backend

İŞİD-çilərə baş kəsdirən, Hüsnü Mübarəki devirən sehrli iksir məlum oldu

İŞİD-çilərə baş kəsdirən, Hüsnü Mübarəki devirən sehrli iksir məlum oldu











Dünyanın ən qorxunc terror təşkilatına çevrilən İŞİD-in başkəsənlər ordusunun hər gün qadın, uşaq, yaşlı demədən İraq və Suriyada insanların başlarını üzüb yan-yana düzməsini, bu terror hərəkatının üzvlərinin kəsilmiş insan başları ilə futbol oynamasını əks etdirən dəhşət görüntüləri internetdə doludur

Bəs bu qədər qəddar başkəsənlər haradan peyda olub? Doğrudanmı İŞİD-çilərin dünyanı dəhşətə salan qəddarlıqlarını onların ideologiyalarından irəli gəlir?
Yaxud on illər boyu diktatorların zülmü altında əzilən məzlum ərəblərin birdən-birə ölümdən qorxmayan mübarizlərə çevrilməsinin, minlərlə qurban versə də Tunis, Misir, Liviya və Suriya rejimlərinin təhlükəsizlik qüvvələrinin qarşısından geri çəkilməyərək “ərəb baharı” fırtınası yaratmasının, Hüsnü Mübarəki, Ben Əlini, Qəzzafini devirməsinin arxasında hansı sehrli güc dayanırdı?
İndiyə qədər “ərəb baharı”nın və onun yaratdığı təlatümlər fonunda meydana çıxan İŞİD-in gah İsrailin, gah da ABŞ-ın əməli olduğu haqda müxtəlif nəzəriyyərlər ortaya atılıb.
Ancaq ərəb ölkələrini bürüyən təlatümlərdə rolu olan “sehrli iksir” də var ki, onun haqqında indiyədək danışan yox idi. İndi İtaliyanın “İl Giornale” nəşri hərbi jurnalist Can Mikalessinin bu “sehrli maddə”, yaxud “dəhşət həbi” haqda araşdırmasını dərc edib.

İŞİD-çilərə baş kəsdirən, Hüsnü Mübarəki devirən sehrli iksir məlum oldu























Kustar yolla hazırlanan amfetamin maddəsi

Söhbət insana fiziki əzablara tab gətirmək gücü verən və onun beynində böyük boşluq yaradan güclü amfetamin maddəsindən gedir. Bu psixotrop maddə “kaptaqon” adlanır, ancaq hamı ona artıq “dəhşət iksiri” adı verib.
Bu maddə “ərəb baharı” ilə birlikdə yayılmağa başladı və Tunisdən tutmuş Misirə, Liviyadan Suriyaya qədər ərəb ölkələrində islamçı kütlələrin özlərini polisin və hərbçilərin zərbələri altında qurban verməsində əsas rol oynadı.
Jurnalist yazır ki, indi bu maddə bütün Yaxın Şərq üçün əsl dəhşətə çevrilib: bu ölümcül amfetaminin yaratdığı ekstazda onun təsiri altında olan insan sifətində təbəssümlə, beyinlərində boşluqla baş kəsir və öldürür.
Kürdlər şahidlik edir ki, bu maddəni Kobanidə öldürülmüş yüzlərlə İŞİD-çinin hamısının ciblərində tapıblar. Qərbli girovların başlarını kəsən və “Cihadçı Con” kimi tanınan britaniyalı İŞİD üzvünün videogörüntülərini analiz etmiş ABŞ kəşfiyyatı onun amfetaminin təsiri altında olduğunu müəyyən edib.
Jurnalist yazır ki, bu preparatı ilk dəfə Misirdə Hüsnü Mübarək rejiminə qarşı döyüşən nümayişçilərin ciblərində tapıblar. Həmin hadisələr zamanı tutulanların bir çoxu etiraf edib ki, nümayişlərin təşkilatçılarından insana güc və qətiyyət gətirən möcüzəli həblər alıblar. O zaman “Müsəlman qardaşları” hərəkatı preparatı Dubaydan və Qətərdən gətirmişdi.
Preparatla bağlı ilk elmi testləri isə İtaliya karabinerləri keçirib. Karabinerlər 2013-cü ildə Liviyadakı parakəndə yaraqlı qruplarını nizami orduda birləşdirmək üçün göndəriləndə onların apardıqları analizlər göstərib ki, potensial kursantların 30 faizdən çoxu narkotik maddə asılılığındadır.
Hazırda belə güclü ehtimal var ki, kaptaqon İŞİD yaraqlılarının fanatizmini heyvani qəddarlığa, vəhşiliyə çevirən preparatdır. Qətərdə, Dubayda və indi İŞİD-in nəzarətində olan ərazilərdə istehsal edilən bu həblər müharibə və terror üçün əsl yanacağa çevrilib.