backend

AVROPALIYIQ

AVROPALIYIQ



















AVROPALIYIQ

Çadır şəhərciyində illərdi səbrini xərcləyən yurd həsrətli tələbəlik dostum Əli Mustafayevə


Gözün aydın, Əli can, gör necə avropalıyıq!
Şükür et Allahına hər gecə, avropalıyıq!

Yandırıb-yaxdı qağa, bir Qarabağ dərdi bizi
Karapet soncuq atıb çöllərə göndərdi bizi,
Çadırda yardım ovu pərtova döndərdi bizi
Dinmə, aləm qarışar, ay dəcəl, avropalıyıq!
Şükür et Allahına hər gecə, avropalıyıq!

Xəzərdə neft tapılıb, dəvət edək ingilisi,
Niyə iranlı gəlib beynimizi dəng eləsin?
Hərə bir cür daraşıb məmləkəti süng eləsin,
Bacaran başda qapar, müstəcəb avropalıyıq!
Şükür et Allahına hər gecə, avropalıyıq!

Belə cənnətdi Bakı, dumduru, saf Şolları var,
Şəhərə can gətirən gör nə qədər qolları var!
Şolların hesabına əcnəbinin dolları var,
Burda hər şey qoyulub hərraca, avropalıyıq!
Şükür et Allahına hər gecə, avropalıyıq!

Hamı ahəstə yeyər, ölkə olar yem dayıya,
Urusa verdiyini indi verər Sem dayıya,
Sözə bax, dinmə qağa, yapma problem dayıya,
Firəngə, almana göstər, necə avropalıyıq!
Şükür et Allahına hər gecə, avropalıyıq!

İl-ili üstələyir, baş qatır ATƏT hələ də,
İşğalı dəbbələyir, dəm vurub «üç mərhələ»dən,
Dözürük müti kimi, çıxmarıq e hövsələdən,
Bir az da səbri basaq, çün əcəb, avropalıyıq!
Şükür et Allahına hər gecə, avropalıyıq!

Baş qatır Uorliklə Pyer Anri Fasyefason,
Bu harın dəmkeş İqor, işvələnir müsyöfason,
Üçü bir bez qırağı: üzdə mələk, dosye-mason,
Canına salma bicin vicvicə, avropalıyıq!
Şükür et Allahına hər gecə, avropalıyıq!

Odur ey, lərzə gəlib Yevrosovetin sarayı,
Ora çatmayır fəqət, çadırda qaçqın harayı,
«Vizitor»lar Bakıda siyasi məhbus arayır,
Tapsalar qışqıracaqlar, becə avropalıyıq!
Şükür et Allaha gəl hər gecə, avropalıyıq!

Torpağı qarış-qarış qayçılayan haqqa çatır,
Milləti-xalqı bölüb parçalayan haqqa çatır,
Yurdu tar-mar eləyib od calayan haqqa çatır,
Alma qardaş bunu sən heç vecə, avropalıyıq!
Şükür et Allaha gündüz-gecə, avropalıyıq!

Fəaliyyət Qurbanov