Nazir qalibi deyil, məğlubu təbrik etdi - QALMAQAL


İranın İdman naziri Məsud Sultanifər İran kubokunu qazanan “Traxtur” futbol komandasını təbrik etmədiyi halda bu komandaya uduzan Tehranın “İstiqlal” komandasını təbrik edib.
Yenisabah.az xəbər verir ki, bu barədə açıqlama verən “Traxtur” futbol klubunun Sahibi Məhəmməd Rza Zunuzi nazirin yola verdiyi ayrı-seçkiliyi tənqid edib.
“İdman naziri İstiqlal komandasını ikinci olması münasibətilə təbrik etdiyi halda “Traxtur”un qələbəsini  təbrik etməkdən imtina edir. “Traxtur”un çempionluğundan sonra “İstiqlal” klubunun problemlərindən danışır. Hansısa bir idman verilişində çıxış edərək bu komandanın məğlub olmasının səbəblərini təhlil edir. Bumudur ədalət? Çox təəssüf edirəm!,”- deyə İranın “İdman” radiosuna açıqlama verən Zunuzi bildirib.Qeyd edək ki, Tehranın “Perspolis” və “İstiqlal” komandaları fars şovinistlərinin simvoluna çevrilib. Hökumətin dəstək verdiyi komandaların bütün görüşlərində “Traxtur” komandası və mənsub olduğu Azərbaycan türk milləti kobud şəkildə aşağılanır. Rejimin sistemli şəkildə yol verilən təhqirlərə səssiz qalması vaxtaşırı soydaşlarımızın kəskin etirazı ilə qarşılanıb. Lakin bu istiqamətdə hər hansı addım atılmayıb.
Azərbaycan təmsilçisinin İrandakı “iki qütblü futbol anlayışını” dəyişdirdiyini deyən Zunuzi əlavə edib ki, “Traxtur” klubunu artıq görməzdən gəlmək olmaz.
“Nə üçün nazir 80 milyona aid tribundan xüsusi komandaları (İstiqlal və Perspolis) dəstəkləməlidir? Paytaxtdan olmayan klubların haqqını müəyyən klublara qurban vermək ədalətsizlikdir,” deyə “Traxtur” futbol klubunun Sahibi vurğulayıb.
Xatırladaq ki, sentyabrın 3-də Güney Azərbaycanın təmsilçisi olan “Traxtur” futbol komandası Məşhəd şəhərində keçirilən matçda Tehranın “İstiqlal” komandasını 3:2 hesabı ilə məğlub edərək İran kubokunun (cam-i həzfi) sahibi olub.
“Traxtur”un qələbəsi Güney Azərbaycanın müxtəlif şəhərlərində böyük sevinc və coşğu ilə qarşılanıb. Belə ki, ayrı-ayrı şəhərlərdə küçələrə axışan “Traxtur” tərəfdarları milli şüarlar səsləndirərək Azərbaycan musiqisi sədaları altında bu mühüm qələbəni bayram ediblər.
“Traxtur”un çempionluğundan sonra Türkiyənin bir çox tanınmış siyasi və ictimai xadimi, o cümlədən Ankara bələdiyyə başçısı Mansur Yavaş, “İYİ” Partiyasının rəhbəri Meral Akşener, İstanbul millət vəkili Ümit Özdağ və Milliyyətçi Hərəkat Partiyasının üzvü və İstanbul millət vəkili Lütfü Türkkan bu qələbəni təbrik edərək güney azərbaycanlılara dəstək veriblər.
Həmçinin Türkiyədə #TebriklerTraktör həştəqi Twitterdə əsas trend olub.

9-09-2020, 11:36