backend

Hikmət Hacıyev: Beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini kəskin şəkildə qınamağa çağırıq




Bakı/12.07.20/Turan:  Azərbaycan prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə qınamağa çağırıb.
“Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür,” o qeyd edib.
Hacıyev bildirib ki, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutub.
“Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınmışdır. Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistan tərəfi hər hansı ərazi əldə etməyə müvəffəq olmayıb. Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində artilleriya qurğularından istifadə edərək Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum edilməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır.”
Prezidentin köməkçisi bildirib ki, Ermənistan-Azərbaycan sərhədində təxribatların qarşısının alınması və gərginliyə səbəb ola biləcək halların aradan qaldırılması üçün Qazax və Tovuz rayonları boyunca Azərbaycan tərəfindən dövlət sərhədinin xeyli hissəsinə Dövlət Sərhəd Xidmətinin bölmələri yerləşdirilib.
“Bunun əksinə olaraq Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədinin hərbiləşdirilməsi və qəsdən mülki insanların hədəfə alınması sistematik şəkildə davam etdirilir. Ermənistan bu kimi hərbi avantüra yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və sərhəddə törətdiyi təxribatları eləcə də Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatın hüquqi sənədlərinə ziddir. Eyni zamanda bu yolla Ermənistan rəhbərliyi yarıtmaz siyasəti nəticəsində COVİD-19-un Ermənistanda geniş yayılması ilə daha da kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır.”
 
Hacıyev qeyd edir ki, Ermənistan BMT Nizamnaməsini və digər beynəlxalq hüquqi öhdəliklərini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi təcavüz etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal edib.
“BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur. Dünya birliyi COVİD-19-a qarşı mübarizə apardığı halda Ermənistan tərəfindən bu hücum və təxribat əməli törədilib. Bu hal və Ermənistanın davamlı olaraq atəşkəsi pozması bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVİD-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıqdan başqa bir şey deyildir,” Azərbaycan prezidentinin köməkçisi bildirib.
 
Ermənistan tərəfi hələ bu bəyanata münasibət bildirməyib.
 
Azərbaycan Müdafiə Nazirliyi iyulun 12-də Tovuz rayonu istiqamətində (Bakıdan 440 kilometr qərb) Ermənistan Silahl Qüvvələrinin Azərbaycan Ordusunun mövqelərinə hücum etdiyini bildirirb.
Məlumatda qeyd edilib ki, Ermənistan silahlı qüvvələri artilleriya atəşlərindən istifadə edir.
“Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib”.
Müdafiə Nazirliyi bildirib ki, görülən adekvat tədbirlər nəticəsində qarşı tərəfə zərbə endirilib.
“O, itki verərək geri otuzdurulub. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb”.
Öz növbəsində, Ermənistanın mediası rəsmi mənbələrə istinadən Ermənistan Silahlı Qüvvələrinin itki vermədiyini bildirir.
Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan tərəfinin atəşkəsi pozduğunu, itkilər verərək geri çəkildiyini qeyd edib.