backend

Ağsuda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələr müzakirə edilib



Ağsu rayonunda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
Yığıncaq iştirakçıları, o cümlədən qonaqlar öncə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Sonra tədbirin keçirildiyi mədəniyyət sarayının foyesində təşkil edilən kənd təsərrüfatı və sənaye məhsullarının sərgisinə baxış olub.
Rayon icra hakimiyyətinin başçısı Vahid Tağıyevin hesabat məruzəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər qeyri-neft sektorunun inkişafı istiqamətində reallaşdırılan layihələrin, aqrar sahədə aparılan islahatların regionların dinamik inkişafını təmin etdiyi, bölgələrin potensialının artmasına və əhalinin rifahının yüksəlməsinə geniş şərait yaratdığı vurğulanıb.
Hesabat ilində yaradılan yeni istehsal sahələri barədə ətraflı məlumat verilib. Belə ki, Ərəbsarvan kəndində ümumi ərazisi 1252 hektar olan “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin qurulması işləri davam etdirilib, ümumi ölçüsü 500 hektar olan sahədə pivot suvarma sistemi qurulub. Nəqliyyat-texnika parkı, yem zavodu və toxum fabriki yaradılıb, ətlik və südlük heyvandarlığın inkişafı məqsədilə 2000 başlıq heyvandarlıq kompleksi inşa edilib.
Rayonda bağçılığın inkişafına da xüsusi yer verilib, 2016-2019-cu illərdə badam bağlarının sahəsi genişləndirilərək 105,5 hektara çatdırılıb. Təkcə 2019-cu ildə 53 hektar sahədə badam bağı salınıb. “Padar Aqro” MMC-nin kənd təsərrüfatı məhsullarının istehsalı kompleksinin tikintisi davam etdirilib, Gəgəli bələdiyyəsi ərazisində toxumçuluq təsərrüfatı və heyvandarlıq kompleksi genişləndirilib. Nüydü bələdiyyəsi ərazisində və Daşdəmirbəyli kəndində taxıl saxlama anbarları kompleksi istifadəyə verilib.
Hesabat məruzəsində təmir-tikinti işləri, o cümlədən mədəniyyət sarayı, yol, məktəb, körpələr evi-uşaq bağçası və digər sosial sahələrdə xeyli layihələrin reallaşdırıldığı diqqətə çatdırılıb. Rayonda 2019-cu ildə ümumi məhsul buraxılışı əvvəlki illə müqayisədə 11 milyon manat artaraq 212,7 milyon manat olub. Kənd təsərrüfatı 11,1 faiz artıb, istehsalçılara dövlət maliyyə yardımı davam etdirilib. Ənənəvi məhsullardan sayılan barama istehsalının bərpası ilə bağlı işlər sürətləndirilib. Baramaçılığın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 2016-2019-cu illərdə 196,5 min tut tingi əkilib ki, bunun 47,5 mini ötən ilin sonunda gətirilən tinglərdir. Hesabat ilində 9,96 ton barama tədarük olunaraq emal müəssisələrinə satılıb.
2019-cu ildə 28 milyon manatlıq sənaye məhsulları istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 3,4 dəfə çoxdur. Cənubi Qafqaz regionunda ən iri müəssisələrdən olan “Az-Granata” MMC-nin şirə və şərab emalı zavodunda şirələr, alkoqollu içkilər və şərabların satışından daxil olan gəlirlər 2018-ci illə müqayisədə 14 dəfə artaraq 21 milyon manat çatıb. Hesabat ilinin sonuna istehsalatda çalışan işçilərin sayı 825 nəfər olub. Müəssisələrin məhsulları yerli bazarlarda satılmaqla yanaşı, bir çox inkişaf etmiş ölkələrə də ixrac olunur. Bunların sırasında ABŞ, Yaponiya, Fransa, Kanada, Rusiya, Çin, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələr var.
Məruzə və çıxışlarda hesabat ilində görülmüş işlərlə yanaşı yol verilmiş nöqsanlardan da ətraflı danışılıb. Xüsusilə strateji sahə olan pambıqçılıqda, təhsil sahəsində və sair ciddi nöqsanlar geniş təhlil olunub.
Prezident Administrasiyasının sektor müdiri Nəsir Muxtarlı yığıncaqda çıxış edib, qarşıda duran konkret vəzifələrdən danışıb.
Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.