backend

İmişlidə barama qurdu pripiskasi



QEDİM.AZ  “Bəsləsən atlas olar, tut yarpaqlarından″. Bu ifadəni  işlədən  ata-babalarımız sağ olsaydılar, baramanın bu halını görüb sadə dillə desək, bizə salam verməzdilər. Baramanın və baramaçılığın nə olduğunu bilməyənlər üçün izah edirəm ki, bu ipək qurdudur və geyindiyimiz təbii (əgər varsa) ipək parça bu qurdun məhsuludur. Baramanı saxlayanlara “Kümçü”  deyilir... İmişlidə baramaçılıqla məşğul olanlar sən demə, müqavilə bağlanan kümçülər kənd icra nümayəndələri, kənd bələdiyyə sədrləri  və məktəb direktorları imiş. Bu sahə də sahibkarlıq adlanır.  Görünür, müqavilə bağlatdıranlar, sözsüz ki, bu İmişli Rayon İcra Hakimiyyətidir, bölgünü onlar apartdırırlar və unudurlar ki, vəzifələrə çəkilən bu rəhbər şəxslər sahibkarlıqla məşğul ola bilməzlər. Bu sahə çox böyük gəlir gətirən sahədir. 

   İlkin olaraq, hətta əvvəlcə subsidiya da ayrılır. Bildiyimə görə, barama saxlamaqdan imtina edən 20-dək kənd bələdiyyə sədri möhür və ştamplarını İmişli Rayon İcra hakimiyyətinin icra orqanları ilə iş şöbəsinə(?) gətirib şöbə müdirinin üstünə atıblar. Yalvar yaxardan sonra az çəki ilə razılaşibılar. Bələdiyyə hara, İcra Hakimiyyəti hara? Belə çıxır ki, onlar bu təşkilatdan xeyir-dua alıblar və təyin olunublar. Qeyri-rəsmi  mənbələrə görə, hətta adı çəkilən ″rəhbərciklər” bu canlını  alıb kanala və kollektora da atanlar olub. İzah budur ki, pullarını verib barama pripiskası ilə canlarını qurtaracaqlar. İllər uzunu bu əməliyyat aparılırmış. Əldə etdiyim bu qaynağı yalnız təsadüf nəticəsində öyrdəndim.

     Yoxsa illər uzunu bu tiplərin yaxalarından əl çəkməzdim. Az da olsa, yetişdirilmiş barama təhvil verənlər olub. Onlar da qonşu Zərdab, Kürdəmirin kürqırağı kəndlərinə verib pulla saxlatdırıblar. Tut ağacı qitlığından bu il onların da çoxu imtina edib. Tut ağacı demişkən, İmişlinin Cavadxanlı (hələlik bildiyim)  kəndində 2000 hektar sahədə Çin Respublikasından gətirilmiş tut tingləri əkilmiş və çinli mütəxəssislər öz tövsiyələrini  vermişlər. Lakin bildiyimə görə, orada bir sahibkar arpa-buğda əkir. Adını qoy hüquq-mühafizə orqanları və Kənd Təsərrüfatı nazirliyi tapsın. Bilmək maraqlıdır, görəsən, bu pripiskada Kənd Təsərrüfatı nazirliyinin hansı departamenti və ya şöbəsi məşğul olur.
 
   İndi yeni başçı Elçin Rzayevin üzərinə bir missiya düşüb. Adı çəkilən məmurlara verilmiş ipək qurdundan alınan xammalı naturada gətirib öz gözü ilə gördükdən sonra aparıb lazımı və aidiyyatı anbarlara təhvil versinlər. Elçin müəllim pripiskaya imkan verməməlidir.  Onu da qeyd edim ki, “barama əməliyyatı″ iştirakçıları şayə buraxıblar ki, barama qurdları xəstə imiş. Bəzi məlumatlara görə, başqa rayonlardan pulla barama məhsulu alıb gətirənlər də ola bilər. Deyilənə görə, bu alqı-satqı əgər tutulsa, narkotik alverinə bərabərdir.
     Mövzunun cavabıni aidiyyatı təşkilatlardan gözləyirik.

Qaynarxett.az