backend

Molla Cümə - 160. Kimdir, Molla Cümə?

Molla Cümə - 160. Kimdir, Molla Cümə?


















Əvvəli burada qaynarxett.az

Dünyanın özü qədər qədim olan Azərbaycanımızın saz və söz dünyasında öz rəngi və parlaqlığı ilə seçilən ulduzlardan birisi də Molla Cümədir.
Molla Cümə 1854 - cü ildə Şəki rayonunun Göynük mahalında, Layisqi kəndində anadan olmuşdur.
Molla Cümənin tədqiqatçıları anadan olma tarixini,


Min üç yüz otuz iki,
Tarixdədir indi sənə,
Altmışa çatmış yaşım.


Misralarına istinad edərək onun 1854 - cü ildə Şəki rayonunun, Göynük mahalının, Layisqi kəndində anadan olduğunu göstərirlər.
Çox təəssüflər olsun ki, 1920 - ci ildə hakimiyyət başına gələn Şura hökuməti və onun ordusundakı erməni daşnakları Azərbaycanın Milli mənəviyyatına qarşı tuşlanmışdılar. Şəkidə yerləşən Qızıl ordu hissələrindəki mənfur qüvvələrin fitvası ilə elə həmin ilin may ayında Molla Cümə faciəli şəkildə şəhid olmuşdur.
Molla Cümə yaradıcılığı bir çox alim və tədqiqatçılar tərəfindən öyrənilsə də, F.E.D Paşa Əfəndiyev tərəfindən əsərləri bir neçə dəfə nəşr edilsə də, ustad aşığın Azərbaycan aşıq şeirindəki yeri lazımınca müəyyən edilməmişdir.
Əsərləri ilə tanış olduqca məlum olur ki, Molla Cümə mükəmməl mədrəsə təhsili almış, ərəb, fars dillərini dərindən mənimsəmiş, İslami hərtərəfli biliyə, dərin dünyagörüşünə malik bir sənətkar olmuşdur.

Ey dünya, fitnədir işin sərasər,
Oyanmaz qəflətdən neçə peyğəmbər,
Həzrəti ƏbuBəkr, həzrəti Ömər,
Həzrəti Osmanı neylədin, dünya?

Yüz iyirmi dörd min müxtəsər nəbi,
Gəlibən getdilər, yoxdur hesabı,
İslamın çirağı, haqqın həbibi,
Məhəmməd Mustafani neylədin, dünya?

Ey dünya, üstündə qalmaz bir əsəd,
Sənə fani demiş Allah əl Saməd,
Gözəllər sultanı binnət Məhəmməd,
Fatimeyi-Zəhranı neylədin, dünya?

Ey dünya, çoxlara salıbsan talan,
Puç imiş axırın, yalansan, yalan,
Allahın yolunda Zülfüqar çalan,
Əlitək aslanı neylədin, dünya?


Molla Cümə aşıqlıq sənətinə çox qədim bir sənət kimi baxırdı. O, bu sənətin mənşəyində şamançılığın, qamançılığın, ozançılığın dayanmasından söhbət açmasa da, bədii bir dildə Adəm peyğəmbərdən üzü bəri gələn bir sənət olduğunu söyləyirdi:

Aşıqlıq Adəmdən icad olubdur,
Ol Adəm atanın nəvəsiyəm mən.
Nə qədər dünyaya aşıq gəlibdir,
Külli aşıqların anasıyam mən.

Aşnayam, gedərəm doğru yolunan,
Bülbüləm, söhbətim olar gülünən,
Danışsalar yetmiş iki dilinən,
Ol qədər arifəm, qanasıyam mən.


Molla Cümənin külli aşıqların anası olması fikri nə qədər mübaliğəli olsa da, müəyyən mənada yaradıcılığında özünü doğruldur. Dövrümüzə kimi gələn bütün el aşıqları bu çeşitlərlə şeir yazmamışlar. Bunuda oxucularımın nəzərinə çatdırım ki, əlyazmalarının çoxusu bəzi fırıldaqçı " şair ve aşıqlar" tərəfindən oğurlanıb və öz adlarına çap olunub.
Bəzi əlyazmalarıda hal hazırda araşdırılır və yeni cildli əsərləridə Allahın iznilə bu yaxınlarda işıq üzü görəcək.
Demək olar ki, aşıq şeirinin bütün şəkilləri onun yaradıcılığında əks olunur və bu nümunələr öz mükəmməlliyi ilə diqqəti cəlb edir. O, əsərlərində təşbehlərdən, metaforadan, bədii ifadə və təsvir vasitələrindən yüksək sənətkarlıqla istifadə etmiş və gözəl sənət nümunələri yazmışdır.
Molla Cümənin əlyazmalarıında da aşıq şeirinin aşağıdakı şəkilləri əsas yer tutur.
a) Gəraylılar
Molla Cümə gəraylılarının əksəriyyəti İslami və aşiqanə mövzudadır.

Əziz yara mehman olan,
Mübarək xas gecəsidir.
Qəmli könlüm bir silkələn,
Eşqə həvəs gecəsidir.


Aşıq xas gecəsində ona dünyada hər şeydən qiymətli olan yarının qonağıdır. Öz könlünü oyadır ki, belə fürsət hər deyəndə ələ düşməz, çəkilən eşq əzabı səni haldan salmasın. Bu yorğunluğu unudub şux olmaq lazımdır.

Mən qurbanam sən tək cana,
Gəl gözümdən getmə yana.
Sağ olsunlar dost, aşina,
Düşmənə yas gecəsidir.


Sevgi ilə nəfəs alan aşıq, yarının gözündən də, özündən də uzaq getməməsi üçün canını belə qurban verməyə hazırdır. Dost aşinaya xeyir - dua edir və bu günün ən gözəl gün olduğunu, onun dəyərini qiymətləndirir. Aşığa elə gəlir ki, düşmənləri onun vüsala çatmağını biliblər, yas içindədirlər.

Yüzüm yüzdə dildə kəlam,
Yuxu bizə olsun haram.
Molla Cümə, al intiqam,
Yardan, qisas gecəsidir.


Sevgilisinin vüsalına yetən aşıq sevdalı gündə, hamı üçün normal olan yuxunu yarını doyunca görmək üçün özlərinə haram hesab edir.
Əslində çəkdiyi eşq əzabından intiqam alırdı.
b) Qoşmaları
Molla Cümə fikri, hissi ümumiləşdirmək bacarığına malik qüdrətli bir sənətkar olduğu üçün onun yaratdığı aşıq şeiri şəkillərinin hamısında olduğu kimi, qoşmalarında da gördüyünü, yaşadığını, duyduğunu gözəl lirik bir məzmunda yazmışdır.

Mən Cüməni ahuzara yetirdin,
Üç dilək istədim, birin bitirdin,
Bu sovqatı cənnətdənmi gətirdin,
Xurma verən əllərinə dolanım.


Xurma ona sevgilisinin əli ilə verildiyi üçün sevgilisinin əlini və xurmanı az qala mifləşdirir, özünü bu əllərə qurban deyir. Yaxud:

Cüməyəm, mən səni yad eyləyirəm,
Saz çalıb, söz deyib şad eyləyirəm,
Bu qədər yanında dad eyləyirəm,
Birgə soruşmursan: nə diləyin var?


Deyən aşıq özünün sevgilisinə olan İlahi səmimiyyətini, gözəlin qəlbinin daşdan da bərk olduğunu kövrək dillə vermişdir.
c) Əvvəl - axırları
Molla Cümə bütöv yaradıcılığında olduğu kimi əvvəl axırlarında da müxtəlif, dərin məzmunlu, şirin axıcı dilinən aydın fikir vermişdir.

Yanıq Cümə oxlanıbdı, yandırıbdı yeri, göy,
Yağar leysan bahar fəsli, nəbat eylər yeri - göy,
Yüz iyirmi dörd min nəbi hörmətinə yeri göy,
Yaxşı eylə ölən vəqtə, ayarım haray - haray.


Sanki şeirdəki fikir hərəkətə gəlir, gözlərin önündə canlanır. Aşıq İslam dininin böyüklüyünü, saflığını bildiyi üçün Haqqın dərgahına xoş əməl sahibi kimi getməyi arzulayır.
ç) Təcnisləri
Aşıq yaradıcılığında könül oxşayan dərin məzmunlu təcnis yaratmaq xüsusi məharət, zəngin bilik, şirin təb tələb edir.

Axar yaşın qoy tökülsün ayağa,
Oğrun - oğrun qovrilginən ayağa.
Əzəl - axır cəsəd girər ay ağa,
Onda neylər düşsə didar - didara.


Eyni adlı başqa - başqa məna bildirən qafiyələri ustad aşıq elə məharətlə istifadə etmişdir ki, bu da təcnislərinə məna və məzmun dolğunluğu vermişdir.
d) Divaniləri
Molla Cümə divaniləri müxtəlif məzmunludur. O bəzən öz - özünə üz tutur.

Molla Cümə, öz - özünü yekələtmə dilindən,
Yaxşılığın durmuş ikən, yaman gəlməz əlindən,
Hərə eylər yüz böhtanı çevriləndə dalından,
Başın alıb qaç bir yana, dərbədər dövranıdır.
Xalqa deyəsi nəsihətamiz fikri özünə deyir.


Ustad sənətkarın yaradıcılığında belə maraqlı tərəflər çoxdur.
e) Müxəmməsləri
Aşıq yaradıcılığında qüdrətli söz ustadının müxəmməsləri orjinal təsvir, şux tərənnüm, fikir aydınlığı və çox incə lirik axıcılığı ilə seçilir. Hər bəndin sonunda gələn qafiyəni, ondan sonra gələn bəndin birinci misrasının, birinci sözündə işlətməsi müxəmməsə zərif lirik dad verir, onu daha da şirinləşdirir.

Oxşarsan İsmi Pünhanə,
Dərdindən öldüm Alagöz.
Alagöz İsmi Pünhana,
Əvvəl baxışın oxşayır.
Həm gözün, kəm kirpiyin,
Həm qələm qaşın oxşayır.


Misgin Abdalın yaradıcılığını tədqiq edən F.E.D Hüseyn İsmayılov Misgin Abdalın çox kamil təcnislər yaratdığını söyləyir. Alimin bu fikrini Molla Cümənin müxəmməslərinə də şamil etmək olar.
Molla Cümənin kitabda bəzi müxəmməsləri beş misra ilə verilmişdir. Aşıq yaradıcılığında bildiyimiz kimi hər misra ikiyə bölünərək beş misralıq bənd, on misra verilir. Yaxşı olar ki, gələcək nəşrlərdə bu nəzərə alınsın.
Məncə tədqiqatçı Molla Cüməni şair hesab etdiyi üçün bəndləri beş misradan ibarət vermişdir.
ə) Müsəddəsləri
Molla Cümə hərdən sevdalı könlü ilə danışır ki, dövranın sənə vurduğu yaraların ağrısını çəkib qurtara bilmirsən, amma bir gözəl görəndə gözün gözəllikdən

doymur, dərdin, əzabın üstünə təzələri gəlir.
Bixəbərsən ey könül, nə eyləmiş dövran sənə,
Dərdin artmış dəryadan, etməz əlac loğman sənə,
Yanğılısan ol qədər, kar eləməz ümman sənə,
Ah çəkib ağlagilən gəlibdir bir mehman sənə,
Bixəbərsən, ey könül, nə eyləmiş dövran sənə?!


Öz könlünə Yaradana üz tutub dua, şükür etməyi məsləhət bilir ki, yerin, göyün sahibi də səndən mərhəmətini əsirgəməsin. Əlacın loğmanda yox, Alllah C.C görür.
f) Müsəbbələri
Qüdrətli söz ustadının müsəbbələri oynaqlığı, diriliyi ilə adamda elə təsəvvür yaradır ki, sanki onun müasirisən, onu ölməz sənətkarın öz dilindən dinləyirsən.

İstədim gəlib görəm, ayağıma vuruldu bənd,
Qol qanadım bağlanıb, boynuma salındı kəmənd,
Atlanıb çıxdı könül, o yolda yoruldu səmənd,
Dedilər görüb onu necə dözərsən ay ləvənd,
Bilmirsən necə sitəm oldu yaman Məhəmmədə?!
Ol cavan Məhəmmədə, ol növcavan Məhəmmədə!
Xoşməzaclı, xoşqılıq, şəkərzəban Məhəmmədə!
Şeirdəki qəmli ovqat oxucunu bürüməyə başlayır.
g) Tərcibəndləri
İsmi Pünhan aşiqiyəm, Cümə derlər adıma,
Sidq ilə "ah" eyləsəm, qatlaşa bilməz oduma,
Hərdən bir haraylaşsam gəlib yetişər dadıma,
Dilimdə zikrim odur, düşməyir kimsə yadıma,
Bülbülü görən laçın sağsağanı qılmaz yeri,
Yeri - yeri dinməz yeri, a boynu dönməz yeri,
Sənin kimi itqılıq həqdən utanmaz yeri.


(Halal südəmməz yeri!)
Dilin əngin imkanlarından məharətlə istifadə edən ölməz sənətkar nəyi görürsə, duyursa onun əbədi portretini yaradıb və yaşadıb.

ğ) Zəncirləmələri
Dilbərim sənsən mənim, ay təzə növrəstə gülüm,
Ay qabaqda tellərin durur dəstə - dəstə gülüm,
Hər vaxtda görsəm səni mən düşərəm xəstə gülüm,
Gül yanaqdan bir busə şəfqət eylə dosta, gülüm,
Of səni qucaqlayım basım bağrım üstə, gəlin!

Qucaqlayım belin yar,
Sığallayım telin yar.
Ver əlimə əlin, yar,
Sal boynuma qolun yar.
Aman məni yandırır,
O şirincə dilin yar.
Dilin bülbüldü,
Yanağın güldü,
Saçın sünbüldü,
Sinən qəndildi,
Birgə insaf etgilən,
Aşığın öldü.


Öldürmə mən yazığı, ay şahü sərdarım, gəlin!

Ustad ağıl və təxəyyülün birliyindən canlı, gözəl nümunə yaratmışdır.
h) Qıfılbəndləri
Qıfılbəndlər aşıq yaradıcılığında sirr, sehrlə dolu poetik söz iksiridir. Deyişmə zamanı aşıqlar qıfılbənddə məna və müəmma ilə zəngin dərin fikirlərlə aşığın əyarını təyin edirlər.

Cümə, fanaram,
Dəymə, sınaram,
Fikrin qanaram,
Sən bizə gəlsən.
x) Dübeytiləri


Heca və misra sayına görə dübeytilərdə fikri vermək yüksək sənətkarlıq tələb edir.

İsmi Pünhan göl sonası,
Eylər məni eşq anası,
Düşübdür könlünə kəklik,
Yaxşı olur çığırtması.


Molla Cümə İsmi Pünhanı sonralar görmədən onun incə hisslərini duyub ruhu oxşayan gözəl məzmunlu, axıcı dilə malik şeirlər və dübeytilər yazmışdır.

l) Gözəlləmələri
Yol açmışam canda, yar gəlib gəzsin,
Basıb tapdalasın, bağrımı üzsün,
Bir kərə öldürsün, əlimi üzsün,
Susasın qanıma, batsın babala.
Babal olar gözəllərdə,
Eşitmişik əzəllərdə.
İki mələk, yaz illərdə,
Çiynin üstə edib nalə.
Nalə edər hər gün ahu,
İşləmə hər günahı.
Üzüm haqda, dil duada,
Çəkərəm hər gün ahı.


Gözəlləmələrdə də ustadım əvvəlki şeir şəkillərində olduğu kimi, bədii rəngarənglik, əlvanlıq, məzmun dolğunluğu, fikir obrazlılığı axıcılıqla şeiri tamamlayır.

Molla Cümə yaradıcılığı həm də klassik ədəbi janrları əhatə edir.

Molla Cümənin şerlərinə mahnılar qoşulmuşdur. Aşıqlar şeirlərini el şənliklərində oxuyurlar. Bu da özündən sonra gələn aşıqlara, estetik, ədəbi bədii təsirini göstərir.

Ardı var

Elman Əzizov

"Qaynar xətt" qəzeti. (12-14 dekabr 2014)