backend

“Biz Allahın işinə qarışmırıq” - Səbuhi Rəhimlinin 2015-ci il üçün astroloji PROQNOZLARI

“Biz Allahın işinə qarışmırıq” - Səbuhi Rəhimlinin 2015-ci il üçün astroloji PROQNOZLARI























Müsahibimiz tanınmış astroloq, “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimlidir. İlin sonu olduğu üçün təbii ki, Səbuhi Rəhimli ilə üzümüzə gələn 2015-ci ilin proqnozları barədə danışdıq. Amma müəyyən məsələlər, elmi, sirli məqamlar var idi ki, hamı üçün maraqlı olan proqnozlardan sonra onlara da toxunduq.

- Səbuhi müəllim, qeyd edirsiniz ki, 2015-ci il fevralın 19-da başlanacaq....

- Yanvarın 1-də sadəcə təqvim ili dəyişir. Görürsünüz, Avropada, xristian dünyasında insanlar Yeni il yox, Milad bayramı deyir. Yanvrın 1-də sadəcə rəqəm dəyişir. Amma söhbət sırf astronomik təqvimdən gedirsə, bu dəyişiklik dolça bürcünün ərəfəsində baş verir. Yəni, 20 yanvar - 19 fevral aralığında. Yupiterin hərəkətinə görə bu təqvim təzələnir. Yupiter də heç vaxt yanvarın 1-də olmur. İlin başlanması 2015-ci ildə fevralın 19-na düşür. Heç 2016-cı il isə fevralın 7-də başlayacaq.

- Gələn ilə uğurlu və uğursuz tərəflərdən baxaq. 2015-ci ili necə xarakterizə edərdiniz?

- 2015-ci il göy keçi ilidir. İlin aparıcı planeti Yupiter olduğu üçün onun himayəsində olan iki bürc - balıqlar və oxatan aparıcı bürclər olacaq. Aparıcı illər isə keçi, qaban və pişik illəridir. Mart, dekabr uğurlu aylar sayılır, iyun, sentyabr isə uğursuz aylardır. İl boyu düşərli günlər bazar ertəsi, cümə axşamı, ağır günlər isə çərşənbə axşamı və şənbə günləri olacaq. Bu günlərdə diqqətli olmaq lazımdır. İlin rəngləri göy və bənövşəyidir. İlin daş-qaşı isə sapfir, ametis və zümrüddür. Mən hər il hansı ölkələrin daha aktiv olacağə barəsində də məlumat verirəm. Çox zaman bu, düz çıxıb. Gələn il Orta Asiya, Rusiya, Macarıstan, İtaliya, İspaniya, köhnə Yuqoslaviya, Latın Amerikası (Meksika və Braziliya xaric) daha aktiv olacaq. Bunların da hamısının önündə ərəb ölkələri gələcək.

- Bəs Azərbaycan üçün gələn illə bağlı nə demək olar?

- Azərbaycanda gələn ilin aktiv hadisələri bildiyimiz kimi, I Avropa Olimpiya Oyunları və Milli Məclisə seçkilərdir. Bəri başdan deyim ki, hər ikisi baş tutacaq. Avropa Olimpiya Oyunları yüksək səviyyədə təşkil olunacaq. Terror təxribatı-filan olmayacaq. Parlament seçkiləri yenə də öz vaxtında keçiriləcək. Namizədlər olmdaığı üçün mən proqnoz verə bilmərəm ki, kim seçiləcək, kim yox. Amma hazırki Milli Məclisin ən azı 40 faizi dəyişəcək.

- 2015-ci il fikrinizcə, Azərbaycan üçün nə ilə yadda qalacaq?

- Keçi ili həmişə incəsənət simvolu olub. İncənət aləmində keçi ilində həmişə böyük irəliləyişlər, yeniliklər olub. Kiminsə sensasion şəkildə parlamasına gətirib çıxarıb. Keçi antik dövrdən bu yana simvollaşdırılıb. Yəni öndə gedən, öz arxasıyca aparan bir simvol kimi göstərilib. Ona görə də liderlik kiminsə potensialında varsa, o, 2015-də bunu alındıra biləcək. Keçi ilində bəlkə də heç kəsin ağlına gəlməyən insanlar özünü lider kimi göstərə bilib.
Keçi illərində sui qəsdlər də çox olur. Amma hansısa bir təbii fəlakət, müharibə və yoxdu.

- Qarabağ məsələsində hansısa yenilik barəsində bir söz demək olar?

- Qarabağ məsələsində 2001-2012-ci illərdə nəyinsə olacağını proqnozlaşdırırdıq. Mən bəlkə də yüz yerdə demişdim ki, 2012-ci ilə qədər nə oldusa oldu, olmadısa bu münaqişə uzanacaq. Dünyanı idarə edənlər onu münaqişələr hesabına saxlayır. Odur ki, bu məsələ uzanacaq.

- Bayaq 2015-ci il I Avropa Olimpiya Oyunlarından danışdıq. Azərbaycanın nə dərəcədə uğur qazanacaq?

- İdman və inqilablar barəsində proqnozlar verilmir.

- Proqnozdan uzaqlaşıb sizə yaxın olan elmi məxəzlərdən danışaq.Məsələn, kainat nizamı və onun insana təsiri barədə...

- Müqəddəs kitabımızda yazılıb ki, Allah gözə görünən və görünməyən nə varsa, onların hamısını insana xidmət üçün yaradıb. Kainatda da ağacdan tutmuş torpağa, atmosferə qədər nə varsa, onlar da insana xidmətdədir. Atmosferdən kənarda olanlar barədə də bunu deyə bilərik. Yerin peyki olan Ayı götürək. Ayda baş verən proseslər, suda qabarma və çəkilmələrə səbəb olur. İnsan orqanizminin də 60-70 faizi su olduğu üçün bu, insana da təsirsiz ötüşmür. Əgər Yerdən balaca olan Ay insana bu qədər təsir edirsə, onda yerdən dəfələrlə böyük olan Yupiter, Saturn və başqa planetlər, səma cisimləri də xüsusi bir səbəblə yaradılıb və onlar da insanlara təsir edə bilər. Deməli, kainat xüsusi bir nizamla yaradılıb. Astronomlar kainatın kütləsini, ölçüsünü, həcmini müəyyən elmi tərəflərini öyrənirsə, biz bunun insanlara onların, səhhətinə, ictimai-siyasi proseslərə təsirini öyrənirik. XX əsrin də ən böyük uğuru o olub ki, dünya elmi tibbi astrologiyanı qəbul edib. Tibb müəssisələrində bu gün onu tətbiq edirlər. Elə günlər var ki, bədənə skalter dəyməməlidir. Elə günlər var ki, cərrahiyə əməliyyatı aparılmamalıdır. İndi bu bizdə o qədər də inkişaf etməyib, xüsusən də materialist insanlar bunu xurafat adlandırır. Amma biz öz fikrimizdə qalırıq. Bu işi heç də xurafat hesab etmirik. Allah kainatı elə nizamla yaradıb ki, bütün planetlər bəlli bir xətdə hərəkət edir. Nə sağa gedir, nə də sola. Ona görə də müxtəlif təqvimlər yaranır. Aya görə qəməri təqvimi yaranıb, Günəşə görə şəms təqvimi var, Yupiterə görə Çin –yapon təqvimi var. Bunu kimsə qəbul etmirsə, onun problemidir, bizim yox. Bəzən deyirlər ki, Allahın işinə qarışmaq günahdır. Amma elə indidən bilinir ki, 2015-ci ildə günəşdə tam tutulma olaacaq. Gününə, saatına, hətta dəqiqəsinə qədər bəllidir. Bu, Allahın işinə qarışmaq deyil. Bunu elə Allahın verdiyi elmlə hesablayıblar.

- Sufizmdə də, hind fəlsəfəsində də makroaləm və mikroaləm anlayışları var. Orada makroaləm kimi kainat, mikroaləm kimi insan göstərilir. Fikrinizcə, insan həqiqətənmi kiçik bir kainatdır?

- Təbii ki! Mən bu fikirlə tamamilə razıyam. İnsan kiçik bir kainatdır. Çünki biz də makroaləmin bir zərrəsiyik. Biz də dostlarla, müəyyən insanlarla söhbət edəndə deyirik ki, məsələn, Avstraliyada çay daşqını olursa, onun Azərbaycanda hansısa bir insana mütləq təsiri olacaq. Günəşdə tutulma olanda, planetal faciə baş verəndə Yerdə buzlaşma dövrü olub. Bilirsiz ki, Artktikada əvvəllər buzlaqlar olmayıb, ora Avstraliya kimi yaşıl qitə olub. Orada qəribə heyvan və bitki növləri yaşayıb. Zərdüştiliyin kitabında da bu haqda yazılıb. O dövr Ayın olmadığı bir dövr kimi qələmə verilib. Oradakı dəyişilmə Günəş və səma cisimlərində baş verən hadisələr nəticəsində baş verib.

- Hər peyğəmbərin öz missiyası var idi. Səma cisimləri, göy aləmindən xəbərlər çatdıran da İdris peyğəmbər olub. O, kainat və insan arasındakı bir vasitəçi kimi niyə hələ də sirr olaraq qalıb?

- Bəri başdan onu deyək ki, İdris peyğəmbər Nuh peyğəmbərin babası olub. İlkin çağlarda Nuhun tufanına qədər insanlarda vahid bilgi sistemi olub. Hələ o vaxtkı kitablarda 12 planetin olması yazılırdı. Halbuki, 1932 –ci ildə Uran planeti kəşf olunub. Amma bu hələ o vaxt yazılmışdı. Qurani kərimin özündə də elə şeylər var ki, heç indi də tam aşkar edilməyib. Qədim dönəmdəki alimlərin yazdığı indi üçün də aktualdır. O zaman heç nə olmayıb, nə teleskop, nə mikroskop, nə bilgisayar. Onlar necə edib, bu hələ də bilinmir. Mənə elə gəlir ki, insanlıq günaha batdıqca, Allah yaddaşı silib və insanlar da o itirilmiş bilgiləri yenidən bərpa etməyə çalışıb. Hətta, İsgəndəriyyə kitabxanasının yanması belə, bəşəriyyəti 250 il geri salıb. Orada elə kitablar olub ki, onlarda yazılan sirlər bəşəri düşüncəni bir neçə əsr irəli çəkə bilərdi. Elə bizim özümüzdə də az qala İsgəndəriyyə boyda kitabxana olub ki, onu kimsə qızıl pullar müqabilidə satıb. Nadir kitablar, əlyazmalar, arabalarla başqa yerlərə aparılıb. Həmin kitablardan bu günə qədər Rusiyanın Ermitaj muzeyində, eləcə də başqa ölkələrin muzeylərində istifadə olunur. Onun çox cüzi bir qismindən İsa Muğanna istifadə etdi və az qala Azərbaycan gəncliyinin bütün düşüncə tərzini dəyişəcəkdi. Bizim gənclik üçün yaxşı mənada bir virus qoydu ki, biz bu gün onun arxasıyca gedirik. O zamanlar vahid bir fikir, vahid bir elm olub ki, qədim dövrün insanları onu yaradıb və istifadə ediblər. Sonradan isə o bilgilər bəşəriyyətin hafizəsindən silinib. Necə olub, onu mən bilmirəm. Amma insanlar bu gün həmin o itirdiyini axtarmaqla məşğuldurlar. Məsələn, İnsanlar indi araşdırıb görürlər ki, ağacı kəsən zaman qatlarından ağacın yaşı, onun qabığında müalicəvi əhəmiyyət var. Yaxud, çinar ağacının kökünün 2 metrlikdə yerləşən hissəsinin suyunu içməklə şəkər xəstliyini müalicə etmək olar.
İbn Sinanın əsərlərini oxuyanda görürük ki, indiki laboratoriyalar, filanlar olmayan bir çağda o, müalicəni necə dəqiqliklə edə bilib. Çünki antik dövr və ondan sonrakı dövrdə vahid bir elm sistemi var idi ki, insanlar ondan istifadə edirdilər.

- O vahid bilgilərin bir üzü də qədim Şərqdə yaranırdı. Hind fəlsəfəsindəki lətif çarxlar, çakralar, astrologiya ilə nə kimi əlaqədə olub?
- Əslində o çakralarla yeddi planet nəzərdə tutulur. Bayaq dediyimiz makrokosmos və mikromosmos əlaqəsi ilə bağlıdır. Səma cisimləri dünya yaranandan insanların marağında olub. Onlar hər zaman düşünüblər ki, görəsən niyə səmada ulduzlar düzümü ayı, şir, köpək şəklindədir. Bu onların ibtidai şüuru üçün çox maralı idi. Təbiət hadisələrinin hərəsini bir yaradıcının adı ilə bağlayırdılar. Amma get-gedə insanlıq, düşüncə daha da inkişaf edib. Səma haqqında düşüncələr dəyişib. İş o yerə çatıb ki, düşüncə göy cisimlərinin insanlara, yerə təsirini də öyrənməyə cəhd edib. Məsələn, Qız Qalası elə tikilib ki, yaz gecə - gündüz bərabərliyində orada bir dəlik var, o zaman həmin dəlikdən bir şüa içəri daxil olur. Başqa vaxt həmin şüanı görmək olmaz. Düzdür, indi Qız Qalasını ancaq rəsədxana kimi qələmə verirlər. Halbuki, Qız qalası Zərdüşütilik məbədi olub.
- Axı o XII əsrdə, İslam mədəniyyətin intibah dövründə tikilib?
- Yox! Onun inşası eradan da əvvələ gedib çıxır-lap Zərdüşt peyğəmbərin yaşadığı dövrə. XII əsr deyirlər, bu səhvdir. Çünki o zaman - islam dininin qılıncının kəsdiyi bir əsrdə, Nizami kimi şeyxin yaşadığı əsrdə o cür məbədi tikmək qeyri-mümkün idi. Orada çox sirlər var. Tur Heyerdal deyib ki, Misir ehramlarının ümumi cəmindən Qız Qalası daha sirlidir. Fikir verin, təkcə birindən yox, ümumi cəmindən sirli hesab edir. Orada gizlinlər çoxdur. Görünən Qız Qalası həmin sirrin yalnız bir günbəzidir. Onun sirlərini demək hələ ki mümkün deyil, az qala yasaqdır.