“ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ ÜÇÜN GERİ SAYIM BAŞLADI ...” – Rusiyalı məşhur ekspertdən Süleymaninin qətlilə bağlı təhlil

gundem / Siyasət / Dunya 6-01-2020, 19:31


“Süleymaninin ölümü 1914-cü ildə Frans Ferdinandın qətlini xatırladır...”


Onsuz da uzun illərdir qaynayan qazanı xatırladan Yaxın Şərq, ABŞ-ın İran İnqilab Keşikçilərinin Qüds qüvvələri komandanı, nüfuzlu general Qasım Süleymanini qətlə yetirilməsindən sonra ümumiyyətlə, gələcəyinin proqnozlaşdırılması mümkün olmayan regiona çevrildi. Artıq bütün planetin diqqət mərkəzində olan bu region təkcə ABŞ-la İranın deyil, bütün dünya güclərinin açıq savaş meydanına dönməkdədir.
Süleymaninin qətlindən əvvəl regionda baş verənlər, eləcə də bu hadisədən sonra ABŞ və İranın qarşılıqlı təhdid və hədə-qorxuları onu deməyə əsas verir ki, tərəflərin heç biri geri çəkilmək niyyətində deyil. Bu isə böyük fəlakətlərə səbəb ola biləcək hadisələrin baş verəcəyi ehtimalını xeyli artırır.

Bu arada tanınmış rusiyalı hərbi ekspert Pavel Felqenqauerin “Novaya Qazeta” dərgisində Yaxın Şərqdə baş verənlərin mümkün perspektivlərinə dair maraqlı məqaləsi dərc edilib.

“AzPolitika.info” xəbər verir ki, rusiyalı ekspert məqaləsində kifayət qədər pessimist proqnozla çıxış edərək, belə qənaətə gəlməyə əsas verən detalları sadalayıb.

Felqenqauer yazısında xatırladır ki, Süleymani hələ 1998-ci ildən “Qüds” briqadasının dəyişməz komandanıdır və son illər İranın Suriya, Livan və İraqdakı şiə hərbi birləşmələrinin əsas koordinatoru sayılır.

Ekspertin fikrincə, əsas hədəfi İranın Yaxın Şərqdə hegemonluğunu təmin etmək olan Süleymaninin ABŞ-ın özünün İraqdakı səfirliyi və hərbi obyektlərinə edilən hücumlarının təşkilatçısı hesab etməsi təbiidir.

O, xatırladıb ki, ABŞ İran generalını Suriya, İraq, Livan və ümumilikdə Yaxın Şərqdə kütləvi qətllərin törədilməsində ittiham edib. Ekspert həmçinin vurgulayıb ki, Süleymani dəfələrlə məxfi şəkildə Rusiya paytaxtına gələrək, ölkə rəhbərliyi ilə görüşlər keçirib.


Rusiyalı mütəxəssis qeyd edir ki, bütün bunlara paralel olaraq, hələ ötən ilin 20 iyununda ABŞ-ın 131 milyon dollar dəyəri olan “RQ-4 Global Hawk” strateji Pilotsuz Uçan Aparatının İran tərəfindən vurulmasından sonra belə Tramp Pentaqonun bütün təzyiqlərinə baxmayaraq İrana hansısa formada hərbi zərbə endirməkdən boyun qaçırıb. Daha çox iqtisadi sanksiyaları kəskinləşdirməyə üstünlük verib.

Ancaq vəziyyət ABŞ Konqresində Trampa qarşı impiçment məsələsinin qaldırılmasından sonra kardinal şəkildə dəyişib: “Demokratlar Konqresdə Trampa impiçment elan etdilər. Və əgər o, 2020-ci ilin noyabrında seçkini uduzsa, təkcə hakimiyyətdən məhrum olmaya, həm də həbsə düşə bilər.”

Felqenqauerin fikrincə, vəziyyəti dramatikləşdirən əsas məqam daxili siyasi gərginliyin təkcə ABŞ deyil, Yaxın Şərqdə marağı olan bütün əsas oyunçularda mövcud olmasıdır: “Əsas bəla odur ki, oxşar situasiya hər yerdə müşahidə olunur. İranda iqtisadi sanksiyalar səbəbindən kütləvi narazılıqlar baş qaldırıb.Hakim siyasi qüvvənin daxilində isə çoxsaylı ziddiyyətlər var. Təkcə son etiraz aksiyalarında 2000-dək insan qətlə yetirilib.

İraqda kütləvi etirazlar və şiə hərbi birləşmələrinə etiraz edənlərin kütləvi şəkildə qətl edilməsi, həmçinin Livanda etirazların davam etməsi müşahidə olunur. Həmçinin, Suriyada əhalinin böyük hissəsi mövcud rejimə qəti şəkildə nifrət edir.”


Rusiyalı ekspert İsrail və regionda marağı olan digər ölkələrdə də böhranlı vəziyyətin mövcud olduğunu qeyd edir: “İsraildə siyasi böhran davam edir. Burada artıq il ərzində üçüncü seçki keçiriləcək. Baş nazir Benyamin Netanyahu siyasi həyatı uğrunda mübarizə aparır və yenə də uduzacağı təqdirdə həbsə atıla bilər.

Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanının da öz daxili problemləri var. Bunların hər birində “müharibə partiyaları” mövcuddur və onların nüfuzu getdikcə daha çox liderin savaşı “xilasedici kəmər” şəklində görməsilə daha da artır.”

Nəhayət, hadisələrin mümkün ssenarisi barədə fikrini bölüşən Felqenqauer ən təhlükəli perspektivi İranın ABŞ-a cavab olaraq, İsraili vurmasında görür: “İran İsrailə qisas zərbəsi vura bilər. Misal üçün Suriya və Livandakı ballestik raketləri ilə. Belə ki, mərhum Süleymani İraq, Suriya və Livandan keçən şiə koridoru yaradaraq, məhz Yerusəlimi hədəf almağa çalışırdı. Netanyahu isə buna cavab olaraq, əlində olan hər şeylə İranın Suriyadakı qüvvələrinə zərbə endirəcək. Və bu zaman Suriyadakı Rusiya hərbçiləri getdikcə güclənən ABŞ-İsrail və İran-Suriya qarşıdurmasında atəş altında qala bilər.”

Rusiyalı ekspertin fikrincə, məhz bu zaman vəziyyət tamamilə nəzarətdən çıxa, hətta dünya müharibəsi baş verə bilər.

Felqenqauer oxşar situasiyanın Birinci Dünya Müharibəsi öncəsi 1914-cü il iyunun 28-dəSarayevodaAvstriya-Macarıstan taxt-tacının vəliəhdi, ershersoqFrans Ferdinandın qətlindən sonra yarandığını xatırladır: “1914-cü ilin yayında ershersoq Ferdinandın Sarayevoda qətli 37 gün sonra heç kimin gözləmədiyi dünya müharibəsinə gətirib çıxardı. Çünki liderlər və siyasi elitalar bu vacib regionda münaqişənin qızışmasının qarşısını ala bilmədilər, yaxud da bunu istəmədilər.”

Birinci Dünya Müharibəsi ərəfəsində baş verənləri hazırda Yaxın Şərqdəki situasiyaya bənzədən Felqenqauer məqaləsini bu cümlə ilə bitirib: “Görünür, günlərin geri sayımı başladı...”

Bia.az
Oxunub: 852
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


ILK-10