backend

"Vulkan" qalmaqalında general adı...

"Vulkan" qalmaqalında general adı...















Əxlaqsızlıq yuvasına çevrilmiş otelin əsl sahibini prokurorluq orqanlarının apardığı ciddi araşdırmalar üzə çıxara bilər

Ölkədə əxlaqsızlıq yuvalarının geniş şəbəkəsinin qanunsuz fəaliyyəti barədə qəzetimizdə vaxtaşırı məlumatlar dərc edilir. Bu məlumatların çoxunda qadınların-qızların fahişəliyə cəlb olunması, çirkin niyyətli adamların mənəviyyatsızlıq girdabında pul qazanmaq eşqində min oyundan çıxması kimi olayların milli mentallığımıza sağalmaz yaralar vurduğu qeyd olunur. Bir müddət öncə Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən "Vulkan" otelində baş vermiş cinayət hadisəsi də bu mənada istisna deyil. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən yayılmış ilkin məlumatda Sumqayıt şəhər sakini Afaq Şükürovanın "Vulkan" otelinin hamam otağında özünü asaraq intihar etdiyi bildirilirdi. Məlumatda faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparıldığı göstərilirdi.Lakin, bir neçə gün sonra hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin yeni məlumatı yayıldı. Bu dəfə hadisənin intihar olmadığı qeyd edilirdi. Afaq Şükürovanın (əyləndiyi) qohumu tərəfindən hamam otağında boğulması nəticəsində qətlə yetirildiyi deyilirfi. Məlumatda hadisədə təqsirkar bilinən şəxsin də həbs edildiyi yer alırdı. Bu hadisənin adı dəfələrlə priton qalmaqallarında hallanmış "Vulkan" otelində baş verməsi araşdırmaçı jurnalistlərin marağına səbəb oldu. İlk növbədə ortaya çıxan "otel kimindir" sualının cavabı özünü çox gözlətmədi. Hər halda indiki zamanda mehmanxananı əxlaqsızlıq yuvasına çevirmək üçün yetərli arxa-dayaq gərəkdir. Digər tərəfdən, oteldə son bir neçə ildə əxlaqsızlıqla bağlı bir neçə cinayət hadisəsi baş verib. Bu isə vacib məqamlardan sayılır. Belə ki, hələ 2010-cu ilin mayında oteldə 18 yaşlı qızın zorlanması faktı ilı bağlı məlumat yayılmışdı. Tezliklə informasiya kanallarında "Vulkan" otelinin DİN Daxili Təhlükəsizlik İdarəsinin rəisi general-mayor Rasim Musayevə məxsus olduğu barədə informasiya yayıldı. Qeyd edək ki, polis general-mayoru Rasim Musayev vaxtilə Cəlilabad rayon polis şöbəsinin rəisi, Binəqədi rayon polis idarəsi rəisinin müavini, Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifələrində çalışıb. Hazırda Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin rəisidir.
Bu xəbərə ilk reaksiya DİN-dən gəldi. Nazirlik "Vulkan" otelin DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-moyoru Rasim Musayevə məxsus olması xəbərini təkzib etdi: (sitat)... "Bir sıra saytlar ucuz sensasiya dalınca qaçaraq DİN-də yüksək vəzifə tutan Rasim Musayev barədə onun işgüzar nüfuz və imicinə xələl gətirən əsası olmayan məlumat yayıblar. Belə məlumatların yayılması isə hüquqi məsuliyyət yaradır. Əslində, həmin motel Rasim Musayevin qohumu olan və təxminən 7 il əvvəl avtomobil qəzasında dünyasını dəyişən Vasif Abbasova məxsusdur. Onun vəfatından sonra isə ailə üzvləri moteli başqa bir şəxsə kirayə veriblər. Bu faktdan da görünür ki, motelin Rasim Musayevə aidiyyatı yoxdur". Təbii ki, Daxili İşlər Nazirliyinin bu rəsmi məlumatı araşdırmaçı jurnalist üçün əsas mənbə hesab olunmalıdır. Lakin bir-birini təkzib edən digər yarımçıq məlumatların da ortaya qoyduğu versiyalar üzərində işləmək jurnalistdən peşəkarlıq tələb edir. Bu baxımdan "Vulkan" la bağlı araşdırmaların davam etdirilməsinə ehtiyac görürük. Son illər ərzində "Vulkan" otelində qadınların cinsi istismara məruz qalması ilə bağlı hadisələrin tam olmayan xronikasına nəzər yetirdikdə otelə sahiblik edən şəxsin kimliyi üzə çıxır. Belə ki, "Vulkan" otelinin əxlaqsılıq yuvasına çevrilməsi faktı qarşısında ona üzdə sahiblik edənlərin kölgəyə çəkilməsi baş verdi. Necə deyərlər adı artıq "qara siyahıya" düşmüş "Vulkan" normal otelçiliklə məşğul olmaq üçün şərait də vardı. Lakin oteli işlədənlər "krışa" olsa, külli miqdarda gəlir gətirə bilən biznesdən əl çəkməyi belə düşünmürdü. Beləcə ortada xeyli gəlir vardısa da, bu biznesin də səsi-sorağı yazılı və elektron mediadan gəlirdi. Məsələn, "Rəis müavininin qardaşının otelinə borclu qalan müştəri polis idarəsinə aparılaraq bir neçə saat döyülüb" tipli xəbərlərdə bildirilirdi ki, oteli "Gəncənin polis rəisi Rasim Musayevin bacısı oğlu Asif Abbasov işlədir". Asifin qardaşı, Binəqədi RPİ-nin rəis müavini Müşfiq Abbasov isə bir növ "çətir" rolunu oynayıb. M.Abbasov bu postuna Sumqayıt polisindən gətirilib. İnformasiya kanallarında o da qeyd olunurdu ki, "Vulkan" Rasim Musayev Binəqədi RPİ-nin rəis müavini işlədiyi vaxtlarda tikilib...Binəqədi rayonu ərazisində yerləşən "Vulkan" otelində baş vermiş ölüm hadisəsinin öncə intihar kimi qələmə verilməsi cəhdinin də arxasında Binəqədi rayon polis idarəsi rəisinin müavini Müşfiq Abbasovun durduğu barədə mətbuatda yetərli bilgilər var. Göründüyü kimi, "Vulkan" olayları ətrafında adları hallanan əsas fiqurların bir-biri ilə qohumluq faktı da çox qaranlıq məqamlara aydınlıq gətirə bilər.
Qayıdaq Daxili İşlər Nazirliyinin "Vulkan" sahiblikdə adı hallanan general Rasim Musayevlə bağlı təkzib xəbərinə. Bəri başdan qeyd edək ki, general Rasim Musayevin yayılan məlumatlara münasibət bildirməsi hər şeyə nöqtə qoya bilərdi. Digər tərəfdən, hər halda əlaqədar dövlət qurumları belə məlumatları bir neçə mənbədən əldə edərək təhlil etmək imkanındadır. Odur ki, Nazirlik rəsmilərinin "məlumatların yayılması hüquqi məsuliyyət yaradır" xatırlatmasına gəldikdə, düşünürük ki, bu xəbərdə azad jurnalist araşdırmasına qarşı təhdid eyhamı gizlənir. Nə deyirik, qoy belə olsun. Lakin əminliklə deyə bilərik ki, "Vulkan"ın əsl sahibini prokurorluq orqanlarının apardığı ciddi araşdırmalar üzə çıxara bilər. Hər halda, bu məsələdə generalın adının hallanması nəzərdən qaçırılmayacaq...

Sahib Novruzlu