backend

“Ermənistanın Azərbaycanla sərhəddə hərbi eskalasiyası qəbuledilməzdir” - Ali Rada deputatı

“Ermənistanın Azərbaycanla sərhəddə hərbi eskalasiyası qəbuledilməzdir, çünki regional təhlükəsizliyin təmin edilməsi bu gün əsas məsələlərdən biridir”.
Bunu “Report”a Ukrayna Ali Radasının deputatı, GUAM Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvü Marian Zablotski deyib.
O, dünya ictimaiyyətini Ermənistanın bu yaxınlarda Azərbaycanla sərhəddə törətdiyi təxribatları qınamağa çağırıb.
Deputatın sözlərinə görə, Ukrayna və Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində suverenliyin və ərazi bütövlüyünün bərpasında hər zaman bir-birlərini dəstəkləyirlər.
M.Zablotski qeyd edib ki, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM) da dəfələrlə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bəyan edib:
“Məsələn, GUAM bu ilin mart ayında Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma seçkiləri pisləyən sərt açıqlama verdi. Həmçinin hər il GUAM məkanında həlli uzanan münaqişələrə dair qətnamə layihəsi BMT Baş Assambleyasının sessiyasında müzakirəyə çıxarılır”, - o söyləyib.