backend

Qazaxda müasir məktəbdə şagirdlər palto ilə otururlar

Qazaxda müasir məktəbdə şagirdlər palto ilə otururlar











Qazax rayon Birinci Şıxlı kənd orta məktəbində şagirdlər sinifdə palto və gödəkçələrdə otururlar. Musa Həsənov adını daşıyan bu məktəb cəmi 4 il əvvəl istifadəyə verilib. Məsələ burasındadır ki, inşaat zamanı kənddə qaz olmadığından məktəbə qaz xətti çəkilməyib. Hazırda otaqlar duru yanacaqla isidilir. Ancaq heç də deyilənə görə, sinif otaqları lazımı səviyyədə qızdırılmır. Qarşıdan soyuq aylar gəldiyindən məktəbin müəllim və şagird heyəti vəziyyətdən çıxış yolu tapmaq üçün yuxarı təşkilatlara məktub ünvanlayıblar. Ancaq cavab ala bilməyiblər.

Bu barədə əməkdaşımıza məktəbin müəllim və şagirdləri məlumat veriblər. Onlar bildiriblər ki, Birinci Şıxlı kənd tam orta məktəbinin önündən qaz xətti keçir. Amma layihə hazırlananda qaz-istilik sistemi plana salınmayıb. Ona görə də sinif otaqları soyuq olur, şagirdlərin dərsə davamiyyətində axsamalar baş verir.
Bununla belə direktor müavini Səməd Nəsibov bizimlə söhbətində məktəbin müasir tələblərə uyğun tikildiyini bildirdi: «Bizim məktəb möhtərəm prezidentimizin sərəncamına əsəsən tikilib. Açılışında da özü şəxsən iştirak edib. Biz bu məktəbin tələblərə uyğun inşasından razıyıq. Dərslərimiz müasir elektron sistemdə keçilir. Bizim əsas bir çətinliyimiz var ki, hal-hazırda qızdırıcı sistemi quraşdırılmasına baxmayaraq, maye yanacaqdan istifadə edirik. Yarım saata 50 litr duru yanacaq gedir. Əgər qaz-istilik sistemi quraşdırılsa, bizim də işimiz yüngülləşər, şagirdlərin də dərslərə davamiyyəti qaydasına düşər». Məktəbin 10-cu sinif şagirdi Kəmalə Məmmədova da bu vəziyyətlə bağlı fikirlərini bizimlə bölüşüb: «Məktəbimiz maye yanacaqla təmin olunub. Bu da məktəbin tam isidilməsində müəyyən çətinliklər yaradır. Məktəbin qarşısından qaz xətti keçir. Düşünürük ki, bundan biz də yararlana bilərik. Biz xahiş edirik ki, bizim məktəbə də qaz çəkilsin».
Məktəbin şagirdi Aysel Musayeva: «Hər halda soyuq olduğuna görə, «kurtka»da oturmuşam. Soyuq olmasa belə oturmazdıq sinifdə. Yəni məktəb tam istilik sistemi ilə təmin olunmayıb. Ona görə bu haldayıq».