backend

Seyidin köməyi ilə İrandan gələn bir torba tiryək...

Seyidin köməyi ilə İrandan gələn bir torba tiryək...















Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitələrin satışında ittiham olunan Gəncə şəhər sakinləri Lətif və Rufan Məmmədov qardaşlarının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


qaynarxett.az xəbər verir ki, Virtualaz.org saytının əldə etdiyi məlumata görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

İstintaq yolu ilə müəyyən edilib ki, Lətif Məmmədov İran İslam Respublikasında yaşayan Seyid adlı şəxslə və digərləri ilə əlbir olaraq külli miqdarda narkotik vasitəni - 1 kq 389,3 qram həşiş və 1 kq 294 qram tiryəki qaçaqmalıçılıq yolu ilə Azərbaycana keçirib və Masallı rayonunda yerləşən “Zirvə” restoranının yanındakı ağacın dibində basdıraraq gizlədib.

L.Məmmədov sonradan narkotik vasitəni satmaq üçün paytaxta gətirib. Narkotik vasitənin satılması üçün qardaşı Rufandan köməklik istəyib. R.Məmmədov da etiraz etməyib.

2014-cü il, aprel ayının 26-da qardaşlar narkotik vasitənin bir hissəsini satmaq məqsədilə kirayə yaşadıqları mənzildən çıxarkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar.

Təqsirləndirilən şəxs qismində dindirilən Lətif Məmmədov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində qardaşı Rufanın Hepatit C xəstəliyindən əziyyət çəkdiyini, son bir ildə onu mütəmadi olaraq Təbriz şəhərinə müalicəyə apardığını göstərib: “Bizə həkim tapmaqda Seyid adlı şəxs kömək göstərmişdi. Buna görə də yaxın tanışlığımız yaranmışdı. Həbs olunmamışdan üç ay öncə qardaşımın analizlərinin cavabını almaq üçün İrana getmişdim. Biləsuvar şəhərində Seyidlə görüşdüm. Külli miqdarda borcum olduğundan Seyiddən xahiş etdim ki, narkotik satışını həyata keçirməkdə mənə köməklik etsin. O da köməklik göstərəcəyinə söz verdi.

Tez-tez telefonla əlaqə saxlayırdıq. Aprelin 12-də Seyid zəng vurub dedi ki, Masallıdakı “Zirvə” restoranının yaxınlığında yolun kənarındakı ağacın dibinə bax, hamısı oradadır. Seyid mənə 2 kiloqram yarım narkotik vasitə göndərməli, mən də satıb ona 8 min dollar verməli idim”.

Təqsirləndirilən şəxs ifadəsində qardaşı Rufanın bu işlərdən xəbərinin olmadığını deyib: “Taksi ilə Masallıya getdim, Seyidin dediyi yerə gedib baxdım. Ətrafda heç kim yox idi. Narkotik vasitəni ağacın dibindən götürdüm, torbanı açıb içinə baxdım. Seyid sözünə əməl etmişdi. Həmin gün də Bakıya qayıtdım, gətirdiklərimi kirayə yaşadığım evdə gizlətdim. Qardaşım Rufanın bu işlərdən xəbəri olmayıb. Rufan heç vaxt Seyidi görməyib. Rufan həkimlərdə olanda Seyidlə bir neçə dəfə söhbət etmişəm. Masallıya getməyimdən də qardaşımın xəbəri olmayıb. Evdə də narkotik vasitəni açıb baxdım, bir daha həşiş qətranı və tiryək olmasına bir daha əmin oldum.

Aprelin 26-da Rufan müəyyən qədər tiryək götürüb tanışlarına satmaq istədiyini dedi. Yaşadığımız evdən çıxarkən MTN əməkdaşları tərəfindən saxlanıldıq. Üzərimizdə olan narkotik vasitə götürüləndən sonra evə baxış keçirildi”.

L.Məmmədov törətdiyi əməldən peşman olduğunu, çoxlu borcu olduğuna görə belə bir cinayətə əl atmaq məcburiyyətində qaldığını, qardaşının dərmanlarına pul tapa bilmədiklərini bildirib.

Təqsirləndirilən şəxs qismində dindirilən Rufan Məmmədov ifadəsində tez-tez xəstəliyi ilə bağlı İrana müalicəyə gedib-gəldiyini göstərib: “İranlı həkimlər mənə 6 aylıq müalicə yazmışdılar. Müalicəni Bakıda davam etdirsəm də İrana müayinəyə gedirdim. Həbs olunmamışdan bir həftə öncə qardaşım Lətif Seyid adlı şəxlə görüşdüyünü və ondan sifariş etdiyi narkotiki evə gətirib saxladığını, satmaq üçün ona köməklik etməyimi xahiş etdi. Evdə gizlədilən narkotikdən kimsənin xəbəri yox idi. Torbadakı həşişdən və tiryəkdən 100 qram götürüb satmaq üçün evdən çıxdıq. Heç kimlə sövdələşməmişdik, danışıq aparmamışdıq, kimə satacağımızı hələ heç özümüz də bilmirdik”.

Təqsirləndirilən şəxs qardaşı Lətifin İrandan narkotik vasitələr gətirməsindən, evdə saxlamasından xəbəri olmadığını deyib. O, əməlindən peşmançılıq çəkdiyini, bu cinayəti törətməkdə məqsədi pul qazanaraq qardaşına və özünün müalicəsinə köməklik göstərmək olub.

Məhkəmənin hökmü ilə Lətif Məmmədov 11 il, Rufan Məmmədov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.