backend

Ziya Məmmədovun sehrli çubuğu

Ziya Məmmədovun sehrli çubuğu




















Sehrli çubuğu bir dəfə fırladırsan 70 milyon manat bəs eləmir, olur 100 milyon manat, sonra da...

Artıq 3 ildir ki, paytaxt Bakıda nəqliyyat sisteminin təkmiləsdirilməsi məqsədi ilə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi fəaliyyətə başlayıb. Nəqliyyatın İntellektual İdarəetmə Sistemi layihəsi Azərbaycan Nəqliyyat Nazirliyi ilə Cənubi Koreyanın "SKS” şirkəti arasında bağlanmış müqavilə əsasında həyata keçirilib. Bu mərkəz yaradılanda deyilirdi ki, Bakı şəhərində nəqliyyatın hərəkətində yaranmış və getdikcə artan problemlərin aradan qaldırılması üçün ən müasir texnologiyalar tətbiq ediləcək, şəhər nəqliyyatının bir mərkəzdən idarə edilməsi sistemi yaradılacaq. Layihənin əhatə dairəsinə Bakı şəhərinin əsas yolları, çevrə və çevrədaxili paylayıcı yollar, həmçinin paytaxtın mərkəzini ətraf hissələrlə birləsdirən istiqamətlər daxil edildi.
Bildirilirdi ki, İntellektual İdarəetmə Sistemi marşrutlar üzrə avtobuslar arasındakı intervalların avtomatik tənzimlənməsinə, avtomatik rejimdə sürücülərə göstərişlərin verilməsi və ona nəzarətin həyata keçirilməsinə, avtobusların hərəkətinin cari vəziyyəti, hərəkət sürəti, dayanacaqlara çatma və yoladüşmə, avtobuslar və marşrutlar üzrə daşinan sərnişinlərin sayı haqqında məlumatların toplanmasına, sıradan çıxmıs avtobusların xətdən çıxarılmasi və ehtiyat avtobusların xəttə daxil edilməsi proseslərinin avtomatik idarə olunmasına və ona nəzarətə, "pik” saatlarda avtobusların sayının tənzimlənməsinə xidmət edəcək.
Ötən 3 ildə bu sadalananların heç olmazsa 20 faizinin həyata keçdiyini, reallaşdığını görən oldumu? Görünən odur ki, bəh-bəhlə təqdim olunan mərkəz özünü doğrultmadı. Əslində nəqliyyat nəinki intellektual idarə olunmadı, əksinə, yeni problemlər yaranmağa başladı. Belə ki, dayanacaqlarda quraşdırılan məlumat tablolarının demək olar heç biri düzgün işləmədi və bu, yenə də davam edir. Tablolarda avtobuslar arasındakı interval real göstərilmir. Heç saatlar belə düz göstərilmir. İnsanları çaşdıran, onların əsəbləri ilə oynayan analoqsuz "intellektual” sistemimiz təəssüf ki, bu vəziyyətdədir. Hazırda bu mərkəzin bəlkə də yeğanə işi, şəhərin hansısa yollarında tıxacların olmasını göstərməkdir. Belə olan təqdirdə sual yaranır, buna görə dövlətin milyonlarını göyə sovurmağa eytiyac var idimi? Eyni vəziyyəti, yəni yollardakı tıxacları dövlət yol polisinin müşahidə kameraları da aydın şəkildə göstərmirdimi?
Yeri gəlmişkən, qeyd edək ki, Bakıda nəqliyyatın mərkəzləsdirilmiş intellektual idarəetmə sistemi layihəsi üçün əvvəlcə 77 milyon manat nəzərdə tutulsa da, həmişə olduğu kimi bu layihədə də daha sonra xərclər artaraq 100 milyon manata qaldırıldı. Deməli, dğvlətin vətəndaşlarımızın nəqliyyat sistemindən problemsiz istifadəsi üçün ayrılan 100 milyonun üstündən qara bir xətt çəkildi. Əlbəttə, nəqliyyat nazirliyinin başbilənlərinin "uzaqgörən” sosial-iqtisadi siyasətinin nəticəsində...
Burada qeyd etmək yerinə düşərdi ki, nəqliyyat naziri Ziya Məmmədov bir qədər əvvəl Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin fəaliyyətinin özünü doğrultmaması barədə səsləndirilən iradlara belə münasibət bildirmişdi: "Mən bu yöndə suallardan heç vaxt yayınmıram, heç vaxt qaçıb gizlənmirəm. Bəziləri Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzini sehrli çubuq sayırdılar. Hesab edirdilər ki, bu yaradılandan sonra tıxaclar aradan qalxacaq. Avtomobili insanlar idarə edir, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin quraşdırdığı lövhələr, sadəcə, harada sıxlıq olduğunu göstərir”.
O zaman sual yaranır, axı siz demirdinizmi bu sistem inkişaf etmiş ölkələrin nəqliyyat sistemi kimi işləyəcək? Siz demirdinizmi bu sistemlə avtobuslar arasındakı intervallar avtomatik tənzimlənəcək, avtomatik rejimdə sürücülərə göstərişlər veriləcək, ona nəzarətin həyata keçirilməsi, avtobusların hərəkətinin cari vəziyyəti, hərəkət sürəti, dayanacaqlara çatma və yoladüşmə, avtobuslar və marşrutlar üzrə daşinan sərnişinlərin sayı haqqında məlumatlar toplanacaq, "pik” saatlarda avtobusların sayı tənzimlənəcək və sairə, və ilaxır?.. İndi bəs nə oldu, bunlar sehrli çubuq söhbətinə çevrildi?!.
Bütün bu sualların cavabı birdir: paytaxtın nəqliyyat sistemində pərakəndəlik 3 il əvvəlki kimi yenə də hökm sürür. Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov da təsdiqləyir ki, bu layihə nəticəsiz qaldı: "İntellektual idarəetmə sisteminə çox gözəl ofis yaradıblar. Bizim üsün maraqlı o idi ki, bu sistemi həyata keçirəndən sonra bir nəticə olacaqmı? Heç bir nəticə olmadı. Nəqliyyat infrastukturunun, yol hərəkəti təhlükəsizliyinin təşkilində pərakəndəlik yenə də hökm sürür. Nəqliyyat nazirliyi yaradıldı və onlara bəzi səlahiyyətlər verildi, amma görünən odur ki, bütün bunların səmərəsi yoxdur.”
Ə. Hüseynov bəzi səlahiyyətlərin yol polisindən alınaraq nəqliyyat nazirliyinə verilməsinin də özünü doğrultmağı qənətindədir: "Dövlət yol polisinin elə səlahiyyətləri var idi ki, bu alınıb verildi həmin nazirliyiə. Sonra bu nazirlik bir az da qabağa gedərək yollara nişan qoymağa başladı. Bu qanunsuz hərəkətdir. Beş-altı çəllək boyanı alıb gətirib yolların qırağına sürtdülər. Yol hərəkəti təhlükəsizliyi komissiyasının qərarı olmadan yola heç bir nöqtə də qoyula bilməz. Sonralar yollara tablolar quraşdırılmağa başlandı. Bir müddət sonra İntellektual İdarəetmə Mərkəzi yaradıldı. Yol ayrıclarının bəzilərində olan işiqforlar onlara verildi. Bu mərkəz əslində nə ilə məsguldur? İşıqforların bəzilərinin iş rejiminə nəzarət edirlər. İşıqforda problem yarananda DYP-ni ittiham edirlər ki, niyə tıxac yaranıb? İşıqforun iş rejimini isə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tənzimləyir. Düymə onların əlindədir. Dünyanını hər bir yerində İntellektual İdarəetmə Mərkəzinin xüsusi iş rejimi var.”
Ekspert bildirdi ki, bu mərkəzin yaranması heç də problemlərin aradan qaldırılmasına xidmət etmədi. Əksinə, əlavə problemlər meydana gəldi:"Ekspert kimi deyil, bir sürücü və vətəndaş kimi deyə bilərəm ki, bu mərkəzin fəaliyyətinin heç bir nəticəsi yoxdur. Nə dəyişdi? İctimai nəqliyyatda olan problemlər əvvəlki kimi qalıb, tıxacların sayı artıb. Onların bir bəhanəsi var ki, Azərbaycanda avtomobillərin sayı artıb. Azərbaycanda avtomobil orta dünya səviyyəsindən azdır. Ölkədə 8 nəfərə 1 avtomobil düşür. Dünyada 1 milyarddan çox avtomobil var ki, 6,5 nəfərə 1 avtomobil düşür. Biz özümüzü Rusiya ilə müqayisə edək. Məsələn, Rusiyada 4 nəfərə 1 avtomobil düşür, orada avtomobilləsmə səviyyəsi 25 faizə qalxıb. Bizdə isə 13 faizdir. Onda Azərbaycanda bu 50 faizə çatsa nə edəcəklər?”
Ə. Hüseynov paytaxtda işiqforsuz hərəkət mexanizminin yaradılmasını təhlükəli sayır: "Bakı şəhərinin 1000-ə yaxın küçəsi var. O küçələrdən 60-a yaxını yaxşı səviyyədə təmir olunub, yol ötürücləri də normal fəaliyyət göstərir. Yerdə qalanlarının isə vəziyyəti acınacaqlıdır. İndi fəxrlə deyirlər ki, Ziya Bünyadov prospektində işiqforsuz hərəkət mexanizmi yaratmışıq. Bu şəhərin digər küçələri üçün təhlükəlidir. Qələbə dairəsində həmişə tıxac var. Bu pərakəndəlik, sistemsizlik və intellektsizlikdən irəli gəlir. Külli miqdarda vəsaiti xərclədilər, ortada heç bir nəticə yoxdur. İşə kompleks yanaşmaq lazımdır.”
Azərbaycanda məskunlaşma ilə bağlı problemlərin olduğunu qeyd edən Ə. Hüseynov paytaxtda hündürmərtəbəli binaların tikilməsnin nəqliyyat infrastrukturu üçün də problemlər yaratdığını vurğuladı: "Soruşmaq lazımdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Sovetin qoyduğu qırmızı xətti keçərək, 18 mərtəbəli binaların tikilməsinə niyə icazə verdiniz? Bir misal çəkim, nəqliyyat nazirliyinin yanında yaşayış kompleksi tikirlər. Bu kompleksdə yaşayan adam binaya haradan daxil olacaq? Bu orta əsrlərdən qalan təfəkkürdür. XXI əsrdə belə məsələlər olmamalıdır. Bunun qarşisını almaq lazımdır. İntellektual idarəetmə bunlar üçün boş şeydir. Belə gətsə Bakı şəhəri yaşayış üçün yararsız beton cəngəlliyə çeviriləcək.”
Belə olan halda isə yenə də suallar meydana çıxır: Bakıda nəqliyyat sisteminin bərbad vəziyyətini görəsən Cənubi Koreya mütəxəssisləri həll edə bilmədi, buna intellektləri çatmadı, yoxsa burda intellektual idarəetməni intellektsiz vəziyyətə salıb, əhaliyə sırıdılar? Və yaxud bəlkə bizim intellektimiz çatmır ki, nəqliyyat sistemindəki intellektual idarəetməni görüb, ondan bəhrələnə bilək? Bəlkə Ziya Məmmədov düz deyir, sehrli çubuq arzuladığımız yerdə xərclənən milyonların ardınca baxıb köks ötürmək, yollarda əsəb keçirmək, rəngli tablolara baxb təsəlli tapmaq və sairə elə özü də bir intellektual oyunun detallarıdır? O detallar ki, sehrli çubuğu bir dəfə fırladırsan 70 milyon manat bəs eləmir, olur 100 milyon manat, sonra bir də çubuğu fırlayanda görürsən qəşəng bir ofis çıxdı ortaya, içərisində və fəaliyyətində isə intellektual idarəetmədən əsər-əlamət belə yoxdur!

R. ZEYNALLI/Analitik