backend

Azərbaycan Qərbi özünə düşmən etməməlidir, bu çox təhlükəlidir...

Azərbaycan Qərbi özünə düşmən etməməlidir, bu çox təhlükəlidir...
Çünki Azərbaycanın satılacaq ancaq bir malı var, onun da alıcısı Avropadır...

Dünən eks-spiker Rəsul Quliyev Moderator.az-a göndərdiyi bir yazıda neftin qiymətinin düşməsinin dünya iqtisadiyyatına mümkün təsirləri barədə maraqlı analizlə çıxış etmişdi.

Bu günsə o yazının davamını göndərib, daha doğrusu, bu gün Vladimir Putinin Moskvada hökumət üzvləri qarşısındakı çıxışı zamanı bir sıra anlaşılmaz tezislər irəli sürməsini kəskin tənqid edib:
"...Ölkənin iqtisadiyyatını əsasən təbii xammala (Allahın bəxş etdiyi hədiyyə. Təəssüf ki, Allah kimlərəsə ağıl, kimlərəsə acından ölməmək üçün neft və qaz verir) bağlayan ölkələrin hamısında totalitar rejim mövcuddur. Kanada, Norveç, Hollandiya tipli demokratik ölkələr üçün bu təbii xammalın izafi miqdarda olması heç bir asılılıq yaratmır və yarada da bilməz. Çünki ağlı olan hökümət xalqın qazanmadığı, müftə gələn pulu dövriyəyə buraxmaz, bu pulu özününkü kimi mənimsəməz, yalandan maaşları artırmaz. Hökümətin ağıllı olmasının ilk və əsas şərti dövlət institutlarının xalq tərəfindən formalaşdırılmasıdır. Əks halda prezident və onun dünyanın ən ağıllı, ən ədalətli, ən cəsarətli olduğunu daim səsləndirən ətrafı ildən ilə reallıqdan uzaqlaşır, özlərini peyğəmbərləşdirir və gedən proseslərə adekvat qiymət verə bilmirlər. 14 ildir Rusiyanın çarı olan Putinin hökümət üzvlərinə "dünyada neftin qiymətinin 30 faizdən çox aşağı düşməsinə baxmyaraq Rusiyada neft məhsullarının, məsələn, benzinin qiyməti 10 faiz qalxıb. Mən bunu başa düşmürəm. Anti Monopol Komitə hara baxır" kimi rüsvayçı sual verir...
14 il padşahlıq edəsən, hələ də real AMK-nin olmadığından xəbərin olmaya, dəhşətdir. Özü də bu Anti Monopolu şəxsən özü neft qaz sektorunu özününküləşdirməklə məhv edib...
14 il padşahlıq edəsən, hələ də ölkəndə azad bazar iqtisadiyatının olmadığından xəbərin olmaya, faciədir. Özü də bazar iqtisadiyatının ləğv edilməsinin yaradıcısı cənab padşhın özüdür. İstənilən təsərrüfat sahəsini, ticarəti ancaq onun təyin etdiyi adamlar idarə edə bilər, rəqabətdən heç söhbət gedə bilməz. Bu işlərlə məşğul olmaq istəyənlər bac- xərac verməlidirlər və istənilən vaxt bizneslərini təhvil verib getməlidirlər.
14 il padşahlıq edəsən, hələ də neftin dollara, benzinin isə daxildə rubla satıldığını anlaya bilməyəsən. Anlamayasan ki, 3 ay bundan öncə 1 dollar 30 rubl idisə indi 1 dollar 54 rubldur.
14 il padşahlıq edəsən, hələ də anlaya bilməyəsən ki, sənin Krımı işğal etməyin, Ukraynanın şərqində terrorizmlə məşğul olmağın heç vaxt qəbul edilməyəcək. Qərb sənin axırına çıxana qədər sanksiyalarını davam etdirəcək.
Neftin qiymətinin yenidən 100 dollara qalxmaq şansı yoxdur. Mənim 2012-ci ildə yazdıqlarımı oxuyanlar neftin qiymətinin bu şəkildə düşəcəyi proqnozuna rast gəlmişdilər. ABŞ Şell qazı ilə bazara girib. Aydan aya onun maya dəyərini aşağı salır. Yəni 1 il bundan öncə ŞELL qazının 1000 kub metrini 70 dollardan ucuz satmaq mümkün deyildisə indi 50 dollara satmaq olar. ABŞ öz yeni texnologiyası ilə Şərqi Avropaya, Polşa və Ukraynaya da daxil olur. Deməli, ən azı neftin qiyməti 50-60 dollardan yuxarı olmayacaq. Rusiya, Azərbaycan və başqaları dövlət büdcələrində neftin qiymətini 100 dollar nəzərdə tutublar.
Neftin qiymətinin iki dəfə aşağı düşməsini kompensasiya edəcək heç bir şey yoxdur. Müvəqqəti yığdığın ehtiyatdan istifadə edə bilərsən bəs sonra? Sonrası təbii ki, uçurumdur.
Azərbaycan hüquq müdafiəçilərini, jurnalistləri həbs etməklə Qərbi özünə düşmən etməməlidir, bu çox təhlükəlidir. Çünki Azərbaycanın satılacaq ancaq bir malı var, onun da alıcısı Avropadır.Və Azərbaycan bu tək maldan çox asılıdır. Rusiya kimi 100-lərlə ölkələrlə əlaqəsi olan (Çin, Hindistan, Vyetnam və başqa Asiya ölkələri, Latın Amerikası ölkələri, İran, Türkiyə və sair) bir ölkəni Avropa dizi üstünə qoyub. Azərbaycan Rusiya ilə müqayisədə heç kimdir. Bir məsələni anlamaq lazımdır. Azərbaycanla əlaqədar neqativ bir qərar qəbul edilsə, sonradan o qərarı dəyişmək mümkün olmur. Qırmızı xətti keçmək olmaz. Çəkisini düzgün qiymətləndirməyən istənilən vaxt çəkisizlik atmosferinə düşə bilər..."