backend

RAYONLARA NƏ VAXT GETMƏK MÜMKÜN OLACAQ? - Operativ Qərargahın brifinqi + VİDEO




Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.
Bu dəfəki mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov iştirak edir. Tədbirdə pandemiya ilə bağlı ölkədəki son vəziyyət haqda məlumat verilib, jurnalistlərin sualları cavablandırılıb.
Ölüm sayı 292-yə çatıb
Yaqut Qarayeva bildirib ki, ümumi yoluxanların sayı 22990 nəfər olub. Hazırda aktiv xəstələrin sayı 8605-dir. Ümumi ölüm sayı isə 292-ə çatıb. Bu gün 7576 test edilib.
Qarayeva bildirib ki, yoluxma sayı ilə sağalanların sayı eyniləşib: “Ehtiyatla olsa da deyə bilərik ki, sabitləşmə var. Sağalanlarla yoluxanların sayı arasında kəskin fərq azalmağa doğru gedir”.

O əlavə edib ki, xəstəliyin ağırlaşma dərəcəsinə inananlar da çoxalıb. Nə qədər həkimlər çalışsa da, qayda-qanun olsa da, əlbir olmasaq xəstəliyə qalib gəlmək olmaz.
Xaricdən kömək üçün həkimlər gəlib
Qarayeva deyib ki, həkimlər arasında da yoluxmalar və ölümlər var. Xaricdən Azərbaycana dəstək üçün həkimlər gəlib. Qarayeva xaricdən gələn həkimlərlə bağlı dəstəyə görə “Gilan Holdinq”, “Paşa Holdinq” və Beynəlxalq Banka minnətdarlıq bildirib.
Rayonlara getmək hələlik mümkün deyil
“Müraciətlər çox olur ki, rayonlara getməyə hansısa şərtlər əsasında icazə olsun. Lakin hər hansı şəxs özünü sağlam hiss edib Bakıya gələn və ya burdan gedərkən kimisə yoluxdura bilər. Tarix boyu epidemiyalara qarşı ilk silah karantin rejiminin tətbiqidir” - deyə, Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
TƏBİB rəsmisi qeyd edib ki, epidemioloji vəziyyət nəzərə alınaraq bu gün kimsəni riskə atmamaq üçün bu istiqamətdə qərar verilə bilməz.
Y.Qarayeva bildirib ki, Azərbaycanın bütün bölgələrində çalışan tibb işçiləri arasında yoluxmalar da var:
“Ölkəyə gələn həkimlər də bu işdə bizim tibb işçilərimizə xüsusi dəstək olacaq”.
Metronun bağlanılması yoluxmalara görə olub
Yaqut Qarayeva metronun bağlanılması ilə bağlı sualı cavablandıraraq bildirib ki, metronun bağlanılması yoluxmalarla bağlı olub
Hikmət Hacıyev isə deyib ki, o özü də ictimai nəqliyyatdan iştirak edir. Avtobuslarda müəyyən sıxlıq var. Ona görə də Bakı Nəqliyyat Agentliyi qarşısında tələb qoyulub ki, avtobusların, o cümlədən ekspress marşrutlardakı avtobusların sayı artırılsın. Avtobusların sayı təhlil edilir. Həmçinin, vətəndaşların sıxlığına yol verməmək üçün fərqli vaxtlar tətbiq olunub. Özəl sektora da bununla bağlı müraciət olunub.
Sağalan insanlar təkrar test olunmalıdırlarmı?
Qarayeva deyib ki, sağalan insanların koronavirusdan təkrar test olunması tələb olunmur. Bununla belə, bəzi şəxslər tam sağaldıqdan sonra virusun genetik materialı qalır. Ona görə də onlarda pozitivlik aşkarlanır.
Ancaq bu insanlar yoluxdurucu sayılmır. İnsanların ailəsində yoluxmuş şəxs varsa, sağalandan sonra ailə üzvlərini yoluxdurmurlar. Sağalan insanlar işə də çıxa bilərlər. İnsanların 21 gün izolyasiya müddəti bitəndən sonra onlardan işə gələrkən təkrar test tələb olunması düzgün deyil.
İyulun 20-dən sonra karantin rejimi uzadılacaqmı?
Yaqut Qarayeva bildirib ki, yoluxma ilə sağalanlar arasında fərqi stabilləşdirmək üçün karantin rejiminin tətbiqi qaçılmaz olub. 
“Nə qədər virusla birlikdə yaşayacağımızı bilmirik. Vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərmək, çarpayı sayından düzgün istifadə üçün karantin rejimi barədə qərar verilib. Epidemioloji təhlildən sonra iyulun 20-dən sonra qərarın yenidən uzadılıb-uzadılmaması barədə məsələ müzakirə oluna bilər”,-TƏBİB rəsmisi əlavə edib.
Rusiyadan 250 vətəndaşımız gətirilib
Hacıyev məlumat verib ki, 6-12 iyulda Rusiya sərhədindən 250 vətəndaş Azərbaycana gətirilib: “Xaricdəki vətəndaşlarımızın təxliyəsi davam edir. Müntəzəm xarakter daşıyan çarter reysləri də həyata keçirilir. Türkiyə və Azərbaycan arasmında qarşılıqlı olaraq həftədə 4 çarter reys həyata keçirilir. Bakıdan Londona çarter reysləri ilə bağlı danışıqlar yekunlaşıb, həftədə bir dəfə çarter reysi həyata keçiriləcək. Almaniyadan Berlin-Bakı reysi də həyata keçiriləcək. Rusiya ilə də bu istiqamətdə danışıqlar aparılır”.
Azərbaycanın Əfqanıstandakı sülhməramlılarından biri koronavirusa yoluxub


Bunu da Hacıyev deyib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi vətəndaşları maksimum xarici səfərlərdən çəkinməyə çağırıb. Bildirib ki, epidemioloji vəziyyətdən asılı olaraq sərhədlər hər an bağlana bilər. Hacıyev qeyd edib ki, Əfqanıstanda Azərbaycan sülhməramlıları arasında 1 yoluxma qeydə alınıb və Azərbaycana gətirilib: “Digər sülhməramlılar arasında yoluxma yoxdur”.
Təcridxanalarda yoluxmalar qeydə alınır
H.Hacıyev bildirib ki, təcridxanalarda yoluxmalar qeydə alınır. 12 saylı cəzaçəkmə müəssisəsində 11, qadınların cəza çəkdiyi müəssisədə 2 məhkumun testi müsbət çıxıb. “Ümumilikdə, yoluxan 18 məhkum vaxtından əvvəl azadlığa buraxılaraq, TƏBİB-ə təhvil verilib. Penitensiar xidmətdə də yoluxma halları baş verir.
Səfirliklərdə də koronavirusa yoluxanlar var
Prezidentin köməkçisi deyib ki, Azərbaycanın xaricdəki səfirliklərində də koronavirusa yoluxma var. Meksika və Moldovada səfirliklərin əməkdaşları və onların ailə üzvləri arasında yoluxma halları var. Buna baxmayaraq, diplomatik nümayəndəliklər fəaliyyətini davam etdirir.
Bakıda 10202 nəfər ev şəraitində müalicə alır
Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov isə bildiib ki, Bakıda əhalinin sıx olması və yoluxanların sayının çox olması ilə əlaqədar təcili yardımın işini yüngülləşdirmək üçün poliklinikalar vasitəsi ilə ev şəraitində müalicəyə başlanıb. Bakıda 10202 nəfər ev şəraitində müalicə alır. Onların içərisində simtomsuz, yüngül və testi neqativ nəticə verən insanlar da var.
Virus əleyhinə dərmanlarla ehtiyatlı olmaq lazımdır
N.Zeynalov bildirib ki, virus əleyhinə dərmanlar evdə müalicədə tövsiyə olunmur, xəstəxanalarda müalicə zamanı tətbiq olunur. Çünki virus əleyhinə bu dərmanların yan təsirləri də olur.
Aparat rəhbəri deyib ki, vitaminlərlə bağlı apteklərdə qıtlıq isə müşahidə olunmur.