backend

Doğuş zamanı faciə: Uşaq öldü

Doğuş zamanı faciə: Uşaq öldü






















“Bilmirik uşağın başına nə iş gəlib”

Qubada doğuş zamanı ölüm hadisəsi qeydə alınıb.

Ana salamat qalıb, körpə isə ölüb. 44 yaşlı ananın qohumları uşağın meyitinin qaytarılmamasından narazıdırlar.

qaynarxett.az-nun ANS TV-yə istinadən verdiyi məlumata görə, öz körpəsini itirən bu dəfə Xaçmazın Xudat şəhər sakini, 44 yaşlı Zeynəb Seyidovadır. Onun bacılarının sözlərinə görə, hamilə qadın qan təzyiqi aşağı düşdüyündən evdə yıxılaraq zədə alıb. Zeynəb Seyidova ailə üzvləri tərəfindən əvvəlcə Xudat, sonra Xaçmaz xəstəxanasına aparılıb. İlk yardımdan sonra isə həkimlər tərəfindən Qubadakı Regional Perinatal Mərkəzinə çatdırılıb və cərrahiyyə əməliyyatı edilib. Amma ana yıxılarkən uşaq zədə aldığından ölü doğulub.

Qohumları bildirir ki, təxminən bir sutkadır 7 aylıq doğulan körpənin meyiti onlara qaytarılmır.

“Dünəndən biz buradayıq, hələ bizə uşağı vermirlər, gətirib morqa qoyublar, morqda saxlayırlar. Dünəndən uşaq qalıb burda. Uşağı nə vermirlər, nə də bizə göstərmirlər. Bilmirik uşağın başına nə iş gəlib. Versinlər aparaq dəfn edək” – deyə bacısı Ceyran İsayeva bildirib.

Quba rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini Əlyar Sərvərov uşağın ölümünü ananın zədə alması ilə əlaqələndirdi. Onun sözlərinə görə, qeysəriyyə əməliyyatı olunaraq ana xilas olunub, uşaq isə ölü olaraq götürülüb. Körpənin meyitinin ailəyə verilməməsinə gəldikdə isə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Quba şöbəsinin müdiri Çingiz İskəndərov başqa bir hadisə də olduğundan bu prosesin bir neçə saat gecikdiyini söylədi.

Uşağın meyiti artıq ailəsinə təhvil verilib.

Faktla bağlı Quba rayon polis şöbəsində araşdırmalara başlanılıb.