backend

Postsovet ölkələri arasında yeni toqquşmalar ola bilər - FOTO




Kreml sahibinin “ərazi hədiyyələri” ilə bağlı son xəbərdarlığı xarici siyasətində Rusiya faktorunu nəzərə almayan ölkələrə qarşı münaqişə xarakterli müxtəlif problemlərin hazırlandığını sezdirir

MDB məkanında siyasi hərəkətlənmə müşahidə edilir. Belə ki, son vaxtlar postsovet məkanı ilə bağlı müxəlif planların olduğu barədə iddialar gündəmə gəlməkdədir. Və iddialar doğrudursa, yaxın gələcəkdə MDB məkanı kifayət qədər ciddi dövlətlərarası mübahisələrə, hətta münaqişələrə səhnə ola bilər.
Əvvəlcə onu qeyd edək ki, SSRİ-nin dağılmasından sonra postsovet məkanında olduqca ciddi keyfiyyət dəyişiklikləri baş verib və bu keyfiyyət dəyişiklikləri vaxtilə mövcud olmuş bir çox ənənələri, qarşılıqlı münasibətlər sistemini əhəmiyyətdən salıb. Eləcə də MDB məkanı dövlətlərinin xarici siyasət kursuna yeni məzmun və hədəflər qazandırıb.
Əlbəttə ki, Rusiyanın MDB məkanının şəriksiz lideri olduğu inkaredilməz reallıqdır. Kreml bu məkanda cərəyan edən bütün proseslərə təkbaşına nəzarət etmək və yönləndirmək hüququnu kiminləsə bölüşməyə həvəsli deyil. Yəni bu məkana ABŞ və Qərbin müdaxilə cəhdlərini kəskin reaksiya ilə qarşılayır. Maraqlıdır ki, hazırda MDB məkanında situasiya fərqli şərtlər üzərində indeksləşib. Belə ki, Kreml artıq bu məkanda əvvəlki hegemonluğunu nisbətən itirməyə başlayıb. Keçmiş sovet respublikalarının bəziləri artıq Rusiyanın təsir darəsindən tamamilə çıxıb.
Məsələ ondadır ki, hazırda Rusiyanın keçmiş SSRİ respublikaları ilə qarşılıqlı münasibətlərini 4 istiqamət üzrə qruplaşdırmaq olar.
Postsovet məkanında silahlı münaqişələr və realpolitik 1905.az
Birinci istiqamət Baltikyanı ölkələri əhatə edir. Bu regiona aid ölkələr – Litva, Latviya və Estoniya Rusiyanın təsir dairəsindən çoxdan qopublar. İndi bu ölkələr tamhüquqlu üzv olduqları NATO-nun “təhlükəsizlik çətiri” altındadırlar və Rusiya həmin regionun itirilməsi ilə artıq barışıb. Hətta bir müddət öncə NATO-nun Baltikyanı regionda hərbi bazalar yaratmaq niyyəti Kreml tərəfindən sərt reaksiya ilə qarşılanmışdı.
İkinci postsovet dövlətləri qrupunda Rusiyanın təsir dairəsindən artıq qopsalar da, Kremlin bu reallıqla barışmaq istəmədiyi ölkələr - Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan yer alır. Kreml ABŞ və Qərblə müxtəlif sahələr üzrə inteqrasiya prosesi keçmiş bu ölkələrə təsir etmək cəhdlərində israrlı görünür. Çünki Baltikyanı ölkələrdən fərqli olaraq, bu dövlətlər NATO üzvü olmadıqlarından Kremlin ümidlərini tam qırmağa nail ola bilməyiblər.
Üçüncü qrupda təbii ki, Rusiyanın öz quberniyası kimi gördüyü iki ölkə - Belarus və Ermənistan yer alır. Düzdür, Belarus son vaxtlar Rusiyanın orbitindən qopmaq istiqamətində kifayət qədər qətiyyətli addımlar atmaqdadır. Bu, Rusiya-Belarus münasibətlərini böhranlı həddə qədər gərginləşdirib. Ancaq bütün bunları Ermənistan barəsində söyləmək mümkün deyil. Rusiyanın forpostu olan Ermənistanda baş nazir Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra rəsmi İrəvan Kremlə bir qədər “naz eləməyə” çalışdı. Ancaq Rusiya Ermənistanı çox tez ram edib, ona yerini göstərdi.
Nəhayət, sonuncu qrupda Rusiyanın öz əlinin altında hesab etdiyi Orta Asiya respublikaları yer alır. Kremldə hesab edirlər ki, bu regiona aid dövlətlər müstəqilliklərini elan etsələr də, həmişə Rusiyaya möhtac olacaqlar. Ona görə də son dövrlərə qədər Rusiyanın bu regionla hər hansı ciddi narahatlığı mövcud deyildi.
Ancaq son vaxtlar Orta Asiyada cərəyan edən proseslər Rusiya üçün “həyəcan təbili"dir.

Mayk Pompeo və Qasım-Comərd Tokayev
Belə ki, Kreml üçün ən üzüyola region sayılan bu məkanda da çatlar müşahidə edilməkdədir. Bəzi Orta Asiya ölkələri, xüsusilə də Qazaxıstan dünyaya açılmağa, ABŞ və Qərblə daha sıx maliyyə-iqtisadi münasibətlər, eləcə də siyasi təmaslar qurmağa həvəs göstərir.
Təbii ki, rəsmi Astananın bu hədəfləri Rusiyanı qıcıqlandırır. Və son dövrlərdə Kreml Qazaxıstana ardıcıl bir neçə sərt xəbərdarlıq mesajı verməkdən özünü də saxlaya bilməyib. Hətta prezident Vladimir Putinin də bir müddət öncə SSRİ dağılarkən bəzi postsovet ölkələrinin, o cümlədən də Qazaxıstanın özünə aid olmayan ərazi “hədiyyə”ləri ələ keçirdiyinə eyham vurması Rusiyanın əndişəli olmasından xəbər verir. Belə anlaşılır ki, Kreml keçmişə yönəlik mübahisələri yenidən gündəmə gətirməyə və Rusiyanın ərazi iddialarını qabartmağa hazırlaşır.
Kremlə yaxın siyasi ekspertlər isə Qazaxıstanı Qırğızıstan ssenarisi ilə hədələyirlər və 2010-cu ildə Oş şəhərində baş vermiş qırğız-özbək toqquşmalarını örnək göstərirlər.
Onların fikrincə, Qazaxıstanda qeyri-qazaxlara qarşı ayrıseçkilik edilir, hətta rəsmi dairələr tərəfindən diskriminasiya siyasəti yürüdülür. Bəzi mənbələrin iddialarına görə, məhz bu iradlar, əslində, rəsmi Astananın işə qəbul prosesi zamanı qazax dilini bilən kadrlara üstünlük verməsinə qarşı qıcıqdan qaynaqlanır.
Məsələ ondadır ki, Qazaxıstanın uzun illər ərzində “ruslar və rus dili” adlı problemi həqiqətən mövcud olub. SSRİ dağılarkən Qazaxıstan əhalisinin 40 faizə qədəri ruslardan ibarət idi. Hətta ruslar o dövrdə paytaxt Alma-Atıda əhalinin mütləq əksəriyyətini təşkil edirdilər. Ona görə də keçmiş prezident Nursultan Nazarbayev bu situasiyanı tədricən qazaxların xeyrinə dəyişmək istiqamətində müəyyən addımlar atmaq məcburiyyətində qaldı. Çünki belə situasiya Qazaxıstan dövlətçiliyi üçün daxili təhdid hesab olunurdu. Hətta N.Nazarbayev problemin həllini sona çatdırmaq üçün Qazaxıstanın paytaxtını Alma-Atıdan Astanaya köçürmək məcburiyyətində belə qalmışdı.
Düzdür, Rusiya buna kəskin etiraz etsə də, Baykanur kosmodromundan ortaq istifadə reallığı Qazaxıstanla ziddiyyətlərin qarşıdurma həddinə çatdırılma təhlükəsini arxa plana keçirmişdi. Və artıq Qazaxıstanda ruslarla bağlı hər hansı ciddi problem qalmamış görünür.
Bununla belə, problemin ikinci hissəsi – rus dili məsələsi hələ də mövcuddur.
Rəsmi Astana son vaxtlar bu problemin həlli istiqamətində də qətiyyətli addımlar atmağa başlayıb. Belə ki, Qazaxıstan hökuməti işə qəbul prosesində qazax dilini əsas tələb kimi irəli sürür. Eyni zamanda ölkədaxili tədbirlərdə və əhali arasındakı ünsiyyətdə qazax dilinin tətbiqini tələb edir.
Kremlə yaxın siyasi dairələrsə, Qazaxıstan hökumətini qazax dilindən ruslara qarşı filtrizasiya vasitəsi kimi yararlanmaqda suçlayır. Halbuki Rusiyada nə qazax dili, nə də başqa MDB ölkəsinin dövlət dili qətiyyən önəm daşımır. Bu baxımdan, Rusiyanın Qazaxıstanda dövlət dilinin öz statusuna uyğun tətbiqindən qıcıqlanmasının məntiqi bir qədər anlaşılmaz qalmaqdadır.
Belə anlaşılır ki, MDB dövlətləri daha çox müstəqilliyə can atdıqca, Kreml də buna paralel olaraq, postsovet dövlətlərini öz təsir dairəsində saxlamaq məqsədilə yeni mübahisə və ya münaqişə səbəbləri icad etməyə çalışacaq. Hazırda Qazaxıstan qazax dilinin dövlət dili statusunun təmin edilməsi ucbatından Rusiyanın hədəfinə gəlib.
Ancaq Kreml sahibinin “ərazi hədiyyələri” ilə bağlı xəbərdarlığı yaxın gələcək üçün xarici siyasətində Rusiya faktorunu nəzərə almayan ölkələrə münasibətdə münaqişə məzmunlu müxtəlif problemlərin hazırlanmaqda olduğunu sezdirir. Bu münaqişələr həm Rusiya, həm də postsovet ölkələrinin öz aralarında toqquşmalara yol aça bilər.
MUSAVAT
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert