backend

Naftalan Aslanovların inhisarında

Naftalan Aslanovların inhisarında














Əmi-qardaşoğlu tandemi Naftalanı "özəlləşdirib"


Ölkənin ən gənc icra başçılarından biri olan Natiq Aslanov rayonun bütün gəlirli sahələrini qohumlarının ixtiyarına verib. Xatırladaq ki, Natiq Aslanov 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputat olan Mahir Aslanovun qardaşı oğludur. Mahir Aslanov isə ölkəninin tanımış biznesmenlərindən biri hesab olunur və o millət vəkili seçildikdən sonra da, biznes sahəsində uğurlu layihələrini davam etdirməkdədir. Millət vəkilinin təmsil etdiyi Naftalan və Goranboy şəhərində də böyük biznes sahələrinin olduğu bildirilir. Naftalandan daxil olan və dəqiqləşdirdiyimiz məlumata əsasən “Naftalan Vannası” sağlamlıq mərkəzinə gedən yolun üstündə icra başçısı, millət vəkili və Aslanovlara yaxın qohum olan başqa bir neçə nəfərin iri obyektləri tikilib.

Həmçinin Natiq Aslanovun sahibkarlıq biznesi ilə birbaşa məşğul olduğunu məlumat verən mənbə bildirir ki, icra başçısı rayonun dövlət torpaqlarını bütünlüklə zəbt edib və burada özü üçün, həm də Mahir Aslanov üçün şəxsi təsərrüfatlar yaradıb. Bu təsərrüfatlar içərisində heyvandarlıqdan tutmuş balıqçılıq sahəsinə qədər var və həmin təsərüfatları da başçının yaxın qohumları idarə edir. Daxil olan məlumatda həmçinin bildirilir ki, Natiq Aslanov Naftalan şəhərinin abadlaşdırılması üçün ayrılan 150 min manat vəsaiti sadəcə sənədləşdirmədə hansısa işə sərf edib. Çünki sənədləşdirmədə qeyd olunan küçələr və yollara yamaq vurulub. Yəni hansısa bir təmirdən söz gedə bilməz. Bildirilir ki, icra başçısı Naftalan küçələrinin yollarının təmir edilməsini özünə yaxın olan “İlqar-MR” MMC-yə həvalə edib və həmin şirkətin hesabına 150 min manat vəsait köçürüb.

Naftalan Aslanovların inhisarında
Mənbə qeyd edir ki, Natiq Aslanovun qarşısına qoyduğu məqsəd ondan ibarətdir ki, Naftalanda öz sahibkarlıq subyektlərini artırıb inkşaf etdirsin və yaxın gələcəkdə başqa böyük bir rayonun rəhbərliyinə göndərilsin. Apardığımız araşdırma nəticəsində İcra başçısı və onun deputat qohumu Mahir Aslanovla bağlı daha ilginc məlumatlar əldə olunub. Məlumatlara görə, Mahir Aslanov “Happy İnn” hoteli üzərindən nazirliklərlə qarşılıqlı maxinasiyalar edir. Milli Məclisdə nadir hallarda, bəzən isə heç bir zaman səsi çıxmayan deputatlardan olan, 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən seçilmiş Mahir Aslanovla bağlı başqa maraqlı məlumatlar da əldə etmişik.

Belə ki, redaksiyamıza verilən digər məlumata görə, böyük biznes şəbəkəsinə malik olan deputatın nəzarətində olan əsas sahələr otelçilik və mebel istehsalıdır. Deputat M.Aslanovun əsas gəlir yerlərindən biri Nəsimi rayonunun Abbas Səhhət küçəsində yerləşən “Happy İnn” hoteli sayılır.

Naftalan Aslanovların inhisarında
Məlumatlara görə, şəhərin heç də gediş-gəlişi gur olan yerində yerləşməyən bu hoteldə müştəri sarıdan korluq çəkilmir. Səbəbi isə çox sadədir. Redaksiyamıza məlumat verən mənbəninin sözlərinə görə, Mahir Aslanov Mədəniyyət və Turizm Nazirliyi, Gəncələr və İdman Nazirliyi və bir çox başqa nazirliklərlə anlaşma əldə edib. Həmin anlaşmaya əsasən adları çəkilən nazirliklərin xətti ilə ölkəmizə gələn qonaqlar məhz “Happy İnn” hotelinə yönləndirilirlər. Xüsusən ölkəmizə gələn idmançılar, başda futbol klubları olmaqla “Happy İnn” hotelində yerləşdirilir. Eyni zamanda, ölkəmizə gələn mədəniyyət və şou nümayəndələri də bu oteldə məskunlaşırlar.

Məsələ ilə bağlı redaksiyamıza daxil olan məlumatlarda başqa bir ilginc məqam da yer alıb. Həmin məlumatlara görə, nazirliklə deputat arasındakı bu anlaşma əsasında tərəflərin hər ikisi qazanc əldə edirlər. Belə ki, xərcləri nazirlik tərəfindən çəkilən qonaqların otel xərcləri sənədlərdə bir neçə dəfə şişirdilir. Mahir Aslanov şişirdilmiş otel qiymətlərini sonradan nəğdləşdirərək əldə olunan gəlirin yarısını nazirliklərdəki və idman klublarındakı «dostlarına» geri qaytarır.

Deputatın digər əsas gəlir mənbələrindən biri də mebel biznesi ilə bağlıdır. Qeyd edək ki, «Kəpəz Holdinq»ə sahib olan Mahir Aslanovun şirkətlər qrupunda bütün sahələri əhatə edən biznes şəbəkələri mövcuddur. Ötürülən səhih məlumata görə, Şirkətlər Qrupunun əsas gəlir sahəsi «Kəpəz» Mebel Salonudur. Bu salon da Həsən Əliyev küçəsində yerləşir və dövriyyəsinə görə, heç də digərlərindən geri qalmır. Deputatın nəzarətində olan salonlar şəbəkəsinin əsas yardımçısı isə Dizayn Şirkətidir.

Bundan başqa, deputatın biznesinə tikinti sektoru da daxildir. Hazırda Bakının bir çox yerlərində bina inşa edən şirkətin təklif etdiyi mənzillər də ən bahalılar içərisindədir.

Məlumatda o da vurğulanır ki, Goranboy və Naftalan camaatı deputat kimi Mahir Aslanovun fəaliyyətindən narazıdır. Belə ki, Goranboy və Naftalanda nadir hallarda görünən, orda olanda da vaxtını İcra Hakimiyyətinin binasında keçirən deputatın əhali ilə görüşməməsi onlarda narazılıq yaradıb. Bildirilir ki, Mahir Aslanov rayonun problemləri ilə bağlı ona göndərilən şikayətlərə də baxmır. Üstəlik, onun qəbuluna düşmək də mümkün deyil.

Son zöz əvəzi olaraq bildirək ki, Naftalanın icra başçısı Natiq Aslanov və deputat Mahir Aslanovun rayon ərazisində yaratdığı sahibkarlıq obyektləri və təsərüfat sahələri ilə bağlı redaksiyamıza daxil olan əlavə informasiyanı araşdırdıqdan sonra oxucularımıza məlumat verəcəyik. Qarşı tərəfin də mövqeyini öyrənmək cəhdimiz baş tutmadı. Ancaq buna baxmayaraq yazıda adları çəkilən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.