backend

Molla Cümə - 160. Kimdir, Molla Cümə?

Molla Cümə - 160. Kimdir, Molla Cümə?


















Əvvəli burada qaynarxett.az

Molla Cümənin öz dəsti xətti ilə yazıb oğlu Həsənə verdiyi əlyazmalar mövcuddur. Aşıq Ələsgərdən fərqli olaraq Molla Cümə təkcə toylarda saz çalıb oxumaqla, rastlaşdığı adamlara şerlər düzüb –qoşmaqla və aşıqlarla deyişməklə kifayətlənməmış, eləcə də axşamlar evdə oturanda əsərlərini qələmə almağa macal tapmışdır. Onun hazırcavablığı, ustadlığı, ifaçılıq məharəti xalq arasında onlarla rəvayətin yaranmasına zəmin yaratmışdır. Molla Cümə təcrübə qazanmaq, camaatla daim təmasda olmaq, həyatı bilgiləri dərindən oyrənmək məqsədilə həqiqi mənada aşıqlıq etməklə bərabər, həm də Molla Pənah Vaqif kimi əvəzsiz qələm sahibi-şair olmuşdur.

Lakin Molla Cüməni Vaqifdən ayıran bəzi cəhətlər vardır. O, yazılı ədəbiyyatın qayda-qanunlarına riayet etsə də, aşıq sənəti ənənəsini bütün incəliklərinə qədər,dəqiqliklə öz yaradıcılığında yaşatmış, səyyar aşıq tək saz çiynində xalq arasında dolaşmış, şagirdlər yetişdirmiş, dastanlar və şerlər demişdir.
Deməli, Molla Cümınin nə aşıqlığını, nə də şairliyini inkar etmək mümkündür. O, şifahi və yazılı ədəbiyyata eyni dərəcədə xidmət göstərmişdir. Başqa sözlə desək, XIX əsrin ikinci yarısında aşıq poeziyası Molla Cümə və Aşıq Ələsgərin yaradıcılığı ilə öz inkişafının yeni mərhəəsinə qədəm qoymuşdur. Doğrudan da bu iki dahi xalq sənətkarlarının yazdığı aşıq poeziyası əvvəlki çağların sənətkarlarının irsi ilə müqayisədə daha zəngin və rəngarəngdir. Akademik F. Qasımov təsadüfi olaraq yazmırdı ki, XIX əsr Azərbaycan ədəbiyyatında iki böyük saz və söz sənətkarı yetişmişdir, Molla Cümə və Aşıq Ələsgər.

Molla Cümənin əsərlərinin nəşrinə XX əsrin 30-cu illərindən başlanmışdır. Onun haqqında ilk məlumat verən Azərbaycan folklorunun toplanmasında əvəzsiz xidməti olan alim Salman Mümtazdır. Molla Cümə haqqında geniş və daha dəqiq məlumat verən isə Hümmət Əlizadədir. SşMümtaz “El şairləri”, H.Əlizadə “Aşıqlar”, S.Axundov “Aşıqlar”, Ə.Axundov “ Telli saz ustaları” toplularına aşığın şerlərindən seçmələr salmışdır.

Molla Cümənin öyrənilməsində folklorşünas –alim P.Əfəndiyev xüsusi xidmətləri olmuşdur. O, 1966-cı ildə ilk dəfə olaraq Molla Cümənin 162 şeirini kitab şəklində çap etdirmiş, şairin həyat və yaradıcılığını tədqiq etmiş, bir çox qaranlıq məsələlərə aydınlıq gərtirmişdir. Paşa müəllim 1983-cü ildə Şərif İdrisovla birlikdə aşığın ikinci kitabını nəşr etdirməyə müvəffəq olmuşdur. Yorulmaz tədqiqatçının təşəbbüsü ilə 1995-ci ildə Molla Cümənin üçüncü kitabı çap olunmuşdur. Bu həcminə və məzmununa görə sənətkarin əsərlərinin hələ ki çap olunmuş ən mükəmməl toplusudur. Alim özü bildirir ki, “ Bu kitab bizim 30 illik gərgin əməyimizin məhsuludur. Burada həmdə bizim canımız, ruhumuz, ürəyimiz, qanımız, gözümüzün işığı təcəssüm etdirilmişdir. Vaxtilə yalnız bir neçə şeri məlum olan bu böyük söz ustadının əksər əsərlərini xalqa çatdırmağa nail olmuşuq. Bizim ən böyük daxili, mənəvi rahatlığımız elə bundan ibarətdir.”
Molla cüməni öyrənilməsində Dilrubə Qiyasbəylinin xüsusi yeri vardır. O, “Xalq nəğməkarı” adlı kitabça çap etdirilmişdir.

Mövlud Yarəhmədov da bu sahədə az iş görməmişdir. O, əsasən şairin əlyazmaları üzərində işləmiş və həyatı, yaradıcılığı haqqında məqalələr çap etdirmişdir.
Vladimir Qafarov 1984-cü ildə şairin 27 şeirini tərcümə edərək rus dilli oxuculara çatdırmışdır. İstedadlı alim folklorşünas Ramazan Qafarlının səyi nəticəsində Molla Cümənin 2 dastanı və onun həyatı ilə bağlı bir neçə rəvayət Nizami adına Ədəbiyyat İnstitutunun buraxdığı “Şəki folkloru” antologiyasına düşmüşdür.
Molla Cüməyə orta və ali dərsliklərdə xüsusi oçerklər həsr olunmuş, yaradıcılığı barədə B.Vahabzadə, F.Qasımzadə, Y.Qarayev, V.Vəliyev, P.Əfəndiyev, A.Nəbiyev, D.Qiyasbəyli, M.Yarəhmədov, M.Qasımlı, R.Qafarlı, M.Həkimov və b. bəhs etmişlər. Nəzir Eltəkin aşıq haqqında “İsmin Pünhan sorağında” adlı dastan poema yazmış, R.Qafarlı isə aşığın həyatı və fəaliyyətinə “İsmi Pünhan” adlı mənzum dram həsr etmışdir.

Molla Cümə aşıq serinin bütün formalarinda heç vaxt yazılmamış əsərlər kəşf etmişdir. Onun işlətdiyi şer şəkillərinə nəzər salaq; təsnif, gəraylı, ( adi gəraylı, təkrar misralı gəraylı, çarpaz qafiyəli gəraylı, nəqarətli gəraylı, sallama gəraylı, gəraylı –müəmma), qoşma ( adı qoşma, çarpaz qafiyəli qoşma, təkrar misralı qoşma, güllü qafiyə, daxili qafiyə qoşma, qoşma həcv, qoşma qıfılbənd, ciğalı qoşma, qoşma müstəzad), təcniz ( adi təcnis, dodaqdəyməz təcnis, əvvəl -axır hərf üstə təcnis, əvvəl –axir hərf üstə ayaqlı təcnis, dodaq-dəyməz yedəkli təcnis), divani ( adi divani, əvvəl-əvvəl-axır divani müəmma –təcnis ), müxəmməs ( adi müxəmməs, qoəayarpaq müxəmməs, əvvəl -axir hərf üzrə müxəmməs, həcv müxəmməs, cixalı müxəmməs, əlif –lam müxəmməs,ciğalı müxəmməs zincirləmə, müxəmməs qıfılbənd).

Molla Cümə eyni zamanda klassik üslubda şerlər yazmışdır. Onun klassik üslubda yazdığı əsərlərə nəzər salaq; müxəmməs ( müxəmməs-məzumə, müxəmməs –münacim), müsəddəs ( adi müsəddəs, əvvəl –axır hərf üstə müsəddəs, müsəddəs cığalı zəncirləmə, müsəddəs əlif –lam , müsəddəs həcv), müsəbbə, mürəbbe, qəzəl, beyt –məsnəvi.

Molla Cümınin yaradıcılığında şerin törəmə formalarına tez –tez rast gəlirik. Ustad aşıqlar bəzən bir şer daxilində iki və ya daha artıq şer şəklindən istifadə edir. Belə şerlər yazmaq sənətkardan böyük məharət, istedad,hafizə, fəhm, zəngin söz ehtiyatı və bilim tələb edirdi. Molla Cümənin şer yaradıcılığındakı bəzi peyvəndlərə, yəni 1-3 formanın kombimasiyasından yaranmış formalara nəzər salaq; qoşma –bayatı, qoşma –gəraylı –bayatı, qoşma –bayatı, divani –müxəmməs –müsəddəs, müxəmməs –müsəddəs.
Aşığın qoşma -gəraylı –bayatı formasında istifadə edərək yaratdığı şerə nəzər salaq;

Sən mənim dərdimi bilmədin, canan,
İndidən sonra bu dostluöu duala,
Görəndə didarın sənin hər zaman,
Düşər könlüm yüz min iki xəyala.
Xəyal etdin bu sevdanı,
Çağıram qaidir Mövlanı,
Gözumdən töküb al qanı
Çün çəkirəm dərdi –bəla.
Dərd –bəla canda olu,
Cəsəddə, canda olu,
Yar gəlib seyr etməyə,
Açmışam canda dolu.


Molla Cümə şerə qoşma ilə başlayır, gəraylıya və sonra bayatıya keçir. “Canan” adlı bu şerdə ( sonrakı məqalələrdə şerin tam versiyası veriləcək İnşəAllah ) 5 qoşma, 5 gəraylı və 5 bayatı işlədilir. Bu formada şerləri Azərbaycan poeziyasına ilk dəfə Molla Cümə gətirmişdir.

Molla Cümənin çoxu şeirlərində İslama dəvət vardır ,sadəcə insanların coxu bunu dost-doğru anlamazlar. Şeirlərində islamın böyüklüyünü, müqəddəsliyini və toxunulmazlığını ürəkdən gələn sözlərlə bədii şəkildə ifadə edir. Molla Cüməyə görə İslama hörmət və məhəbbət ona əməl etməklə mümkündür. Bu mövzuda şeirləri oxuyanda aydıncasına görürsən ki, islamın müqəddəs qanunlarını, Quranı əlində tutub bu dünyada doğru duzgün ömür sürməyə, gözü açıq olmağa, halal zəhmətlə yaşamağa, düzlüyə çağırır.“Mədəd”, “Bax”, “Dünya”, “Qalacaqmı”, “Yarəb” və başqa şeirlər, Aşıq Könül ilə deyişmələri aşığın islam dünyasına dərindən bələd olduğunu nümayiş etdirməkdədir. Xüsusilə dünyaya müraciətlə söylədiyi bir neçə şeir bu cəhətdən çox səciyyəvidir:
İslamın çırağı, haqqın həbibi,

Məhəmməd Mustafanı (S.A.V) neylədin, dünya?

Aşığın yaradıcılığında nə qədər tarixi, əfsanəvi, dini şəxslərin adları məlum olur ki, onlar haqqında olan əfsanə və xatirələrin hamısı aşığa bəlli olmuşdur: Habil, Qabil, Mənsur, Davud, Süleyman, İsa, Musa, İbrahim Xəlil, Əyyub, Yunis, Adəm, Nuh, Yəqub, Şəddad, Firon, İsgəndər, Nuşirəvan Keykavus, Xosrov Pərviz, Namrud və b. Bəzən bir-iki misra ilə böyük bir İslami bilgilərə, yaxud Quranda keçən bütün Peyğəmbərlərə və həyatındakı olaylara işarə olunur. Bunları oxuduqca onun bilgisinə heyran qalmamaq olmur:

Yüz iyirmi dörd min Nəbi
Dünyaya qılmış zühur,
Yeddi qat yer, yeddi qat göy,
Ərş, kürs, Qafin, Tur.
Şəms, Qəmər, mələk, nücum,
Insi, cins, mari, mur,
Yüz sühufnan endi Tövrat,
Furqani, İncil, Zabur,
İxlasnan Yasin, maha
Oxuyan dildən mədəd.


Molla Cümə çoxlu dastan yazmızdır. Onların əksəriyyəti keçən əsrin 30-cu illərində Aşığın şagirdi Əhməd Qafarovun dilindən yazıya alınmışdır və bunlardır; “Şah Baba ilə Pəri Xanım” , “ Zinhar ilə Mah Əfruz”, “ Şah Səməd və Şəmsi xanım”, “Cəlalı Məhəmməd və Tavat xanım”, “Sayat bəy və Sayalı xanım” , “ Baxış bəy və Leyli xanım” , “ Həsən əminin öküzü”, “Əsli və Kərəm”, “ Molla Cümənin aşıq Könül ilə deyişməsi”. Azərbaycan xalqı dövlət səviyyəsində dəfələrlə Aşıq Ələsgərin yubileyini qeyd edib, elmi konfronslar keçirib, təntənəli yubileylər və şənlikləri keçirilib, əsərlərinin külliyatı nəşr olunub.
Amma cox təəssüflər olsunki, yazılı ədəbiyyatla şifahi ədəbiyyatın qovuşuğunda duran böyük saz və söz ustadı, şəhid şairimiz Molla Cümə yada düşmür. Bu ildə ustad Molla Cümənin anadan olmasının 160 ili tamam oldu və hələdə səssizlik hökm sürür. Necə deyərlər kiminin adamı, parası, kiminində duası. Bizim adamımız, paramız olmasada Allaha dua edirik ki, Allah (C.C) Molla Cümə Babamızı şəhidlər cərgəsində cənnətinə qoyanlardan eləsin İnşəAllah. Ən azından bunu oxuyanlardan xahiş edərdimki, bu sənətkara hörmət əlaməti olaraq bu məqaləni paylaşsin ki, xalqımız belə ustadını unutmasın. Gələcəkdə, İnşəAllah Molla Cümə haqda yeni–yeni şerlərin və həyatı yaradiciliği barəsində geniş məlumatların, oxuyucularımıza catdırmağa çalışacağıq.

Ardı var

Elman Əzizov

"Qaynar xətt" qəzeti. (10-11 dekabr 2014)