backend

Milli Məclisin ağlamalı gülməcələri

Milli Məclisin ağlamalı gülməcələri















(Əvvəli keçən sayımızda)

ALMAN DİLİNİN İNCƏLİKLƏRİ


Səfərdən vətənəvə qayıdırıq. Hava dumanlı olduğuna görə Vyanada təyyarəmiz yarım saat gecikib. Kapitan nəsə deyir. Almanca danışdığı üçün, təbii ki, bir kəlmə də anlamıram.
Qabaqda oturmuş Hikmət Osmanov arxaya boylanır:

- Nazim, bu nə deyir?

Ağlıma ilk gələni deyirəm:
- Təyyarənin gecikməsinə görə üzr istəyir.

- Köpəyuşağı mədənidilər də. Bizimkilər olsaydı, heç veclərinə də almazdılar.
Arxadan Həmdulla Cəfərov səslənir:

- Nazim, nə deyir e bu?

Yenə ağlıma ilk gələni deyirəm:
- Deyir ki, düzdür, gecikmişik, amma təyyarənin texniki imkanları çox genişdir, çalışacam bərk sürüm, əvəzi çıxsın.

- Köpəyuşağının texnikası zverdi də. Bizimkini bir az bərk sürsələr, tökülüb dağılar.
Yan tərəfdə oturmuş Mahir Əsədov çox vacib bir söhbəti buraxmış adam kimi təntiyə-təntiyə:

- Nə dedi-nə dedi?

Mahir bəyin təyyarədən bir az “ehtiyatlandığını” nəzərə alıb, yeni versiya təklif edirəm:
- Dedi ki, duman olmağına möhkəm dumandı, amma heç nigaran qalmayın, inşaallah, hər şey yaxşı olacaq.

- Kopoolunun bijdiyinə bax ha, bizi arxeyinnəşdirir. Əmbə əslində samalyot çox apasnı şeydi. Tem bole, Məlahət də deyif ki, katastrof olajax.
Yanımdaca əyləşmiş Nizami Ələkbərov təyyarə işlərindən yaxşı baş çıxardığı üçün dözmür:

- Ola bilməz. Doğrudan elə dedi?

- Yox!

- Bəs nə dedi?

- Nə bilim, a rəhmətliyin oğlu, mən nemescə bilirəm?

- Bilmirsən?
- Yox.
- Hə-ə-ə, deyirəm axı, elə deməz

TƏƏCCÜB

“Namus” Partiyasının sədri Toğrul İbrahimli Məzdək Hüseynovun gözlərini ona zillədiyini görüb soruşdu:

- Xeyir ola, Məzdək müəllim, nə təəccüblə baxırsan, deputat görməmisən?

- Ə, bə niyə görməmişəm? Bu vaxtacan görmədiyim bircə dənə şey varıydı – canlı namus. Onu da, şükür Allaha, indi görürəm.

ÜZÜRLÜ SƏBƏB

Çinə səfər vaxtı bir neçə deputat “tolkuçka”da bazarlığa gedir. Otelə döndükdən sonra Səyyad Aran Şəfiqə Məmmədovanı yaxalayır ki, bəs qızıma aldığım gödəkcə, deyəsən, balaca olacaq. O da bunu inandırır ki, sabah mütləq gedib dəyişdirmək lazımdır.

- Şəfiqə xanım, elə şey olar? Səhər Li Penlə görüş var. Vsyo-taki baş nazirdi, getməsəm yaxşı düşməz.

- Heç sənnən gözdəməzdim, ay Səyyad! Gələcəksən Bakıya, uşaq kurtkanı geyib görəcək əyninə balacadı, ağlaya-ağlaya qalacaq. O məsum qızcığazın göz yaşlarının yanında görüş-mörüş nədi ki?!

İndi səhər görüşdür. Murtuz müəllim deputatları təqdim edir. Səyyad müəllimə çatanda Şəfiqə xanım ayağa qalxır:

- Səyyad Aran üzürlüdü, bazara gedib.

Tərcüməçi hər sözü olduğu kimi tərcümə edir. Yazıq çinlilərin vəziyyətini təsəvvür edirsiniz də! Görüşdən dərhal sonra Murtuz müəllim qəzəbli halda Şəfiqə xanımı yanına çağırır:

- O nə sözdü deyirsən – “üzürlüdü”. Belə şey olar?! Abrımız-həyamız getdi. Utanmır Səyyad? Baş nazirinən görüşdən qaçıb bazara gedəllər? Tay mənim sözüm yoxdu. Qoy hələ qayıtsın, gör neyniyəcəm onu.

- Bilirsiz, Murtuz müəllim, qızına kurtka almışdı, balaca çıxdı. Yazıq gedəcəydi Bakıya, uşaq zoğum-zoğum ağlayacaqdı. Millətimizin balasıdı da. Mən o uşağın bircə göz yaşını Çinin otuz baş nazirinə dəyişmərəm.

Və... Və Şəfiqə Məmmədova sənətinin sehri ilə Murtuz müəllim yumşalır:

- Hə-ə, o başqa məsələ, - Murtuz müəllim deyir, - elə bildim elə-belə baxmağa gedib.

Ardı var