backend

“Dövlət sənə etibar edib akademik seçib, nazir qoyub ki, sən bu silahla oynayasan?”

“Dövlət sənə etibar edib akademik seçib, nazir qoyub ki, sən bu silahla oynayasan?”























“Bizdə bəzi adamlar, nazirlər başqa sevdaya düşüblər”

Müsahibimiz Memarlıq və İnşaat Mühəndisləri Universitetinin Ekoloji mühəndislik kafedrasının müdiri, Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, professor Fəqan Əliyevdir. Tanınmış professorla radiasiya təhlükəsi, Azərbaycanda tikilməsi planlaşdıran Atom Elektrik Stansiyası ilə bağlı söhbəti təqdim edirik.

- Fəqan müəllim, ilk olaraq ondan başlayaq ki, paytaxtda radiasiya şüalanmasının səviyyəsi ilə bağlı vəziyyət necədir? Belə bir təhlükə varmı?

- Bakı-Abşeron yarımadası neftlə zəngin olan ərazidir. Neft olan yerdə radiasiya yüksək olur. Neft olan yerdə radon qazı olur. Radon uranın parçalanıb qaz halına keçməsi deməkdir. Abşeron yarımadasında radon qazı var. Radiasiya fonu yüksəkdir. Azərbaycanda 165 ildir ki, neft çıxarılır və bu səbəbdən böyük tullantımız var. Abşeron yarımadası çox böyük şlam radiasiya neft qalığı tullantısı yeridir. Bunlar da radiasiya fonunu artırır. Üstəlik yeni tikilən binalar sayəsində Bakı bir meqapolisə çevrilib. Hündür, şüşəli binalar da radiasiya fonunu artırır. Bir məsələni də qeyd edim ki, son zamanlar dövlət başçısının və onun xanımının təşəbbüsü ilə əkilən ağacların sayı artır. Ağacların hissəciklərinin tullantıları, radiasiyanı obsorsiya etmək, udmaq qabiliyyəti var. Və yaxud da fontanların artması xoşagələn hallardır. Bunlar da radiasiyanın müəyyən qədər qarşısını alır. Baxmayaraq ki, dəniz çirklidir, böyük bulvarın tikilməsinin də əhəmiyyəti var. Bu çirklilikdən buxarlanma əmələ gəlir, radiasiya fonunu artırır. Dəniz kənarında olan ağaclara da onun təsiri böyükdür.

- Neft tullantılarından başqa, daha nələr radiasiya yaratmaq qabiliyyətinə malikdir?

- Sənaye tullantılarını bura aid etmək olar. Məsələn zavodların, fabriklərin istehsal etdiyi məhsullardan əmələ gələn tullantılar da radiasiya yaradır. Həmçinin, məişət tullantılarını da qeyd etmək olar. “Təmiz şəhər” tikilir. Fransızlarla birgə böyük bir mərkəz inşa olunub. Tullantıların yandırılıb onlardan enerji alınması, həm də regenerasiya olması kimi məsələlər var. Bu dünyanın sənayeləşmiş ölkələrində baş verən hadisədir.

- Dediniz ki, Bakıda radiasiya təhlükəsi var. Bəs radiasiyanın insanlara nə kimi ziyanları var? Bu, hansı fəsadlar tərədə bilər?

- Qeyd etdiyim kimi tullantılar torpağa, hava və suya gedir. İnsan yarandığı gündən torpaqla, hava və su ilə qidalanır. Bunların hər üçü qidadır. Su, torpaq, hava meyvə-tərəvəz, taxıl verir. Bunlar da su və hava ilə bağlıdır. Onların təmizliyi də bu 3 komponentlə bağlıdır. Radiasiya fonunu artıran faktor Bakının neft-qaz sənayesi şəhəri olmasıdır. Bu danılmaz faktdır. Bunun da nəticəsində xəstəliklər yaranır. Məhz bu səbədən uşaqlar, böyüklər arasında müxtəlif xəstəliklərə rast gəlinir. Səhiyyə nazirliyi bununla bağlı məlumatları da diqqətə çatdırır. Abşeron yarımadası 3 tərəfdən dənizlə əhatə olunub. Abşeron yarımadasında yodlu hava bəzən ağacları yandırır. Külək şəhəri yuyur. Əgər Bakı küləkli şəhər olmasa, burada yaşamaq mümkün olmaz. Bu bir faktdır. Bakıda 3 milyona qədər əhali yaşayır. Axı bu yarımadanın tutumu bu qədər deyil. İndi hökumət qara şəhəri, zavodları, böyük gəmiçilik tərsanılərini başqa ərazilərə köçürür. Bu yaxşı haldır. Buna baxmayaraq tikinti, yaşayış artır. Tikintinin, əhalinin artması da radiasiya fonunu artırır.

- Bakıda radiasiya təhlükəsi yaradan müəssisələr varmı?

- Belə bir müəssisə yoxdur. Əvvəllər lampa zavodu var idi. Onun tullantıları var idi ki, zərərli idi. Keçmişdə bizim kimya zavodları çoxlu xlor istehsal edirdilər. Dünyada xlor ən zərərli material hesab olunur. Xlorun iki böyük zərəri var. Birincisi, xloru almaq üçün böyük enerji sərf olunur. İkinci də, xlordan alınmış məhsullarda zəhərli maddələr var. Bu karbon qazını yaradan faktordur. Bakıda radiasiya fonu yaradan sənaye ocaqlarının olmadığını deyə bilərəm.

- Azərbaycanda radiasiya tullantılarının zərəsizləşdirilməsi üçün xüsusi yerlər varmı?

- Ölkədə təhlükəli tullantıların basdırılması üçün yerlər var. Sumqayıt şəhərində xlorla bağlı olan tullantıların hamısı xüsusi zonada basdırılıb. Bunlar hamısı xüsusu salafanların arasında basdırılır. Belə zərərli maddələr hidrogeoloji təsirə malikdirlər. Onlar suya düşüb bütün Abşerona yayıla bilərlər. Ona görə də Pirəkəşkül ərazisində zərərli tullantıların zərəsizləşdirilməsi prosesi həyata keçirilir.

- Son vaxtlar Azərbaycanda Atom Elektrik Stansiyasının inşa ediləcəyi məsələsi gündəmə gəlib. Alternativ enerjini təmin etmək üçün küləkdən enerji alınır. Azərbaycan günəş panelləri istehsal edir. Xeyli sayda yeni elektrik stansiyaları tikilib. Bərk Tullantıların yandırılmasından da enerji tədarük edilir. Azərbaycan kiçik ölkədir. Ekoloji durumu da o qədər ürəkaçan deyil. AES inşa etməyə nə zərurət var?

- Çox gözəl sualdır. Azərbaycanda nüvə energetikasından istifadə etmək ağılsızlıqdır. Tibb sahəsində istifadəsini qəbul edirəm. İlk olaraq onu qeyd edim ki, Azərbaycanda nüvə enerjisi üzrə mütəxəssis yoxdur. Ərazimiz çox məhduddur. Rusiyanın bir tərəfində gün çıxanda, o biri tərəfində batır. Rusiyanın elə bataqlıq sahəsi Azərbaycanın ərazisindən çoxdur. Torpağımız qızıl, suyumuz qızıl, təbii sərvətlərimiz var. Meşələrimiz azdır. Vaxtilə Azərbaycanda 40 faiz meşə var idi. İndi isə bu rəqəm 11 faiz təşkil edir. Bunun haqqında fikirləşmək bəşəriyyətə qarşı üsyandır. Xalqımıza qarşı düşmənçilikdir. MAQATE bizim kimi respublikalarda bu enerjinin istehsalını yaradıb, Avropa ölkələrinin enerji təminatını ödəmək istəyir. Bu qədər ərazimiz var? Haradan alacağıq uranı? Bəzi ağzıgöyçəklər, özlərinə alim deyənlər guya bunun Azərbaycanda mümükünlüyünü deyirlər. Torpaqlarımızın 20 faizi işğal olunub. Bu torpaqlar qayıdacaq. Əgər biz bunu atom enerjisinə versək o işğaldan da ağırdır. Orada əhali yaşaya bilməz. Radiasiya fonunda canlılar qırılacaq. Meşələrimiz məhv olacaq. Belə hesab edirlər ki, Balakəndə, Zaqatalada meşələri qırsınlar onun yerində uran istehsal etsinlər. Ona görə də bu haqda fikirləşmək ağılsızlıqdan başqa bir şey deyil. Fransa tullantıları Afrikada basdırır. Biz harada basdıracağıq? Çernobil, Fukusimo hadisəsi bəşəriyyətə dərs olmadımı? Çenobılın müəllifi akademik Liqasov özünü asıb öldürdü ki, mən bəşəriyyət qarşısındakı günahımı ölümümdə görürəm. SSRİ Elmlər Akademiyasının prezidenti Aleksandrov qarğış elədi özünə ki, kaş alim olmayaydım. İndi bizim keçmiş Radiasiya İnstitutunun direktoru Adil Qərivov, Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov və bu nazirliyin başbilənləri bu sevdaya düşüblər. Çox təəssüf edirəm. Niyə görə bunula bağlı ictimai müzakirələr aparılmır? Azərbaycanda nüvə enerjisi bircə Adil Qəribovamı qalıb? Adil Qəribov atom enerjisi üzrə mütəxəssisdir? Dövlət sənə etibar edib akademik seçib, nazir qoyub ki, sən bu silahla oynayasan? MAQATE hamını bir az maraqlandırıb. Balığı tutmaq üçün qarmağın ucuna taxılan kimi bir şey taxıb bunların ağzını sulandırıb. Xoşagəlməyən problemlərlə üzləşə bilərik. Əminəm ki, dövlət başçımız buna imkan verməyəcək. Digər dövlətlərə gəldikdə isə İranın məqsədi aydındır. Bu ölkə uran istehsal edib bomba düzəldir. Özünümüdafiəni düşünür. Orada enerji almaqdan söhbət getmir. Heç kəsə papaq tikməyə ehtiyac yoxdur. Bunu hamı bilir. Şimali Koreyanın atom silahı var. Almaniya kimi qüdrətli, sənayesi güclü olan dövlət bu işdən imtina edib. Güclü olan bir dövlət atomdan imtina etdiyi halda, biz isə bu haqda düşünürük. Bizim təbii resursumuz çoxdur. Deyirik ki, dünyada olan 11 iqlimdən 9-u Azərbaycandadır. Bu sərvət deyilmi? Bu sərvətdən istifadə etmək lazımdır. Ağlımızı, pulumuzu bura işlədək. Atom enerjisindən kim xeyir götürüb ki, bizdə götürək? İndi də Türkiyəni Rusiya bu işə sövq etmək istəyir. İnanmıram ki, Türkiyədə insanlar buna icazə versinlər.

- Hesab edək ki, Azərbaycanda Atom Elektrik Stansiyası inşa olundu. Ukraynada, Fukusimada baş verən hadisələrdən yan keçdik. Radiasiyanın gətirdiyi başqa problemlər varmı, əgər partlama ya da sızma təhlükəsi olmazsa?

- Əgər tikilərsə tullantılar harada basdırılacaq? Azərbaycanın hidrigeologiyası kiçikdir. Yeraltı sulardan istifadə edə bilməyəcəyik. Əgər uran istehsal etsək hansı dağı qazacaqsan? Zaqatalanı, Balakəni başqa yerə köçürəcəksən? Meşələri qırmalısan? Dünyada nano texnologiyalar tətbiq edilir. Bərpa olunan enerji mənbələri axtarılır. Nüvə enerjisi parametrləri optimizasiya olmur. İdarə olunmur. İdarəolunmayan termodinamik parametrlər haqqında söhbət gedə bilməz. Azərbaycanda 30 çay var ki, onlardan 40 milyard kilovat enerji almaq olar. Dənizdə külək enerjisindən istifadə etmək olar. Termal sulardan, bioqazlardan yararlanmaq olar. Bizdə enerji itkisi 30 faizə gəlib çıxır. Nano örtüklü binalar öz-özünü enerji ilə təmin edir.

R.ZEYNALLI/Analitik