backend

Əhmədzadələrin özəlləşdirdiyi rayon

Əhmədzadələrin özəlləşdirdiyi rayon















Qax rayonunun bütün vəzifələri, turizm və biznes sahələri nəzarət altındadır

Qax rayonundan verilən məlumata görə rayonun bütün turizm sahələrini nəzarətinə alan Meliorasiya və Su təsərrüfatı ASC rəhbəri Əhməd Əhmədzadə hazırda Qaxın mərkəzi küçələrində ticarət obyektləri tikdirir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkəliyev tikilən obyektlərə şəxsən özü nəzarət edir və görülən işlərlə mütəmadı olaraq maraqlanır. Qeyd edək ki, Musa Şəkəliyevin Əhməd Əhmədzadə ilə qohumluq əlaqələri var və icra başçısı vəzifəsinə məhz Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinin havadarlığı ilə gətirilib.
Bizə daxil olan məlumatda göstərilir ki, Qax, Zaqatala və Balakən rayonlarında möhkəmlənən Əhmədzadələr bu regionda müxtəlif turizm obyektlərinə, otellərə, restoranlara və çoxlu sayda müxtəlif sahəli obyektlərə sahibdirlər. Məlumatlı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə adı çəkilən rayonlarda bütün biznes sahələrinə Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə nəzarət edir. Bildirilir ki, Qax, Zaqatala və Balakən rayonlarındakı bütün biznesa sahələri, obyektlər, otellər və tikilməkdə olan mağazalar Cuma Əhmədzadənin adına olan "Uluyurd” MMC şirkətinin nəzdindədir. Qeyd olunur ki, hazırda Qax rayonunda olan"El Resort beş ulduzlu otel, "Yaşıl park”, "Ulu”, "İmproteks”, "Ballı bulaq”, "Qafqaz” " Eden” park hotel, "Səngər qala” istirahət mərkəzləri, "Şəfa” istirahət və müalicə ponsionatı, "İlisu” ponteonatı və "Ulu Dağ” turizm mərkəzləri Cuma Əhmədzadəyə məxsusdur. "El Resort” otelində bir gecənin ən ucuz qiyməti yaya aylarında 120 manatdan başlayır. Yuxarıda qeyd etdiyimiz istirahət mərkəzləri və turizm obyektləri yay aylarında turist sayından bol olması və qiymətlərin od tutub yanması ilə seçilirlər. Amma ASC sədrinin oğlunun ildə əldə etdiyi milyonlarla manat gəlirlərdən dövlətə çox cüzi vergi verdiyi qeyd olunur.
Qeyd edək ki, hazırda Zaqatala rayon icra hakimiyyətinin başçısı olan Ə.Əhmədzadənin qardaşı Mübariz Əhmədzadə əvvəlcə Qax rayonunun İH başçısı olub. M. Şəkiliyev Əhmədzadələrin xalası oğludur. Ümumiyyətlə, bu nəsildə vəzifəni bir-birinə ötürmək ənənəsi var. Məsələn, Əhmədzadələrin digər qardaşı Fərman Əhmədzadə Qax Rayon xəstəxanasının baş həkimi olub. Keçən il kabinetində ürək tutmasından həyatını dəyişən Fərman Əhmədzadənin yerinə oğlu Tərlan Əhmədzadə keçib. Qayıdaq Qaxın hal-hazırkı icra başçısı Musa Şəkiliyevə.Demək olar ki, xalaoğlu Şəkiliyev Əhmədzadələrin əlində boş fiqurdur, Qax yenə də tamamən onların nəzarətindədir. Amma yerli camaat Musa Şəkiliyevdən çox narazıdır. Əhali ona rayonun başçısı yox, bir nömrəli biznesmeni adını verib. Belə ki, Qaxın meşələri hesabına mebel biznesini genişləndirən Musa Şəkiliyev ailə ənənələrinə uyğun olaraq rayondakı ən böyük müəssisə olan "Qax Tütün”ün sahibi Eldəniz Şəkiliyevlə birləşərək böyük gəlir əldə edir.
Rayonda Əhmədzadələrin də böyük biznesi olduğunu nəzərə alsaq, Musa Şəkiliyevə fəaliyyət üçün çox az sahə qalıb. Buna görə də icra başçısı xüsusi amansızlıqla əhalini istismar edir. Xüsusən də İlisunun kurort zonası tanınması üçün çalışan ailə yerli camaatın burda hər hansı sahibkarlıqla məşğul olmasına imkan vermir. Xırda sahibkarlıqdan dolanan əhali indi bundan da məhrum olub. Yerli əhalinin meşələrdən ağac kəsib mebel sexlərinə satılması da qadağan olunub. Bu iş sadəcə icra başçısının monopoliyasına alınıb. Əhalinin şikayət edəcəyini bildiyinə görə, icra başçısı Musa Şəkiliyev onların Qaxda İlisu-Sarıbaş yolunda Hamamçay çayı üzərində salınmış körpünün açılışında iştirak edən Prezident İlham Əliyevə yaxınlaşmasına imkan verməyib.
İlisu kəndinin icra nümayəndəsi təyin olunan Həşim Həsənov keçmiş icra başçısı Mübariz Əhmədzadənin qızının baldızı əridir. Mübariz Əhmədzadənin kürəkəni Elyar isə Rabitə Nazirliyində məsul vəzifədədir. Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qax Rayon Şöbəsinin müdiri Vüqar Əhmədzadə də bu nəsildəndir.

Mövzunu davam etdirəcəyik.