin bu dəfə də Umar Efendiyevin yerinə qalxıb-oturur.

Yenə bir iki nəfərin təqdimatından sonra Murtuz Ələsgərov deyir:
- Qusar rayonundan deputat Xasmətov.
Zeynəddin müəllim fikirləşir ki, bəs hamının əvəzinə durdu, öz əvəzinə durmasın?! Bir də qalxıb-oturur. Gürcülər özlərini vururlar görməməzliyə və başlayırlar danışıqlara. Bu dəm Murtuz müəllim solunda oturmuş Zeynəddin Xasmətova tərəf əyilib onun qulağına pıçıldayır:
- Görürsən, bizim deputatlar nə namərddilər?! Həmişə şikayətlənirlər ki, bizi niyə xaricə aparmırsan? Gətirmişəm də! Bəzisi heç rəsmi görüşə də gəlmir! Bundan yayınmaq olar? O birilər heç, o Zeynəddin var e, alçaq, görəsən o, niyə gəlməyib?

Millətin yazıqlığı

Parlamentdə “Yol hərəkəti haqqında” qanunun müzakirəsində növbə deputat İbrahim Qafarova çatanda həmkarı Eldar İbrahimov arxadan çağırır ki, “ay deputatlar, heç nə eşidilmir, sakit olun, bu kişi mütləq vacib bir söz deyəcək”. Və yanılmır. İbrahim müəllim adəti üzrə layihəni eninə-uzununa tərifləyəndən somra deyir:

- Amma bəzi çatışmazlıqlar da var. Vaxtilə bir qanun qəbul olundu ki, kiril əlifbasından latına keçək. Yazıq millət qaldı avara. Latınla yazıldığına görə hələ hamı bir yana, mən - bu xalqın ziyalısı qanun layihələrini indiyə qədər düz-əməlli oxuya bilmirəm. İndi də deyirsiz ki, maşınların nömrələri ərəb rəqəmələri ilə yazılacaq (ərəb rəqəmləri elə 1, 2, 3-dür). Bəs bu millət yazıq deyil, ərəb rəqəmlərini nə təhər öyrənəcək?

P.S. İşin ən qəribə tərəfi budur ki, mən bu əhvalatı deputat həmkarlarıma danışanda əvvəlcə təəccüblə üzümə baxdılar. Və ancaq deyəndən sonra ki, ərəb rəqəmləri elə bizim indi istifadə etdiklərimizdir, başladılar gülməyə.

P.S.S. Əstafurullah, birdən siz də indi gülərsiz ha!

Müxalifətin paxıllığı


Siyasi liderlər Etibar Məmmədovla İlyas İsmayılovun canlı yayımla çıxışından sonra “Sara” televiziyasını bağladılar. Bir neçə gün sonra Milli Məclisin iclasında deputatlar İmamverdi İsmayılovla Oruc Məmmədov müzakirələrə təbii ki, heç bir məhəl qoymadan şirin-şirin söhbət edirdilər.
- Oruc Paşayeviç, xəbərin oldu da, “Sara”nı bağladılar.
- İmamverdi, bu Etibarı mən çoxdan tanıyıram, doğrudan da, çox-eta-paxıl adamdı. (Oruc müəllimin hərdənbir “eta” deyib rusca danışmağı da var idi)
- Oruc Paşayeviç, mən “Sara”dan danışıram, sən Etibardan. Deyirəm “Sara”nı bağladılar
- İmamverdi, elə mən də ondan danışıram da. Etibar-eta-çox paxıl adamdı.
- A kişi, atın kosmosa nə dəxli?
- Dəxli var. Etibar düz adam olsaydı bircə dəfə gedib - eta- Nizaminin AzTv-də danışardı. Onu da bağlayardılar, - eta-canımız qurtarardı.

Ardı var