backend

"Bu, bizim bir nömrəli vətəndaşlıq borcumuzdur" - keçmiş prezident

Xəbər verildiyi kimi, Azərbaycan ordusu bu gün - sentyabrın 27-də saat 06:00 radələrində təcavüzkar Ermənistanın işğalı altında qalan torpaqlarımızda təmas xəttində yerləşən hərbi birləşmələrinin vətəndaşlarımızın yaralanması və həlak olması ilə nəticələnmiş növbəti fitnəkar hücum cəhdinə cavab olaraq bütün cəbhə boyu əks-hücuma keçmişdir. Ali Baş Komandanın əmri ilə baş tutmuş əks-hücum tədbirləri nəticəsində Füzuli rayonunun bir çox kəndləri azad edilmiş, Kəlbəcər və Ağdərə istiqamətində bir sıra strateji yüksəkliklərimiz düşməndən geri alınmışdır.

Bu münasibətlə Moderator.az-a açıqlama verən Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla ölkə və Silahlı Qüvvələr, Milli Ordu rəhbərliyini və bütövlükdə Azərbaycan xalqını bu ilkin cəbhə uğurları münasibətilə təbrik edib.

“Əziz xalqımız, Vətənimiz növbəti dəfə çətin və şərəfli imtahan qarşısındadır. Torpaqlarımızı 30 ilə yaxındır işğal altında saxlayan erməni faşizminin təxribatları davam edir. Növbəti dəfə bu gün -27 sentyabr səhər saatlarında törədilmiş təxribat nəticəsində şəhid olan və yaralılarımız var. Allahdan həlak olanlarımıza rəhmət, yaralılarımıza şəfa diləyirik.

Bir qədər öncə Ali Baş Komandan, Prezident İlham Əliyev Qarabağın azadlığı uğrunda ordumuzun genişmiqyaslı əks-hücum tədbirləri münasibəti ilə xalqımıza müraciət edib və hamını bu amal uğrunda birliyə səsləyib. Belə bir məsuliyyətli vəziyyətdə biz bir xalq olaraq dövlətimizin, Ali Baş Komandanın ətrafında sıx birləşməli, bütün umu-küsü və ayrı-seçkiliklərə son qoyaraq bu müqəddəs Vətən müharibəsində öz dəstəyimizi nümayiş etdirməli və Prezidentimizin çağırışına səs verməliyik.

Hər birimiz bir vətəndaş olaraq öz qabiliyyət və imkanları çərçivəsində dövlətimizə və ordumuza dəstəyi əskik etməməlidir. Hər kəs öz siyasi əqidə və mövqeyindən asılı olmayaraq belə bir gündə dövlətimizin, Ali Baş Komandanımızın, Silahlı Qüvvələrimizin yanında olmalıdır. Bu, bizim bir nömrəli vətəndaşlıq borcumuzdur.

Son rəsmi məlumatlara görə, Ali Baş Komandanın əmri ilə baş tutmuş əks-hücum tədbirləri nəticəsində on illərlə düşmən əlində qalan bir sıra kəndlərimiz və strateji yüksəkliklərimiz azad edilmişdir. Bu qısa müddət ərzində əldə edilmiş ilkin cəbhə uğurları münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla ölkə və Silahlı Qüvvələr, Milli Ordu rəhbərliyini və bütövlükdə Azərbaycan xalqını təbrik edirəm.


Bir ağsaqqal olaraq bu şərəfli mübarizə və silahlı savaşda əsgər və zabitlərimizə, generelatitetimizə, bütün hərbi şəxsi heyətimizə uğurlar arzulayıram, Allah-Təala bizi, xalqımızı tezliklə daha böyük qələbə xəbərləri ilə sevindirsin. Allah döyüş mövqelərində olan bütün hərbçilərimizi, döyüşçülərimizi, dinc sakinlərimizi qorusun! Son qələbəyədək mübarizəmizi davam etdirilməli, bayrağımız Xankəndidə, Şuşada, Laçında, Kəlbəcərdə və bütün işğal altındakı şəhər və kəndlərimizdə dalğalanmalıdır. Haqq bizilmlədir!..”- Ayaz Mütəllibovun xalqa müraciətində belə deyilir.