backend

AYAZ QOCAMANOVUN RƏQİBİ QORXUYA DÜŞÜB - təbliğat kampaniyasına qanunsuz maneələr, şantay və sair...

AYAZ QOCAMANOVUN RƏQİBİ QORXUYA DÜŞÜB - təbliğat kampaniyasına qanunsuz maneələr, şantay və sair...

Ağsuda yerli məmurlar namizədlərin seçicilərlə görüşünə əngəllər yaradırlar.

87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən millət vəkilliyinə namizəd Ayaz Qocamanovun kəndlərdə seçicilərlə keçirilən görüşlərinə kənd icra nümayəndələri və bələdiyyə sədrləri tərəfindən maneçiliklər törədilir. Bu barədə bia.az-a namizədin Ağsudakı qərargahından məlumat verilib.
Məlumatda bildirilir ki, yanvarın 25-də Ayaz Qocamanov Gəgəli, Ləngəbiz, Qəşəd və Bico-Keçdiməz kəndlərində seçicilərlə görüşdə olub. Ləngəbizdən olan seçicilərlə görüşə kənd icra nümayəndəsi Həziran Fərzəliyev əngəllər yaradıb. Belə ki, icra nümayəndəsi əvvəlcədən məktəb müəllimlərinə, qarovulçulara, xadimələrə, ümumiyyətlə, dövlət büdcəsindən maaş alan hər kəsə ciddi şəkildə tapşırıb ki, Tahir Kərimlinin görüşündən başqa, heç bir namizədin görüşünə qatılmasınlar.Eləcə də, A.Qocamanovun görüşü ərəfəsində Həziran Fərzəliyev kəndin əsas küçələrindən birində dayanaraq, görüşə gələn sadə kənd adamlarını geriyə qaytarmağa çalışıb. Buna baxmayaraq, namizədin ləngəbizlilərlə görüşü izdihamlı keçib. Məqsədinə nail ola bilməyən icra nümayəndəsi, kənd sakinlərinin öz topladıqları vəsait hesabına kəndin palçıqdan yerimək mümkün olmayan iki küçəsinə çınqıl tökülməsini "namizədin əməli" kimi qiymətləndirməklə, rayon rəhbərliyinə yalan məlumat çatdırıb. Təbii ki, məlumatın saxtalığı bu məkrli niyyətin də üstündən xətt çəkib.


Qərargahdan bia.az-a bildirilib ki, Qəşəd kəndinin icra nümayəndəsi Tahir Feyzullayev də seçicilərin görüşə gəlməsinə mane olmağa çalışıb. Qəşəd kəndinin giriş qapısında Ləngəbizin icra nümayəndəsi ilə görüşərək, görüşün pozulması üçün plan cızan Tahir Feyzullayev, Ayaz Qocamanovun həmin yerdən keçən vəkillərindən birini görərək, özünü itirib. Tahir Feyzullayev vəkildən soruşub ki, niyə onun kəndində görüş keçirirlər? "Hər namizədin sərbəst təbliğat-təşviqat aparması konstitutsion hüquqdur. Siz niyə kəndin adından danışırsız?" - deyə, cavab verib. Qəşədin icra nümayəndəsi "bizim öz namizədimiz var, gedin, başqa yerdə görüş keçirdin!" - deyərək, tez maşınını işə salıb və Ləngəbizin icra nümayəndəsinə "gedək ora xəbər verək" - səslənməklə, bir-birinin ardınca rayon mərkəzinə tərəf üz qoyublar. Vəkil onların "aradançıxma" gedişini qısa da olsa, lentə ala bilib.

Əlbəttə, Qəşəd kəndində də namizədlə seçicilərin görüşündə yüksək kütləvilik müşahidə olunub. Bico və Keçdiməz seçiciləri ilə görüşə də süni əngəllər yaradılıb. Qərargahdan bildirildiyinə əsasən, bu dəfə baş rolda Bico kənd icra nümayəndəsinin müavini Ayət Abasov və kənd bələdiyyəsinin sədri Mirağa Dadaşov olub. Həmin gün Keçdiməz kəndində keçirilən toy mərasimində iştirak edən adı çəkilən məmurlar, camaata təzyiq sözləri ilə bildiriblər ki, heç kəs Ayaz Qocamanovun görüşünə getməsin. Bununla kifayətlənməyən Ayət Abasov və Mirağa Dadaşov Bico kəndinin küçələrində gəzərək, görüşə gedən sakinləri fikirlərindən döndərməyə çalışıblar. Qanunu pozduqlarının fərqinə varmayan kənd rəhbərləri, nəticə etibarilə görüşün baş tutmasını məhdudlaşdıra bilməyiblər.

Gəgəli kəndində isə seçicilərin namizədlə sərbəst görüşünə hər hansı formada əngəl yaradılması müşahidə olunmayıb.
Ağsunun kəndlərində baş verən məmur özbaşınalıqları ilə bağlı rayon DSK-na artıq məlumat verilib.

Bütün bu əngəllərə baxmayaraq yuxarıda qeyd olunan kəndlərdə millət vəkilliyinə namizəd Ayaz Qocamanovun görüşləri yüksək fəallıqla baş tutub. Görünən budur ki, Ayaz Qocamanovun getdikcə seçicilərin böyük dəstəyini qazandığını görən rəqibləri onun təbliğat kampaniyasına qanunsuz maneələr törətməyə çalışırlar.
Növbəti sayımızda bu barədə ətraflı məlumat veriləcək.