backend

BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB

“2 gün əvvəl kafedradakı kömpüterimdən onlayn dərs keçmək üçün BDU-ya getdim. Adətim üzrə salam verib keçmək istəyəndə mühafizəçi şəxsiyyət vəsiqəmi göstərməyi xahiş etdi. Göstərdim”.
Modern.az-ın məlumatına görə, bu fikirləri Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, qocaman jurnalist Nəsir Əhmədli çalışdığı təhsil ocağına gedərkən orada qarşılaşdığı sürpriz hadisəylə bağlı sosial şəbəkədə yazdığı qeydində bildirib.
Professorun sözlərinə görə, mühafizəçi onun vəsiqəsinə baxandan sonra təəssüflə başını yelləyərək deyib:
- Professor, bağışlayın, Sizi universitetin ərazisinə buraxa bilmərəm. 
- Niyə ki? 
- Yaşınız 65-dən çoxdur. 
Çox təsirləndim. 55 ildən bəri tələbə kimi, laborant kimi, müəllim kimi, baş müəllim kimi, dosent kimi, professor kimi, demək olar, hər gün fəxrlə gedib-gəldiyim müqəddəs bir ünvana məni buraxmadılar. Hələ də özümə gələ bilmirəm. Horas Makkoyun "Yorulmuş atları güllələyirlər..." romanı yadıma düşdü...”