backend

ADP İDARƏ HEYƏTİ NÖVBƏTİ TOPLANTISINI KEÇİRİB

ADP İDARƏ HEYƏTİ NÖVBƏTİ TOPLANTISINI KEÇİRİB















ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

Toplantı iştirakçıları ilk növbədə Vaşinqtonda Amerika Azərbaycanlıları Demokratiya Uğrunda (AZAD) təşkilatının keçirdiyi dinləmələrdə Azərbaycan hakimiyyətinə qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi ilə bağlı səslənən fikirlərə münasibət bildirib. İdarə Heyəti bu dinləmələrdə analitiklərin, xüsusilə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri R.Kozlariçin və “Freedom House” beynəlxalq hüquq müdafiəsi təşkilatının sabiq direktoru D.Kramerin Azərbaycanda insan haqlarının pozulması, hakimiyyətin korrupsiyalaşması, siyasi məhbus problemi, vətəndaş cəmiyyəti institutları rəhbərlərinə, müstəqil mətbuat nümayəndələrinə, siyasi müxalifət təmsilçilərinə qarşı repressiya və həbslərin tətbiq edilməsi ilə bağlı səslənən bəyanatların reallığı əks etfirdiyini bildirib və hakimiyyəti dunləmələrdə qırmızı xətt kimi keçən bu neqativləri aradan qaldırmağa, insan hüquq və azadlığı ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə, siyasi məhbus məsələsinə son qoymağa, siyasi mötivlərlə həbs edilmiş şəxsləri azad etməyə çağırıb. Eyni zamanda partya yetkililəri tətbiq edilən sanksiyaların Azərbaycan dövlətinə qarşı yönəlməsinin deyil, korrupsiyada, insan hüquqlarına sayqısızlıqda, vətəndaşların mülkiyyət hüquqlarına qəsddə adı hallanan, yerli və beynəlxalq qanunların tələblərini pozan ayrı-ayrı məmur-oliqarxlara, hakimiyyət nümayəndələrinə tətbiq edilməsinin tərəfdarı olduğunu qeyd edib.
İdarə Heyəti ABŞ Senatında Rusiyanın aqressiyasına cavab olaraq “Ukraynanın azadlığının müdafiəsi haqda akt” adlı qanun layihəsini qəbul edilməsi, adı çəkilən ölkəyə, eyni zamanda Gürcüstan, Moldova dövlətlərinə hərbi müttəfiqlik statusunun verilməsi ilə bağlı qəbul edilən qərarı müsbət dəyərləndirib və bu addımların həmin ölkələrin Avro-Atlantik məkana inteqrasiya olunması yolunda mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. İdarə Heyəti Azərbaycan hakimiyyətinin Qərblə, o cümlədən ABŞ-la uzlaşmayan siyasətinin nəticəsi olaraq belə bir qərarın Azərbaycana şamil edilməməsindən təəssüfləndiyini bildirib və hakimiyyəti xarici siyasət kursunda Qərbə inteqrasiyanı prioritet olaraq rəhbər tutmağa, ölkənin iqtisadi, sosial, siyasi sferalarda Qərb dəyərləri ilə uzlaşma istiqamətində inkişaf etdirməyə çağırıb.
İdarə Heyəti Çeçenistanda baş verən terror aktından sonra terrorda adı keçən şəxslərin qohumlarının evlərinin yandırılması, onların deportasiya edilməsi faktlarından ciddi narahat olduğöunu bildirib və bu hərəkətləri beynəlxalq hüquq normalarına zidd, insanlığın əksinə olan hərəkət kimi dəyərləndirib. Həmçinin baş verən hadisələrin miqyasının genişlənməsindən dolayı bu hadisələrin regiona, o cümlədən Azərbaycana sıçraması təhlükəsindən narahatlığını bildirən partiya rəsmiləri hakimiyyəti təhlükəsizlik tədbirlərini artırmağa, Azərbaycanı sanksiyalarla üz-üzə qoyan, olimpiadanın keçirilməsini risk altına salan Qərbə yönəlik hədələyici çıxışlara son qoymağa və ölkədə vətəndaş həmrəyliyinə stimul verən uzlaşma siyasətini izləməyə çağırıb.
İdarə Heyəti Gəncə bölgəsi Nizami rayonunda evləri sökülən vətəndaşlarla icra nümayəndələri arasında baş verən insidentdən, bu hadisədən sonra bir neçə şəxsin həbs edilməsi, onlara təzyiqlər göstərilməsi faktından ciddi narahat olduğunu bildirib. İdarə Heyəti bundan əvvəl də bir neçə bölgədə bu cür hadisələrin yaşanmasına diqqət çəkərək yaranan insidentlərin daha çox məmur özbaşınalığından, hakimiyyət nümayəndələrin xalqla aqresssiv davranışından, rüşvət və korrupsiyanın cəmiyyətin dərin qatlarında kök salmasından, sosial ədalətsizliyin hökm sürməsindən qaynaqlandığını bildirib və daxili sabitliyin pozulmasına yönələn bu cür narazılıqların aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb. Partya yetkililəri ölkə prezidentinin seçki ərəfəsi vətəndaşların mülkiyyət hüququnun toxunulmazlığı, qeyri-qanuni tikililərin sənədlərinin rəsmiləşdirilməsi üçün tədbirlər görülməsi ilə bağlı verdiyi vədlərin məmurlar tərəfindən kobud şəkildə pozulmasını diqqətə çatdırıb və ölkə başçısını onun göstərişlərini pozan məmurlar barədə ölçü götürməyə, həbs edilən şəxsləri dərhal azadlığa buraxmağa çağırıb.
İdarə Heyəti Müsavat partiyasının keçirdiyi etiraz aksiyasına münasibət bildirib və bu cür aksiyaların hansı tərkibdə, hansı sayda keçirilməsindən asılı olmayaraq demokratik cəmiyyətin tələbləri baxımından müsbət dəyərləndirib və hakimiyyət yetkililərini şüarlarda əksini tapan tələbləri yerinə yetirməyə, vətəndaşların haqlı etirazlarına sayqı ilə yanaşmağa və ölkədə hökm sürən qanunsusluğa, insan haqlarının pozulmasına, siyasi məhbus probleminə, söz, mətbuat azadlığına qarşı aparılan siyasətə son qoymağa çağırıb.