backend

“Dayanmaq olmaz, əsgərimiz Şuşaya qədər getməlidir!“ - Mənsum İbrahimov

Ermənistan silahlı qüvvələri cəbhə bölgəsində dinc sakinləri, yaşayış evlərini hədəf almaqda davam edir.

Ötən gün Ermənistan hərbi birləşmələrinin mülki əhaliyə hücumu nəticəsində Naftalan rayonunda bir ailənin 5 üzvü həlak olub. Bu gün isə düşmənin atdığı mərmilərdən biri Ağdam rayonu kənd sakini Coşqun Paşayevin yaşadığı evə düşüb. Nəticədə C.Paşayev həyatını itirib.
Məsələ ilə bağlı fikirlərini Yenisabah.az-la bölüşən Xalq artisti Mənsum İbrahimov ermənilərin mülki əhaliyə hücum etməsini vəhşilik adlandırıb:

“Bunlar ermənilərdən gözlənilən şeylərdir. Bu millət həmişə aqressiv olub. Xocalıda qız-gəlinlərimizin, uşaqlarımızın başına nə oyunlar açdılar. Hər cür axmaq hərəkət, vəhşilik etdilər, bu bütün dünyaya məlumdur. Biz dünənki günü 30 ilə yaxındır ki, gözləyirdik. Mən 30 ildir bu xəbəri gözləyirəm, çünki bu səsi o torpaqlarda qazanmışam. Səsim də məni xalqa, bütün dünyaya tanıdıb. Bu xəbəri bütün xalqımız həsrətlə gözləyirdi. Bir neçə saata yeddi kəndi, bir neçə yüksəkliyi azad etdik. Biz dünən sübut etdik ki, Azərbaycan əsgəri nəyə qadirdir. Hətta Müdafiə Nazirliyimiz Qarabağda yaşayan mülki əhaliyə (ermənilərə) müraciət etdi ki, hərbi obyektlərdən uzaq durun, sizə zərər gəlməsin. Bu birbaşa Azərbaycanın humanistliyindən xəbər verir və bunu bütün dünya gördü. Amma ermənilər nə etdilər? Dəfələrlə kəndlərimizi atəşə tutdular, mülki əhaliyə zərər verdilər və öz vəhşiliklərini bir daha dünyaya sübut etdilər”.

Sənətçi dünya təşkilatlarının bu məsələyə səssiz qalmasına təəssüfləndiyini qeyd edib:

“Təəssüflər olsun ki, dünya təşkilatları yenə də ikili standartlarından əl çəkmirlər. Bəzi təşkilatlar erməniləri müdafiə edir, bəlkə də xristian birliyinə görədir, mən bunu dəqiq deyə bilmərəm, amma Azərbaycan haqq səsini dünyaya çatdırdı. Bizim heç kəsin torpağında gözümüz yoxdur, sadəcə  öz torpağımızı işğaldan azad edirik. Erməninin vuruşduğu torpaq mənim dədə-baba torpağımdır. Cənab Prezidentin də dediyi kimi, erməni ölmək istəmirsə, bizim torpağımızdan rədd olsun! Dünya təşkilatları məsələnin kökü ilə maraqlanmırlar, sadəcə  deyirlər ki, atəşi dayandırın, sülh olsun. Niyə görə atəşi dayandırmalıyıq?! Erməni əsgərini çıxardın torpağımızdan, biz də dayandıraq. Mən düşünürəm ki, dayanmaq olmaz, əsgərimiz Şuşaya qədər getməlidir, bayrağımız ora da sancılmalıdır. İnanıram ki, tezliklə Şuşada, Cıdır düzündə Qarabağ şikəstəsini oxuyacağam. O günün gəlməsinə az qalıb. Gələn ayın birində mənim yubileyimdir, bu, mənim üçün ən böyük hədiyyədir. Mən Ağdamda doğulmuşam, ən böyük arzum gedib həmin torpaqlarda qələbə bayramını qeyd etməkdir. Bütün xalqımız dünəndən sevinc içərisindədir, küçədə bir-birini tanımayanlar belə bir-birini təbrik edir, Bakının küçələrində bayraqlar asılıb, bundan gözəl nə ola bilər ki? Qələbə əzmini bizə Azərbaycan əsgəri yaşatdı, sağ olsunlar!”.