backend

"Qovulan, fitə basılan deputatlar..." - Rasim Balayevdən sərt tənqid



Azərbaycanın xalq artisti, görkəmli aktyor Rasim Balayev MSK tərəfindən nəticələri ləğv edilən deputatlığa namizədlərdən danışıb.

"Yeni Sabah" xəbər verir ki, Rasim Balayev Demokrat.az-a açıqlamasında bildirib ki, həmin dairələrdə keçmiş deputatlar tərəfindən yol verilən qanunsuz hərəkətlər ölkə başçısının həyata keçirdiyi islahatlara xələl gətirir:

"Cənab Prezident deyir ki, islahat olsun, gənclər gəlsin, bu yaşlı adamlar yenə özlərini ortaya atırlar. Adamda ağıl yaxşı şeydir. Misal üçün, mən öz rayonumdan danışmaq istəyirəm. Eşitmişəm ki, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində əksəriyyət Tahir Kərimliyə səs verməyib. Bu adam seçki keçilməmişdən əvvəl hər yerdə danışırdı ki, mən seçiləcəm və sairə. Axı bu adam seçkinin nəticəsini əvvəlcədən necə bilir? Adam 5 ildir ki, deputatdır, amma heç kəsin problemi ilə maraqlanmayıb".

Xalq artisti deyib ki, bəzi deputatlar seçiciləri tərəfindən qovulsa da, amma onlar yenə də namizəd olurlar:

"Cənab Prezident sizi istefaya göndərdi ki, artıq yaşlanmısınız, gedin təqaüdə, yerinizə gənclər gəlsinlər. Bunlar utanmadan yenə namizəd oldular. Adamda abır-həya yaxşı şeydir. Parlamentə yeni nəfəs, yeni insanlar lazımdır. Dəfələrlə cənab Prezident də çağırış edib ki, yaşlı insanlar öz yerlərini gənclərə verməlidirlər. Amma Milli Məclisdə elə adamlar var ki, 25-30 ildir deputatdırlar. Bu qədər vaxtdır parlamentdə oturublar, ancaq bir dəfə də olsun xalqın xeyrinə nə isə danışmırlar. Özləri üçün oturub vaxt öldürürlər. Şübhəsiz ki, bunu bütün deputatlara şamil etmək olmaz. Onların içərisində seçiciləri problemlərini dinləyib, onu gündəmə gətirən adamlar da var".

Rasim Balayev qeyd edib ki, bəzi vəzifəli şəxslərə görə xalq da dövlətdən narazı salınır:

"Həmin deputatları xalq istəmir, seçicilərin əksəriyyəti həmin namizədlərdən narazıdırlar, ona səs vermirlər. Ötən gün cənab Prezident çox haqlı olaraq bildirdi ki, seçkilərdə qanunsuz hərəkətlərə yol verən şəxslər cəzalandırılacaq. Qoyun onlar cəzalandırılsın, xalq da həqiqəti görsün. Axı nə qədər köhnə sifətləri görmək olar. Həmin deputatları dəfələrlə qovurlar, fitə basırlar, amma adamların iradəsi yoxdur ki, düşünsünlər. Onlar özlərinə sual verməlidir ki, əgər məni buradan qovurlarsa, mən niyə deputat olamlıyam? Düşünürəm ki, cənab Prezident bütün bu cür məsələləri ciddi nəzarətə götürərək lazımı addımlar atacaq. Yeni və xalqın istədiyi adamlar olmalıdır ki, onlar da ölkə başçısının islahatlarına lazımı dəstəyi verə bilsinlər".