backend

Putindən gözlənilməz Ukrayna bəyanatı

Putindən gözlənilməz Ukrayna bəyanatı











Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Fransua Ollandla Moskvanın Vnukovo hava limanındakı görüşündə deyib ki, Moskva Ukraynanın şərqində atəşin dayandırılmasına dair qərarın tezliklə qəbul ediləcəyinə ümid edir.

F.Olland Qazaxıstana səfərindən Parisə qayıdarkən yolüstü Moskva hava limanında enib.
Mətbuat xəbər verir ki, Putinlə Olland arasında danışıqlar planlaşdırılmamışdı və bu görüş barədə qərar son bir neçə saat ərzində qəbul edilib.
Görüş başlanan kimi Fransa prezidenti Ukraynada yaranmış vəziyyətin müzakirəsini təklif edib.

“Moskva üzərindən uçurdum, dedim...”

“Mən Moskva üzərindən uçurduim və qərara gəldim ki, burada dayanıb sizinlə Ukrayna böhranı ilə bağlı ən mühüm problemləri müzakirə edim” - deyib F.Olland.
O deyib ki, bu böhrandan Ukrayna xalqı, Avropa İttifaqı və Rusiya əziyyət çəkir.
Fransa prezidenti bildirib ki, Rusiyanın Qərb ölkələri ilə münasibətləri açıqlıq üzərində qurulmalıdır.
“Biz bizi ayıran yeni divarların yaranmasına yol verməməliyik. Müəyyən bir anda özümüzdə iradə tapıb maneələri aşmalı və qərar qəbul etməliyik” - deyə Olland Putinə bildirib.
Bir saata qədər çəkən danışıqlardan sonra Vladimir Putin jurnalistlərin suallarına cavab verib.
Prezident Putin Ukrayna rəhbərliyini “ölkənin şərqini blokadaya salan elementləri” ləğv etməyə çağırıb və deyib ki, bunlarsız Ukraynanın ərazi bütövlüyünü təsəvvür etmək çətindir.
Vladimir Putin bəyanatına aydınlıq gətirərək bildirib ki, o, blokada elementlərinin qaldırılması dedikdə normal təsərrüfat həyatının bərpasını da nəzərdə tutur.
Rusiya prezidenti deyib ki, Moskva Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.
Putin həmçinin bildirib ki, Ukraynadakı münaqişənin çözümünə dair Minsk razılaşmasının bütün müddəaları yerinə yetirilməlidir, lakin bu şərtlər hələlik hər iki tərəfdən pozulur.
Rusiya prezidenti deyib ki, “Ukraynadakı hazırkı situasiya vəziyyətin yaxın vaxtda yaxşılaşacağına ümidlər yaradır”.

Fransa ya gəmiləri, ya da pulları verməlidir

Jurnalistlərin suallarına cavab verərkən Putin həmçinin bildirib ki, Rusiya üçün Fransada tikilən helikopterdaşıyan “Mistral” kreyserlərinə dair kontraktın şərtlərinə əməl ediləcəyinə ümid edir.
“Ortada hüquqi sənəd - kontrakt var. Biz inanırıq ki, ona əməl ediləcək” - deyib Vladimir Putin.
Putin əlavə edib ki, “əgər istəmirsə, Fransa “Mistral” gəmilərini Rusiyaya verməyə bilər, lakin bu halda onların tikintisinə ödənmiş pulları qaytarmalıdır".
Bununla belə, Rusiya prezidenti jurnalistlərə deyib ki, F.Ollandla danışıqlarda “Mistral” gəmiləri məsələsinə ümumiyyətlə toxunulmayıb.
Ötən ay Fransa prezidenti Ukraynada yaranmış vəziyyətlə bağlı gəmilərin Rusiyaya təhvil verilməsini qeyri-müəyyən müddətə saxlayıb.
Vladimir Putin həmçinin Donbasda təmas xətti boyunca artilleriya və raket qurğularının geri çəkilməsinə çağırıb.
O əlavə edib ki, bu barədə tərəflər arasında, ümumiyyətlə fikir ayrılığı olmayıb və saziş müddəası yerinə yetirilməlidir.
Vladimir Putin bildirib ki, atəş tezliklə dayandırılmalı, insanların öldürülməsinə son qoyulmalıdır.
Onun sözlərinə görə, bunlarsız hər hansı siyasi prosesin başlanacağına ümumiyyətlə ümid etmək olmaz.

Krımın ilhaqından sonra Rusiyanın birinci qonağı

Qərb mətbuatı diqqəti belə bir məqama çəkir ki, beləliklə, Fransua Olland Krımın ilhaqından sonra Rusiyada Vladimir Putinlə görüşən ilk Qərb dövlət başçısı olub.
O, öz növbəsində görüşdən sonra Fransa televiziyasına şərhlərində bildirib ki, “sabah, ola bilsin birisi gün atəşkəs baş versin”.
Prezident bu barədə Vnukovo görüşü zamanı əldə olunmuş razılaşmanın təfərrüatlarını açıqlamayıb.
Bu arada Ukrayna paytaxtı Kiyevdə prezident Poroşenko deyib ki, 5 sentyabr atəşkəs sazişinin icrası üçün danışıqlara başlanması barədə ilkin razılaşma əldə olunub.
"Reuters" agentlityi yazır ki, Poroşenko, Olland və Putinin eyni razılaşmadan danışıb-danışmadıqları bəlli deyil.
Poroşenkonun sözlərinə görə, yeni danışıqlara dekabrın 9-da başlanacağı gözlənilir.
"Reuters" həmçinin qeyd edir ki, Krımın ilhaqı faktı ortada ola-ola, Vladimir Putinin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi barədə bəyanatı çətin, Kiyevi və ya ABŞ-ı qane etsin.