backend

İqbal Ağazadə: “20 Yanvarı, Xocalı soyqırımını da ABŞ törədib?”

İqbal Ağazadə: “20 Yanvarı, Xocalı soyqırımını da ABŞ törədib?”
















“ABŞ, Qərb olmasa, Rusiyanın və İranın ayaqları altında qalarıq. Tarixi vərəqləyin, itirdiklərimizin miqyasına və tarixinə baxın. Hamısı Rusiya və İranla bağlıdır”

Ümid Partiyasının sədri, Milli Məclisin deputatı İqbal Ağazadə “Dünya standartlarına ikili baxış və müasir Azərbaycan” adlı məqalə yayıb. “Media forum” saytının məlumatına görə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan’’ məqaləsinə cavab kimi nəzərdə tutulan yazıda İqbal Ağazadə qeyd edir ki, Azərbaycan dövlət quruluşu etibarilə respublika, dövlət başçısı isə xalqın seçdiyi prezidentdir: “Xalqın seçdiyi hakimiyyətlərin zəbt edilməsinə qarşı qiyam, müqavimət xalqın müstəsna hüququdur. Doğrudur ki, monarxiya rejimində bu hüquq xalqa verilə bilməz, çünki o irsən və ya konstitusiyalı monarxiyanın prinsiplərini qəbul edir. Bu gün bir terrorist və ya etnik-milli qrup daxildən və ya xaricdən olan təhrik və dəstəklə ölkə prezidentini dəyişmək istəsə nə edilməlidir, sizcə? Hamı seyrçimi qalmalıdır, bu hakimiyyət məsələsidir deyib yaxasını kənara çəkməlidir?

Yoxsa seçkilərdən sonra qanuni seçilmiş bir dövlət başçısını öz vəzifəsində oturmağa imkan verməyən bir qrup olarsa xalq müqavimət göstərməməlidir? 1994-cü il oktyabr ayının 4-də Bakıda və bölgələrdə baş verən hadisələrdə mərhum prezident dövlət çevrilişinin qarşısını xalqla almadı, gecə müraciətinin nəticəsində on minlərlə insan Prezident Aparatının qarşısında toplaşmadı? Məncə, bunlar bir daha sübut edir ki, xalqın müqavimət imkanının saxlanılması dövlətçiliyin qarantıdır. Zatən də biz monarxiya quruluşunda yaşayan təbəələr deyilik. Kim belə güman edirsə, yanlışlıq burdan başlayır. Müasir dövlətçilik fəlsəfəsi vətəndaş-dövlət münasibətlərinin yeni çalarlarını yaradıb. Biz 1793-cü il dünya təcrübəsinə və o dövrdə yazılanlara deyil, XXI əsrin tələblərinə uyğun dövlət idarəçiliyi və dövlət vətəndaş münasibətlərini qurmağa borcluyuq”.
Ramiz Mehdiyevin məqaləsində “beşinci kolon” anlayışına böyük yer verildiyini vurğulayan İqbal Ağazadə yazır: “Əlbəttə, hər bir ölkənin milli təhlükəsizliyi onun hakimiyyətinin və xalqının əsas vəzifələrindəndir. Amma milli təhlükəsizlik anlayışını insan hüquqları çərçivəsində qəbul etmək və ya onunla məhdudlaşdırmaq, məncə, müasir dünyanın tələbləri ilə heç də üst-üstə düşmür.
Bizdən tələb olunan nədir? Bizdən ABŞ və Avropa ölkələrinin vətəndaşlarının hüquqlarını qorumaq kimi bir istəkdə bulunan kimsəni görmədim. Bizdən öz vətəndaşımızın hüquqlarını qorumaq tələb edilir. Dövlətin və hakimiyyətin də vəzifəsi bu deyilmi? Azərbaycan məmurları iddia edir ki, bu bizim daxili işimizə qarışmaqdır. Cənablar, əgər Azərbaycan məhkəmələri ədalətli olsaydı, hüquq pozuntularına görə ədalətli qərar çıxarsaydı, sizcə, bunu bizdən istəyən olardımı, yoxsa hesab edirsiniz ki, məhkəmələr ədalətli qərar çıxarır? Bəs o zaman Avropa İnsan Haqları Məhkəməsindən bəraət alan, ölkə məhkəməsinin qərarlarını ləğv edən bu qədər qərardadlar haradandır?
Nədən bu qədər müxalifətçi küçədə kimlərləsə “dalaşaraq”, “narkotikdən istifadə edərək”, kiməsə “xəsarət” yetirərək həbs olunur?! Elə sonuncu həbslərə baxın, sadaladığım faktlar üzrə nə qədər müxalifətçi həbs olunub. Bunlara görə “Azərbaycan məhkəməsi ədalətlidir” demək olarmı?”

İqbal Ağazadə Azərbaycan rəsmilərinin Qərbi çox tənqid etməsinə toxunaraq sual verir:“ABŞ-ı və Avropanı tənqid edənlər, nədən İranı, Rusiyanı heç tənqid etmək istəmirsiniz? Ermənistan-Azərbaycan münasibətinə ikili standartından şikayətləndiyiniz ABŞ 20 Yanvarı da törədibmi? Yoxsa 366-cı alayla birlikdə Xocalı soyqırımını təşkil edib, bəlkə torpaqlarımız işğal olunarkən erməni əsgərləri ilə birlikdə amerikalılar da döyüşüb? Etnik milli qrupları da separatçılığa təhrik edən qərblilərdir?

Bunun hamısının arxasında Rusiya dayanmırmı? İndi beş-üç QHT ilə birlikdə insan haqlarını müdafiə edir deyə hamının işinə qarışan kimi xarakterizə edilən Qərb, ABŞ, Avropa olmasa idi bilirsinizmi nələr olardı? 1920-ci ildə dünya düzəni bugünkündən fərqli idi deyə müstəqilliyimizi itirdik, cənablar. ABŞ, Qərb olmasa, Rusiyanın və İranın ayaqları altında qalarıq. Tarixi vərəqləyin, itirdiklərimizin miqyasına və tarixinə baxın. Hamısı Rusiya və İranla bağlıdır. Dünən də, bu gün də bizə təhlükə oradan gəlib. Qərb sadəcə olsa-olsa “öz insanınızı əzməyin, ədalətli olun” deyir.
ABŞ-ın İraq, Əfqanıstan, Suriya, Ərəb baharı dönəmində çevrilişlər olmuş ölkələrə müdaxiləsini pisləyirsiniz. Bir ölkədə Səddam Hüseyn, Hüsnü Mübarək, Qəzzafi, “Taliban”, Bəşər Əsəd varsa, pisdir, zinhar pisdir. Onun dəyişməsi şərtdir.
Mən Azərbaycanı ümumiyyətlə bu ölkələrlə birgə və ya bunlara yaxın görmürəm. Nə üçün hər hakimiyyət nümayəndəsi bizi bunlarla müqayisə edir? Biz Avropa siyasi coğrafiyasındayıq. Dəyərlərimiz də, idarəetməmiz, iqtisadiyyatımız, siyasi-hüquqi münasibətlərimiz də bu ölkələrdəki kimi olmalıdır və olacaq. Heç kim bu prosesi dayandıra və ya Azərbaycanın yolunu dəyişdirə bilməz. Rusiya, sovet ənənəsi, Yaxın Şərq nümunələri bizim üçün tarixdir. Biz bu tarixə dönməməliyik.

ABŞ Ermənistanı işğal etdiyi ərazilərdə 40 minlik qoşun saxladığına görə təcrid etmədiyi üçün, ona 20 ildə 80 milyon yardım göstərdiyinə görə qınanır, ancaq Ermənistanda 40 min qoşun saxlayan Rusiya təhlükə mənbəyi hesab olunmur, müsəlman dövləti ola-ola Ermənistana hər cür yardım göstərən İran hədəfə çıxarılmır”.
İqbal Ağazadə sonda qeyd edir ki, güvən olmayan yerdə sevgi olmaz: “Güvənli Azərbaycan vətəndaşı yetişdirmək hakimiyyətin başlıca vəzifəsidir. Çünki qanuna, ədalətə güvənən vətəndaş öz ölkəsini göz bəbəyi kimi sevəcək, onu dişi ilə, dırnağı ilə qoruyacaq. Hər şey insan üçündür. Dövlət də, qanunlar da, yeraltı, yerüstü sərvətlər də… İnsanımızı qoruyaq – bizi sevəni də, sevməyəni də. Sevəni sevdiyi üçün, sevməyənə də sevgi öyrətmək üçün. Vətəni dağına, daşına, neftinə, suyuna, təbiətinə görə sevmirik, insanına görə sevirik. Bu ölkənin insanları başqa coğrafiyanın insanlarından bizə daha doğmadır. Doğmalarımızı qoruyaq. Bu mənim deyil, qohumum, yerlim, tanışım deyil deyib yanından, haqqından, hüququndan keçməyək. Bizim birgə güldüyümüz, birgə ağladığımız çox şey var. Bəlkə Azərbaycana hər birimiz başqa pəncərədən baxırıq, lakin haradan baxsaq, Azərbaycan görünür. Azərbaycan üçün bir-birimizi qucaqlayaq, bağışlayaq, sevək, gülümsəyək.
Bu fürsətdən istifadə edib azadlıqdan məhrum edilən və ya barəsində cinayət işi qaldırılan bütün ictimai-siyasi fəalları azad etməyə,barələrində həbs qətimkan tədbirini dəyişməyə çağırıram. Bu, dialoqa, həmrəyliyə doğru atılmış ən böyük addım olar”.